Fatihə surəsinin mesajları

Fatihə surəsinin mesajları
 

III YAZI

(əvvəli ötən sayımızda)

5) Fatihə surəsinin mövzuları

Fatihə Qurani-Kərimin özətidir, belə ki:

- Allah-doxsan doqquz adın (əsma-i hüsna) izah etdiyi xas (xüsusi deyil, xas, Onun kimisi yoxdur) isimdir;

- əl-həmdülillah – bütün zat və kamal sifətləri əhatə edir;

- Rəbb-il aləmin – bütün feili və kövni sifətləri əhatə edir;

- ər-Rəhman, ər-Rəhim – rəhmət olan dini əhatə edir;

- Maliki yəvmid-din – Son saat, Qiyamət, axirət, cənnət və cəhənnəmlə bağlı ayələri əhatə edir;

- iyyakə nəbudu – bütün ibadətləri əhatə edir;

- və iyyakə nəstəin – ibadətlərdə tövhid və ixlası əhatə edir;

- ihdinas-siratəl - müstəqim - əxlaq, inanc, ibadət və bəşəri münasibətlərə aid bütün doğruları əhatə edir;

- siratəlləzinə ənəmtə əleyhim – bütün (keçmiş) yaxşılıqları əhatə edir;

- ğayril-mağdubi əleyhim və ləddallin – bütün (keçmiş) azğınlıqları əhatə edir;

- Fatihə uca Allahın təkliyini, bənzərsizliyini ifadə edir;

- Fatihə deyir ki, O, kainatın yaradıcısıdır;

- Fatihə deyir ki, yaradılan hər şey varlığını Ona borcludur;

- Fatihə deyir ki, O, həyat verən rəhmət qaynağıdır;

- Fatihə deyir ki, insanın qarşısında məsuliyyət daşıdığı tək varlıq Odur;

- O, həqiqi rəhbərdir, yardım edən tək gücdür;

- Fatihə insanı doğru işlərə, saleh əməllərə, xeyiri çoxaltmağa çağırır;

- Fatihə insana ölümü, axirəti, hesabı cənnət və cəhənnəmi tanıdır;

- Fatihə deyir ki, insan bu dünyadakı əməllərinin hesabını verəcək;

- Fatihə deyir ki, iki dünya bir-birinə bağlıdır, hesabdan qaçış yoxdur, bu dünya axirətin tarlasıdır;

- Fatihə deyir ki, uca Allah elçiləri vasitəsi ilə mesajlarını insanlara çatdırmışdır. İnsanın vəzifəsi “nemət verilmişlərin yoluna” tabe olmaqdır;

- Fatihə insanı azmışların və qəzəbə düçar olmuşların yolundan çəkindirir;

- Fatihə insanın könüllü, inanaraq, anlayaraq uca Allaha təslim olmasını istəyir;

- Fatihə deyir ki, qulluq ancaq uca Allahadır;

- Fatihə duaların ən gözəlidir;

- Fatihə insan həyatını nizamlayan ölçülər qoyur;

- Fatihə tövhid əqidəsinə dəvət edir;

- Fatihə deyir ki, əqidə mücərrəd anlayış deyil, onun meyvəsi, təsiri, dəlili olan işləri var, yəni iman sübut istəyir;

- Fatihə həmdlə başlayır, insana axirəti tanıdır, ibadəti, yardım istəməyi, hidayəti, uca Allahın yolu ilə getməyi öyrədir;

- Fatihə deyir ki, doğru həyat ölçülərini uca Allahın qoyduğu həyatdır;

- Fatihə deyir ki, tək olmaq uca Allahın haqqıdır;

- Fatihə deyir ki, insan olaraq yaradılmağın şükrü Ona təslim olmaqdır;

- İslamın əsası Allahı tanımaqdır, Fatihə Onu tanıdır;

- Fatihə deyir ki, O, çox şəfqətli bir Allahdır;

- Fatihə deyir ki, O, aləmlərin Rəbbidir;

- Fatihə deyir ki, gerçək yardımçı, insanı hidayətə yönəldən Odur;

- Fatihə deyir ki, O, əl-Malik olan Allahdır, idarəçiliyində tayı-bərabəri yoxdur, bu dünya və axirətin sahibi Odur;

- Fatihə deyir ki, ibadətlərin ən gözəli ixlasla, səmimi, inanaraq edilənidir;

- Fatihə uca Allahdan başqasına qulluğu rədd edir;

- Fatihə deyir ki, insan azadlığının əsası Ona təslim olmaqdır;

