“Atlant”dan narazılıq
Paralel.az xəbər verir ki, Nabranda yerləşən “Atlant” istirahət və əyləncə mərkəzindən narazılıq səslənib. Bu yaxında həmin istirahət mərkəzindən qayıdan ölkə vətəndaşı təəssüratlarını bizimlə bölüşüb:
“Atlant”ın prestijli istirahət mərkəzi olması səbəbindən biz yay fəslində oranı seçdik. Öncə qeyd edim ki, orda turistlərə təqdim olunan əyləncə su mərkəzləri kifayət qədər rəngarəng və maraqlı idi. Lakin biz koronavirusla bağlı karantin tədbirləri çərçivəsində orda olan vəziyyəti qənaətbəxş hesab etmədik. İstirahətə gələnlər həddən artıq çox idi, amma karantin rejiminin qaydaları qəti gözlənmirdi. Turistlər hovuzlardan kütləvi şəkildə istifadə edirdilər. Hamı - azyaşlı, körpə uşaqlar, gənclər və orta yaşlılar, hətta qocalar da eyni vaxtda suya girirdi. Hovuzların ətrafındakı “lejanka”lar bir-birinə yanaşı, bitişik idi. Turistlərə karantin rejiminə aid hansısa bir tədbir görülməsi məsələsi, xəbərdarlıq edən yox idi. İstirahət mərkəzinin ərazisində fəaliyyət göstərən obyektlərin əməkdaşları, həmçinin ora gələn turistlər nə maskadan istifada etmək, nə də ara məsafə saxlamaq məsələsinə riayət edirdi. Heç kəsdə maska yox idi, stollarda da dezinfeksiyaedici məhlul. Bir sözlə, “Atlant”da koronavirusdan qorunmaq, hansısa bir nəzarət mexanizmi yox idi. Koronavirus olmasaydı, bu məqamlara heç də əhəmiyyət verməzdik. Amma hazırkı pandemiya şəraitində, nə orda olanlar, nə də ora gələnlər virusu görməzdən gəlir. Bu mənada, turistlərin orada sıx, kütləvi və tam nəzarətsiz, xəbərdarlıqsız istirahətinin, hərəkətlərinin hansı nəticə verəcəyini demək çətin deyil”.
Nigar