Probiotik və prebiotik nədir?

Probiotik və prebiotik nədir?
 

Paralel.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. AQTİ-nin Keyfiyyətə nəzarət departamentinin mütəxəssisi Gülnarə Quluzadənin hazırladığı budəfəki maarifləndirici mövzumuz isə probiotik və prebiotiklərin xarakterik xüsusiyyətləri, eləcə də onların istifadəsi haqqındadır.

Funksional qida məhsulu olan probiotik və prebiotiklərin insan sağlamlığı üçün əhəmiyyəti böyükdür. Onları müvafiq miqdarda istehlak etdikdə, xüsusilə də bağırsağın mikroflorasını gücləndirməklə bir çox xəstəliklərdə profilaktik rol oynayır. Qeyd edək ki, bağırsaq florası və ya bağırsaq mikrobiotası adlandırılan bağırsaq bakteriyaları orqanizmdə bir çox vacib funksiyaları yerinə yetirir. Belə ki, nazik və yoğun bağırsaqda yaşayan və bədənimizdə əsas funksiyaları yerinə yetirən 1000-dən çox müxtəlif bakteriya növü vardır. Onlar orqanizmi zərərli bakteriya və göbələklərdən qorumağa kömək edir. Araşdırmalara əsasən, faydalı bakteriyaların immun sistemini gücləndirdiyi, depressiya əlamətlərini minimuma endirdiyi, eləcə də piylənmənin qarşısının alınmasında faydalı olduğu  müəyyən edilib.

Həm probiotiklərin, həm də prebiotiklərin lazımi miqdarda istehlakı bağırsaq mikrobiotasını sağlam saxlayaraq bakteriyaların balansını tənzimləməyə kömək edir. Prebiotiklər bağırsaq mikrobiotası üçün faydalı bakteriyaların inkişafına kömək edən enerji mənbəyi rolunu oynayır. Bura infeksiyalara qarşı müqavimət göstərən və bir sıra mübadilə xarakterli bağırsaq problemlərinin yüngülləşdirilməsində rol oynaya bilən Lactobacillus növləri daxildir. Həmçinin B vitamini istehsal edən və antibiotik müalicəsindən sonra normal bağırsaq mikrobiotasının bərpasına kömək edən Bifidobakteriyaları da misal göstərmək olar. Prebiotiklər qısa zəncirli yağ turşular da daxil olmaqla müxtəlif faydalı birləşmələr istehsal etmək üçün faydalı bağırsaq bakteriyaları tərəfindən həzm olunur. Qısa zəncirli yağ turşuları qanda hərəkət edərək müxtəlif orqanlara təsir göstərə bilir, buna görə də prebiotiklərin istifadəsi sağlamlığa böyük fayda verir. Belə ki, qısa zəncirli yağ turşuları bağırsaq hüceyrələrində zərərli maddələrin, virusların və bakteriyaların mənfi təsirinin qarşısını almağa kömək edən güclü bir baryer rolunu oynayır.

Probiotiklər müəyyən qidalarda və ya əlavələrdə olan canlı bakteriyalardır və orqanizmə çoxlu sayda faydası vardır. Ən geniş yayılmış ştamlara isə LactobacillusStreptococcus və Bifidobacterium aiddir.  Süd məhsullarından qatıq və fermentasiya nəticəsində əldə edilmiş kefir faydalı bakteriya ehtiva edən probiotik qidalar sayılır. Fermentasiya olunmuş qidalar liflər üzərində inkişaf edən faydalı bakteriyaları özündə ehtiva etdiyi üçün tövsiyə olunandır. Bundan başqa, probiotik ehtiva edən qidalara ənənəvi üsulla hazırlanan turşu növləri də daxildir.

Prebiotik insanların həzm edə bilmədiyi karbohidrat növlərindən (əsasən lifdən) yaranır. Bağırsaqdakı faydalı bakteriyalar bu liflərlə qidalanır. Belə ki, prebiotiklərin qida əlavəsi formasında deyil, tərəvəz, meyvə və paxlalılar olaraq təbii şəkildə istehlak edilməsi daha məqsədəuyğundur. Prebiotik liflə zəngin olan qidalara aşağıdakılar daxildir:

- Paxlalılar, lobya, noxud və s.

- Qoz-fındıq, badam, kətan toxumu və s.

- Yulaf

- Banan

- Giləmeyvə

- Qulançar

- Sarımsaq

- Kəvər

- Soğan

Probiotik və prebiotiklərdən həkim məsləhəti ilə tövsiyə olunan miqdarda istifadə edilməlidir. Çünki hər birinin lazımi miqdardan artıq istehlakı orqanizmə əks-təsir göstərə bilər.

0.083075046539307