- Fatihə deyir ki, İslam inancının əsası uca Allaha və axirət gününə inanmaqdır;

- Fatihə deyir ki, uca Allaha gedən yol elçilərin, sadiqlərin, şəhidlərin, saleh əməli olanların yoludur;

- Fatihə deyir ki, doğru yoldan azmağın təməli pis örnəklərdir, onlar azmış və qəzəbə düçar olmuşlar;

- Fatihə Allah, ər-Rəbb, ər-Rəhman, ər-Rəhim, əl-Malik adlarını tanıdır;

- Fatihədə insan bu sifətləri ilə tanınan uca Allaha yönəlir, “yalnız Sənə” deyir, şirkə yol aça biləcək hər düşüncə və əməli rədd edir, başqasına qulluğun, başqasından istəməyin haram olduğunu vurğulayır;

- Fatihədə qulluq (ibadət) yardımdan öncə gəlmişdir, ancaq Sənə qulluq etdiyimizə görə ancaq Səndən istəyirik, yəni qulluq yardıma yol açır;

- Fatihə deyir ki, insan uca Allahın yardımına möhtacdır;

- Fatihə deyir ki, uca Allahdan istənəcək ən önəmli nemət hidayətdir;

- Hidayət doğru yoldur, onu istəyən insan (insan hidayəti istəməlidir), ona yönəldən uca Allahdır;

- Fatihə deyir ki, mərifətsiz (uca Allahı tanımaq) ibadət olmaz, öncə Onu tanı (Fatihə ilk ayələrində uca Allahı tanıdır);

- Fatihə deyir ki, ümmət olun, surədə ümmət vurğusu daşıyan “biz” var: “Ancaq Sənə qulluq edirik (biz), ancaq Səndən istəyirik (biz), bizi doğru yola yönəlt”, İslam ümmətinin bir parçası ol, ey insan!;

- Fatihə deyir ki, tərbiyədə ümmət şüurunu ilk sıraya qoyun, övladlarınıza ümmət şüuru verin, uca Allahın ipinə (Qurani-Kərimə) sımsıx sarılın, Ondan ayrılmayın, vəhdətdə bərəkət, parçalanmada zillət var;

- Fatihədə Allah-insan münasibətlərinin dəyişməz ölçüləri var: Allahdan insana rəhmət, vəhy enir, insandan uca Allaha dua, ibadət yüksəlir;

- Fatihə “la ilahə illallah” (“Allahdan başqa ilah yoxdur”) tövhid cümləsinin açılımıdır;

- Fatihə kimlər kimi olun əmri verir – nemət verilənlər kimi olun!;

- Fatihə kimlər kimi olmayın əmri verir – azmışlar və qəzəbə düçar olanlar kimi olmayın!;

- Fatihə Allahla insan arasında bir müqavilədir. İlk üç ayə Allahı tanıdan bir həmddir (öygü, tərifdir). Son üç ayə insanı tanıdan bir duadır. Ortadakı ayə (“ancaq Sənə qulluq edirik, ancaq Səndən istəyirik...”) müqavilənin mətnidir. Allah

Rəsulunun sünnəsi ilə sabit olan “amin” müqavilənin altındakı imzadır. O buyurur: “Fatihə oxuyan insana mələklər də amin deyər. Kimin amini mələklərin amini ilə üst-üstə düşərsə, onun duaları qəbul olunar”. İnsanı dəyişdirmə gücü olan, gerçək fateh adına sahib Qurani-Kərim insanın ürəyinin qapılarını Fatihə açarı ilə açar”; (Mustafa İslamoğlu, Kuran surelerinin kimliyi, İstanbul, 2011, s. 21)

- Fatihənin mövzuları ilə bağlı görkəmli təfsir alimi Səid Havva bu ümumiləşdirici sözləri yazır: “Fatihə surəsinin ümumi mənalarını qısaca belə ifadə etmək olar: yeddi ayədən ibarət olan bu şərəfli surə uca Allaha həmd etməyi, Onu şanına layiq bir şəkildə uca sifətlərindən ayrılmayan gözəl adlarla xatırlayıb öyməyi, din günü olan ölümdən sonra dirilməyi, zikri, Allahın qullarını Ondan istəməyə irşad etməsini, öz gücünə güvənməməyi, ibadəti yalnız uca Allaha xas qılmağı, yalnız Onun uluhiyyətini qəbul etməyi, Onu ortağı, bənzəri olmaqdan tənzih etməyi, dosdoğru din olan sirati-müstəqimə yönəltməsini Ondan istəməyi və bu dosdoğru yol üzərində sabit qılmasını (ayırmamasını) diləməyi ehtiva edir. Bu dosdoğru yol hesab günündə nəim cənnətlərində olan, bu dünyada insanlara doğru yolu göstərən elçilərin, sadiqlərin, şəhidlərin, salehlərin yanına aparır. Beləliklə, bu surə hesab günü nemət verilmişlərlə birgə ola bilmək üçün insanı saleh əməllərə təşviq edir, batil yolla gedənlərlə birlikdə olmamaq üçün də azmışların və qəzəbə düçar olmuşların yolundan çəkindirir”; (Səid Havva, əl-Əsas fit-təfsir, İstanbul, 1989, s. 40-41)

