Eldar Həsənov:"Guya hakimiyyət əleyhinə tənqidi fikirlər səsləndirmişəm"
“Prokurorluğun mətbuata verdiyi qərəzli məlumatla bağlı ilk dəfə olaraq bildirirəm ki, həbsimin əsl səbəbi qətiyyən həmin məlumatda göstərilənlər deyil. Həbsimin həqiqi səbəbi əslində guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olmuşdur.”
Paralel.az xəbər verir ki, bu barədə hazırda həbsdə olan keçmiş səfir Eldar Həsənov vəkili Cavad Cavadovun vasitəsi ilə prokurorluğun açıqlamasına cavabında deyilir.
Keçmiş səfir bildirib ki, həqiqətən o Xarici İşlər Nazirliyinin qapalı iclaslarında, o cümlədən 2 fevral 2020-ci ildə Brüssel şəhərində Avropada Azərbaycanı təmsil edən səfirlərin iştirakı ilə keçirilən qapalı iclasında, həmçinin yazdığı məktublarda dövlətin apardığı siyasətə xələl gətirən, zərər verən laqeyd münasibəti tənqid edib.
“Amma məsuliyyətli məmur kimi onları heç vaxt, heç bir yerdə ictimailəşdirməmişəm. Çıxışlarımın stenoqramları və məktublarımın hər biri müvafiq dövlət qurumlarında saxlanılır. Məqsədyönlü şəkildə həqiqətə uyğun olmayan məlumatların hazırlanıb aidiyyati üzrə ötürülməsini, son 2 ildə müxtəlif kütləvi informasiya vasitələrində tirajlanmasının təşkilatçıları mənə məlumdur. Zərurət yarandıqda, yalan və uydurmalar əsasında mənim, hətta xarici ölkədən yalan məlumatlar göndərilməsinə, həbsimə nail olan, özünü ölkə rəhbərliyinə yaxın hesab edən və bundan öz şəxsi maraqlarında sui-istifadə edən hər iki insanın adını və səbəblərini açıqlayacam. Yeri gəlmişkən saxlanıldığım ilk gündən etibarən bu şəxslərdən birinin bütün imkan və vasitələrlə işin obyektiv araşdırılmasına birbaşa mane olmasına dair müvafiq dövlət qurumuna rəsmi müraciət etmişəm. Lakin bu müraciətlərimin yekun ünvana çatmasından belə əmin deyiləm,” o qeyd edib.
O bildirib ki, istintaqın müxtəlif mərhələlərində ona, adlarını açıqlamaq istəmədiyi şəxslərə qarşı müəyyən ifadələr verməyini və bunun müqabilində ertəsi gün azadlığa buraxılmasının təmin edilməsinə dair çoxsaylı təklif və cəhdləri rədd edib.
“Birmənalı olaraq bildirmişəm ki, satqınlıq nə xasiyyətimdə, nə də mənsub olduğum nəsil-nəcəbatda olmayıb və bundan sonra da olası deyil. Bir daha bəyan edirəm ki, 27 ildə mənim yolum Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin siyasəti olub. Bunu məni tanıyanlar, yaxınlar və bu illərdə, hətta ən ağır illərdə əməli fəaliyyətim, gördüyüm işlər təsdiqləyir. Azacıq şübhəsi olanlar son 27 illik fəaliyyətimi, vicdan və ədalət çərçivəsində, təhlil və təftiş edə bilərlər. O ki, qaldı mətbuata verilmiş məlumatın mahiyyətinə, birmənalı şəkildə bildirirəm ki, verilmiş ittihamlar heç bir mötəbər sübuta, dəlilə, hüquqi və prosessual əsaslara yox, mülahizə və ehtimallar əsasında sifarişli, qərəzli, qisas almaq niyyətinən başqa bir şey deyildir.”
Eldar Həsənov ittihamın sifarişli olduğunu bildirib.
“Baş Prokurorluğun ölkənin Baş Prokuroru olmuş bir şəxsə qarşı bu cür sifarişli və qərəzli davranışını görmək olduqca acınacaqlıdır və sözsüz ki, bu münasibət prokurorluğun tarixində qara ləkə olaraq qalacaqdır,” o qeyd edib.
Avqustun 16-da Baş Prokurorluq keçmiş səfir Eldar Həsənovun işi üzrə istintaqın başa çatdığı və məhkəməyə göndərildiyi barədə məlumat yayıb.
İstintaq Həsənovu 2010-2020-ci illərdə Azərbaycanın Rumıniya, Serbiya, Bosniya və Hersoqovina, Monteneqroda səfiri işlədiyi dövrdə mənimsəmədə və talan etmədə ittiham edir.
Həsənova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 193-1.3.2 (qanunsuz əldə edilmiş vəsaitin leqallaşdırılması) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.1 (dövlət büdcəsindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Avqustun 16-da cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Prokurorluq Eldar Həsənovun vəziyyətinin kəskin pisləşməsi barədə KİV-in məlumatını da təkzib edib.
"O, Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında müayinədən keçib və cinayət işinin aparılmasına mane olan hər hansı xəstəlik aşkar edilməyib," məlumatda qeyd edilir.
Xatırladaq ki, bundan öncə Həsənovun vəkili və yaxınları onun tez-tez huşunu itirdiyini və onurğa sütununun ağır xəstəliyi səbəbindən hərəkət edə bilmədiyini bildiriblər. İyunun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında əməliyyat olunub.
Eldar Həsənov 13 avqust 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, sui-istifadə və dövlət büdcəsinin təyinatı üzrə xərclənməməsi ittihamı ilə həbs edilib.
2001-2020-ci illərdə Azərbaycanın Rumıniyada, daha sonra isə Serbiya, Monteneqro və Bosniyada səfiri olub. 1995-2000-ci illərdə Azərbaycan Respublikasının baş prokuroru olub.
Röyal