Əfqanıstanda nə baş verir?
Zərdüşt Əlizadə : "Bu Amerikanın biabırçı məğlubiyyətidir, bunu mən də, Tramp da və digər şərhçilər də təsdiqləyir"
Paralel.az xəbər verir ki, artıq iki gündür ki, Əfqanstanda terror təşkilatı elan edilmiş Taliban hakimiyyətə gəlib. Bazar günü Əfqanstan prezidenti Əşrəf Qani istefa verərək ölkəni tərk edib, onun postunu isə Talibanın lideri Molla Əbdül Qani Bəradər tutub. Talibançılar bəyan edib ki, tezliklə ölkədə İslam dövləti - Əfqanıstan İslam Əmirliyi elan ediləcək. Lakin Azərbaycan sülhməramlıları hələ də Kabil hava limanında öz missiyasını davam etdirir.
Qeyd edək ki, bir neçə ay əvvəl ABŞ öz ordusunu Əfqanıstandan çıxarmışdı və Talibanın ölkəni tutması gözlənilən idi. Lakin buna baxmayaraq Əfqanıstan hökumətini heç kim Talibandan müdafiə etmək barədə düşünmədi və sonda proses Talibanın hakimiyyətə gəlməsi ilə sonuclandı.
Əfqanıstanda nə baş verdiyi barədə suallarımızı politoloq Zərdüşt Əlizadə cavablandırarkən bildirdi ki, Vyetnamda baş vermiş hadisə Əfqanıstanda təkrarlandı: "70-ci illərin ortalarında Amerikanın Vyetnam siyasəti iflasa uğradı. Yarım milyonluq ABŞ ortdusu Vyetnam xalq ordusuna məğlub oldu və qaçdılar canlarını qurtardılar. Fərq ondan ibarətdir ki, o zaman amerikalılar özlərinə sadiq olan vyetnamlıları özləri ilə apara bildilər, amma indi onlara sadiq olan əfqanları taleyin ümidinə buraxaraq öz canlarını qaçıb qurtardılar. Yəni Amerikanın bir trilyon dollar xərcləyib qurduğu dövlət və 300 minlik ordu 3-5 minlik Taliban quldur dəstələrinin qarşısında tab gətirə bilmədi. Bu Amerikanın biabırçı məğlubiyyətidir, bunu mən də, Tramp da və digər şərhçilər də təsdiqləyir. Əksəriyyətin fikri bundan ibarətdir ki, bu Amerikanın böyük hərbi-siyasi məğlubiyyətidir.
Ordakı Azərbaycan sülhməramlıları da türklərlə birlikdə təxliyə olunacaqlar - vətənə dönəcəklər".
Politoloq əfqan xalqının gələcək taleyi ilə bağlı danışarkən dedi ki, ölkədən bütün xalq köçüb, qaça bilməz, Əfqanıstanda 30 milyondan çox əhali yaşayır: "Ziyalılar, intellekt sahiblaəri ölkəni tərk edəcək, amma digər kəsim başını aşağı salıb dolanacaq, yaşayacaq. Bununla yanaşı, ayrı-ayrı vaxtlarda Taliban Əfqanıstanda 4 və 6 il hakimiyyətdə olub. Orada əhalinin əksəriyyəti puştlulardır ki, Taliban da puştlu əsillidir. Taliban Əfqanıstanı orta əsirlərə qaytaracaq, əhali də bununla barışacaq, narkotik becərib, satmaqla başını dolandıracaq".
Akif Nəsirli