- bu surə Qurani-Kərimin məna, bilgi və hökmlərini özət biçimdə ehtiva edir. İlahi kitabın hədəfi insanların bu dünyadakı həyatının uca Allahın iradə, riza və nizamına uyğun olmasını təmin etmək, onu axirət səadətinə qovuşdurmaqdır. Bu hədəfin gerçəkləşməsi üçün əmr və yasaqlara ehtiyac var. İnsan bilməli, inanmalıdır ki, bu əmr və yasaqların qaynağı mülkün gerçək sahibi olan uca Allahdır. O, insanın imanını dəstəkləmək üçün mükafat və cəza vəd etmiş, cənnət və cəhənnəm yaratmışdır: “... Qurani-Kərimin bilgi, tərbiyə və təlimatla bağlı bütün məzmununu “bilinməsi, inanılması zəruri olanlar” və “edilməsi zəruri olanlar” olaraq iki yerə bölmək olar. Birincisində Allah, peyğəmbərlik, qeyb aləmi ilə bağlı bilgilər, öyüdlər, misallar, hikmətlər, qissələr yer tutur. İkincisində isə

ibadətlər, həyat nizamı kimi əməli, əxlaqi hökmlər, təlimlər var. Fatihə surəsi bunları ya sözü, özü (mesajları) ilə ehtiva edir, ya da bu məsələlərdə ağılın önünü açaraq onlara işıq tutur”; (Kuran yolu, türkce meal ve tefsir, Ankara, 2003, s.4)

Fatihə surəsində “həmd Allaha məxsusdur” ayəsi uca Allahın həmdə (öygüyə, tərifə, ucaltmaya) layiq bütün sifətlərini əhatə edir, “aləmlərin rəbbi” ifadəsi yaratma və feili sifətlərini, Rəhman və Rəhim adları uca Allahın insanlara rəhmət və mərhəmətindən qaynaqlanan din qaydalarını, “cəza və hesab gününün sahibi” təyini qiyaməti və axirəti, “yalnız Sənə qulluq edərik” ayəsi iman, ibadət və sosial nizamı, “yalnız Səndən istəyərik” cümləsi əməllərdəki ixlası (şirksiz imanı, ibadətlər bir tək Onun rizasını qazanmaq üçündür), tövhidi (Allahdan başqa ilah yoxdur, Ondan başqasına qul olmaq, Ona məxsus sifət və feilləri başqa bir varlığa aid etmək haramdır) əhatə edir;

“Bizi doğru yola yönəlt” ayəsi ibadət, nizam, düşüncə və əxlaq ölçülərinə, “nemət verdiklərinin yoluna ...” ifadəsi keçmişdə yaşamış örnək nəsillərə, millət və cəmiyyətlərə, “qəzəbə düçar olmuşların və azmışların yoluna deyil” bölməsi də ibrət olan (yaxşıdan örnək, pisdən ibrət alınar) keçmiş topluluqlara işarə edir: “... Deyilə bilər ki, bəsmələnin əvvəlindəkı “bi” ədatından başlayaraq bəsmələyə, sonra Fatihəyə, davamında bütün Qurani-Kərimə doğru ilahi sirlər pərdə-pərdə açılmaqda, içi mənalarla dolu dar həcmdən geniş həcmlərə doğru irəliləyən ilahi tərbiyənin işığı aləmlərə yayılmaqdadır. “Bi” ədatındakı “musahəbə” (“bərabərlik”) və “istianə” (“yardım istəmə”) mənaları qul ilə Allah münasibətinin, dolayısı ilə dinin hədəfinin bütününü əhatə edir. Bəsmələnin yerdə qalan bölməsi ilə Fatihə bu münasibəti (yol ikiyönlüdür: insandan uca Allaha, uca Allahdan insana-insandan Ona qulluq, əməl, dua yüksəlir, Ondan insana rəhmət, xeyir, bərəkət enir – S.H) daha da genişləndirərək davam edir, o biri surə və ayələr də bunlarla bir bütünlük yaradaraq hər qabiliyyət və zehin səviyyəsinə uyğun üslublarla açıqlığa qovuşur”. (Kuran yolu, göstərilən qaynaq, s. 4-5)

6) İSTİAZƏ – ŞEYTANIN ŞƏRİNDƏN UCA ALLAHA SIĞIN!

