Mərkəzi Baytarlıq Laboratoriyası 1000-dən artıq müxtəlif təyinatlı müayinələr həyata keçirib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan bir sıra laboratoriyalar fəaliyyət göstərir. Burada dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və s. ixtisaslı yüksək peşəkarlığa malik mütəxəssislər fəaliyyət göstərir.
Paralel.az xəbər verir ki, bu laboratoriyalardan biri də Mərkəzi Baytarlıq Laboratoriyasıdır.
Mərkəzi Baytarlıq Laboratoriyasında gün ərzində 1000-dən artıq müxtəlif təyinatlı müayinələr (seroloji, bakterioloji, virusoloji, parazitoloji, toksikoloji) həyata keçirilir. Bu müayinələr nəticəsində kənd təsərrüfatı heyvanlarının ( iri və xırdabuynuzlu heyvanlar, donuzlar, atlar və s.), balıqların, arıların, ev heyvanlarının (itlər, pişiklər və s.) vəhşi heyvanların, quşların (ev, çöl, dekorativ) müxtəlif etiologiyalı xəstəliklərinin dəqiq, çevik, qısa zaman kəsiyində laborator müayinələrinin nəticəsini əldə etmək mümkündür. Müayinələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) "Quruda yaşayan heyvanların vaksin və diaqnostik" təlimatına əsasən aparılır.
Laboratoriyada quş qripi, qarayara, quduzluq, botulizm, salmonellyoz, bruselyoz və s. kimi insan sağlamlığı üçün də xüsusi təhlükə yarada biləcək xəstəliklərin vaxtında və düzgün müayinəsi aparılaraq nəticəsi təqdim olunur. Müayinələr Bio-Rad, Biotek, Multiscan və s. cihazlar vasitəsilə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan Polimeraz Zəncirvari Reaksiya (PZR), İFA (İmmunoferment Analiz), Komplementin Birləşməsi Reaksiyası (KBR), Aqlütinasiya Reaksiyası (AR), müxtəlif boyama üsulları və s. əsasında aparılır.
Ölkədə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədilə müayinələrin həyata keçirilməsi Mərkəzi Baytarlıq Laboratoriyasının əsas fəaliyyət istiqamətidir. Laboratoriyada yüksək risk qrupuna daxil olan heyvan mənşəli məhsulların, gön-dəri məhsullarının qarayara xəstəliyi üzrə müayinəsi, eləcə də “Vahid sağlamlıq” konsepsiyasına uyğun olaraq insan sağlamlığı üçün də təhlükəli xəstəliklərin müayinəsi uğurla həyata keçirilir.
Mərkəzi Baytarlıq Laboratoriyası Biotəhlükəsizlik Səviyyəsi 2+ olan mobil səhra laboratoriya ilə də təmin edilib. Bu laboratoriya ölkədə heyvan və quş xəstəliklərinin alovlanması zamanı hadisə baş verən ərazidə operativ şəkildə nümunələr götürülərək qısa zaman ərzində xəstəliyin aşkarlanması imkanlarına malikdir.
Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası heyvanların bruselyozu, viruslu diareyası, xırdabuynuzlu heyvanların taunu, dabaq, göydil, quşların mikoplazmozu, Nyukasl, infeksion bursal xəstəliklərinin qan və süd nümunələri üzərində səriştəlilik sınağında uğurlu nəticələr əldə edib.
Züleyxa