Özbəkistan prezidenti sosial şəbəkələri blokladı
Əli Orucov: "Talibanın Azərbaycana təsirləri Özbəkistana təsirlər qədər olmasa da, mövcuddur"
Paralel.az xəbər verir ki, Əfqanıstanda baş verən hadisələrlə bağlı olaraq Özbəkistan hökuməti Feysbuk, İnstaqram və Teleqramın fəaliyyətini ölkə daxilində bloka salıb. "Azadlıq radiosu"nun Özbəkistan bürosunun verdiyi məlumata görə bu barədə Özbəkstan prezidenti Şavkat Mirziyayev şəxsən göstəriş verib.
Qeyd edək ki, Əfqanıstan–Özbəkistan sərhədinin uzunluğu 144 kilometr (89 mil) olub, Amudərya çayı boyunca Türkmənistanla sərhəd qovuşuğundan Tacikistanla sərhəd qovuşuğuna qədər uzanır. Onu da əlavə edək ki, Əfqanıstanla həmsərşəd olan digər ölkələrdə (İran, Turkmənistan, Pakistan və Tacikistan) buna bənzər təşfiş yoxdur. Maraqlıdır, görəsən Özbəkistan iqtidarı İslam dövlət quruluşunun Özbəkistana da sirayət etməsindən ehtiyatlanır, yoxsa hadisədən suyi-istifadə edərək söz azadlığına qarşı hücuma keçib?
Suala cavab axtarışı ilə politoloq Əli Orucova müraciət etdik, Politoloq bildirdi ki, Şavkat Mirziyayev sələflərinə nisbətən daha demokratik iqtidara malik olsa da, onun da azad sözu boğmaq mərəzi var: "Amma onu da etiraf etmək lazımdır ki, Özbəkistan Əfqanıstanla ən qısa sərhəddə malik ölkə olsa da, Talibanın ölkəyə təsiri böyükdür. Bu baxımdan Özbəkistan hakimiyyətinin qabaqlayıcı tədbirlərə əl atmasını təbii, amma qeyri-adekvat sayıram. Talibanın vaxtilə vitse-prezident səviyyəsinə qədər yüksəlmiş səhra komandirlərindən biri özbək əsillidir. Bununla yanaşı, Əfqanıstanda bir milyondan çox özbək yaşayır, üstəgəl, Özbəkistanda da kifayət qədər Talibana rəğbət göstərən vətəndaşlar var. İran və Pakistana gəldikdə isə onlar Talibanın formalaşmasında iştirak edən ölkələrdir. Talibanın təlim bazasının əsas hissəsi Pakistanda yerləşir. Məhz bu səbəbdən də Pakistanın baş naziri bəyan etdi ki, Əfqanıstan işğaldan azad edildi.
Talibanın Azərbaycana təsirləri Özbəkistana təsirlər qədər olmasa da, mövcuddur. Azərbaycan hökuməti də müəyyən addımlar atmalıdır, dini icmalarla iş yenidən qurulmalı, onları Qafqaz Müsəlmanları İdarəsinin - Allahşükür Paşazadənin ümidinə buraxmamalıdır. Şeyxin bu yaxınlarda İran dini liderinin fətfası ilə bağlı verdiyi bəyanat onu göstərir ki, o, tam olaraq İranın təsiri altındadır. Ona görə də əslində dini icmaları onun təsiri altından kənarlaşdırmaq lazımdır. Digər tərəfldən vətəndaş cəmiyyətinə - siyasi partiyalara, qeyri-hökumət təşkilatları və mediaya daha geniş azadlıqlar vermək lazımdır ki, vətəndaşlarımız məhz bu qurumlar altında birləşsin. Bu cür birləşmə mümkün olmayanda insanlar arzolunmaz radikal qrumlara üz tutur. Biz məhdudiyyətlərlə əslində vətəndaşlarımızı həmin radikal-dini quruplara doğru sıxışdırırıq, buna son qoyulmalıdır".
Mütəxəssis Azərbaycanda da Özbəkistandakı kimi sosial şəbəkələrə qadağa qoyulmasını gözləmədiyini bildirərək, dedi ki, əslində biz zərərli quruplaşmalardan qorunmaq üçün vətəndaş cəmiyyətinə daha çox azadlıq verib, onların vasitəsi ilə prosesə nəzarəti həyata keçirsək daha səmərəli olar.
Akif Nəsirli