Vətəndaşlar “Elmlər Akademiyası”ndakı səkidə ət satışına etiraz edir
Paralel.az xəbər veriri ki, paytaxtın Yasamal rayonu ərazisində, Zahid Xəlilov 57-61 ünvanında ət satışı budkası qoyulub. Orada yaşayan sakinlər, ətrafdakı mağaza və obyekt sahibləri bu barədə bizə şikayət ediblər. Şikayət də ondan ibarətdir ki, Bakı Dövlət Universitetiylə üzbəüz küçədə, səkinin kənarında ət satışı məntəqəsinin təşkil edilməsi məntiqsiz olmaqla bərabər, gigiyenik-sanitariya baxmından da düzgün deyil: “Həmin ünvanda yaşayan sakinlər “Mərmər” ət satışı məntəqəsinin onların binasının düz qabağında yerləşdirilməsindən narazılıq etdilər. Onların şikayəti əsasında məntəqə bir qədər kənara sürüşdürülərək yerləşdirildi. İndi də bizim mağazalar və ətrafda yaşayan sakinlər, küçədən, səkidən keçənlər bundan narazıdır. İddia edirlər ki, orada heyvan kəsilməyəcək. Bu, küçə şəraiti olduğu üçün
onsuz da mümkün deyil. Yəni başqa yerdə kəsilən heyvanların bu məntəqədə satışının təşkil olacağı deyilir. Biz buna qəti razı deyilik. Şikayətimiz israrlıdır. Məntəqənin bura gətirilən kimi betonlanması onun yerindən tərpədilməyəcəyi anlamına gəlir. Səkinin kənarında, mərkəzi yerdə, insanların sıx gəliş-gedişi şəraitində ət məhsulunun satılması nə dərəcədə düzgündür? Ət satışı üçün başqa bir yer yoxdurmu?”.
Vətəndaşların şikayətini nəzərə alaraq Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdik. İH-nin ərazi idarəetmə şöbəsindən bildirildi ki, bu məsələ Bakı şəhər Ticarət və Xidmət Departamentinə aiddir. Sözügedən qurumdan isə deyildi ki, həmin ünvandan artıq neçənci dəfədir ki, şikayət gəlir: “Bu məsələ birbaşa Bakı şəhər İcra Hakimiyyəti ilə yerli icra hakimiyyətinin məsuliyyətidir. Onlar özlərinə aid olanı bizə niyə yönləndirirlər?
“Mərmər” ət köşklərinin bizə qəti aidiyyəti yoxdur. Biz başqa köşkləri qoyuruq”.
Şikayətlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab olaraq söyləndi ki, paytaxtın heç bir yerində qanunsuz köşk qoyula bilməz. Eyni zamanda, qurumdan söz verilib ki, bu şikayət yaxın zamanda araşdırılaraq bizə məlumat veriləcək.
Nigar