“İstiazə” sözünün mənası “şeytandan uca Allaha sığınmaq”dır. İstiazənin açılımı “Əuzu billahi minəş-şeytan-ir rəcim” cümləsidir, anlamı “qovulmuş şeytandan Allaha sığınıram”dır.

Mömin hər işə istiazə ilə başlayar. Fatihəsiz qiraət (namazdakı oxu) olmadığı kimi, istiazə olmadan da Fatihə yarımçıq qalar. Biz namaz qılarkən öncə bədənimizi pisliklərdən təmizləyirik. İstiazə də ağıl, qəlb və ruhumuzu şeytanın vəsvəsələrindən, bütün mənəvi kirlərdən arındırmaqdır. İstiazə niyyət təmizliyidir, niyyət bir işi hansı məqsədlə yerinə yetirdiyini bilmək, işinin mənasını qavramaq, özünü uca Allahın hüzurunda hiss etmək, Onun səni gördüyünə, bildiyinə, eşitdiyinə inanmaqdır. Bu hal içində olan insana şeytan vəsvəsə verə bilməz, uca Allah buyurur ki, mömin (varlığını Ona təslim etmiş insan) qullarıma şeytanın təsir imkanı yoxdur. (Nəhl, 16/98-100) İstiazə insana bu ölçüləri verir:

- istiazə etmək ilahi əmrdir: “Quran oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın”; (Nəhl, 16/98)

- Qurani-Kərimdən hər hansı bir ayəni oxumazdan öncə istiazə edilməlidir;

- hər işə istiazə ilə başlamaq doğrudur;

- şeytan insanın açıq düşmənidir;

- şeytan insanı doğru yoldan çıxarmağa çalışır;

- uca Allahın qovduğu, rəhmət və bərəkətindən uzaq etdiyi varlıq insana dost ola bilməz;

- şeytan “Adəm üçün səcdə et!” əmrini yerinə yetirməmişdir;

- şeytan təkəbbürlü olduğuna görə mələklər aləmindən qovulmuşdur;

- təkəbbürlü olanlar şeytanın dostlarıdır, onları şeytanın aqibəti gözləyir;

- şeytanın vəzifəsi insanları uca Allahın yolundan, rizasından, xeyir və bərəkətindən ayırmaqdır; (Əraf, 7/11-17)

- şeytan qəlblərə vəsvəsə verir;

- şeytan bədəndə qan kimi dolaşır;

- şeytandan qorunmağın yolu uca Allaha sığınmaqdır;

- uca Allaha sığınmaq insanın sahibsiz olmadığını bilməsidir;

- sahibsiz olmadığını bilmək insanın mənəvi gücünü artırır;

- insan uca Allahın onunla birlikdə olduğunu biləndə hüzura qovuşur;

- niyyət, ağıl, qəlb, vicdan təmiz olmadan uca Allahın xeyir, bərəkət və rəhmətindən doyunca yararlanmaq mümkün deyil;

- istiazə deyir ki, təmizlən ki, təslim olasan, təslim ol ki, ilahi rəhmətlə doyasan, ilahi rəhmətlə doy ki, hüzura qovuşasan;

- uca Allah buyurur: “Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz, O, eşidəndir, biləndir”; (Əraf, 7/200)

- uca Allah buyurur: “Şübhəsiz, uca Allaha qarşı məsuliyyət şüuru olan insanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar Allahı xatırlayar, o an həqiqəti (gerçəyi) görərlər”; (Əraf, 7/201)

- uca Allah buyurur: “De: Rəbbim! Şeytanın vəsvəsələrindən Sənə sığınıram!”; (Möminun, 23/97)

- uca Allah buyurur: “Vəsvəsə verən, Allahın adı çəkiləndə hövlündən geri çəkilən şeytanın şərindən, o şeytan ki, insanların qəlblərinə vəsvəsə fısıldayır, (o şeytan) cinlərdən də olur, insanlardan da. (Onlardan insanların Rəbbinə, insanların Məlikinə, insanların İlahına sığınıram”); (Nas, 114/4-6)

Ardı var...

0.032603979110718