Sülhməramlılar erməni yeniyetmələrə təlim keçir
Qabil Hüseynli: "Rusiya Dağlıq Qarabağı öz əlinə keçirmək istəyir, Moskvanın burada hərbi baza qurmaq, əhaliyə rus pasportu paylamaq kimi hədəfləri var"
Paralel.az xəbər verir ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində uşaqlara ruslar tərəfindən "Gənc döyüşçü" kursu keçirilir. Əslində Rusiya sülhməramlılıra Azərbaycan ərazilərinə 10 noyabır bəyannapməsinin 3-cü və 4-cü bəndinə əsasən yeridilib ki, həmin bəndlərdə yerli əhalinin özünümüdafiə qabiliyyətinin yüksəldilməsi missiyası nəzərdə tutulmayıb ("3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir"). Bəyannamədən də göründüyü kimi, sülhməramlıların əsas missiyası təmas xəttində olmalıdır. Bəyannamənin 4-cü bəndində isə göstərilir ki, sülhməramlılar bölgəni hərbisizləşdirməlidir ("4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir").
Rusiya sülhməramlıları isə missiyasının əksinə olaraq bir tərəfdən ərazidəki erməni silahlılarının ərazidə fəaliyyətinin yaxşılaşdırılması üçün Ermənistandan əraziyə qoşun gətrilməsinə şərait yaradır, onlara təlim keçir, digər tərəfdən isə azyaşlı uşaqlara hərbi təlim keçir. Rusiya erməni silahlılarını Qarabağda hansı proses üçün hazırlayır?
Bununla bağlı bizimlə söhbətləşən politoloq Qabil Hüseynli bildirdi ki, Rusiya sülhməramlıları bölgədə provakativ addımlar atmaqda davam edir: "Nəticədə sülhməramlıların nəzarətində olan Azərbaycan ərazisində erməni silahlıları çoxalır, ərazimizdə bölk-postlar qurur və oradan mövqelərimizi atəşə tuturlar. Bunlar hamısı Rusiyanın təkidi və göstərişi ilə həyata keçirilir. Bu o deməkdir ki, Rusiya Dağlıq Qarabağı öz əlinə keçirmək istəyir. Moskvanın burada hərbi baza qurmaq və əhaliyə rus pasportu paylamaq kimi hədəfləri var. Rusiyanın Qarabağda başladığı oyunu çox təhlükəli qiymətləndirmək olar. Nəticədə Azərbaycanı Qarabağda antiterror əməliyyatlarına başlamağa vadar edə bilərlər ki, bu da yeni müharibənin alovlanmasına səbəb ola bilər.
Sülhməramlıların bu tip açıqlamaları isə özlərini ifşa edən bəyanatlardır. Onların missiyası hərbisizləşdirmə olduğu halda, silahlanmaya rəvac verirlər. Azərbaycan isə Müdafiə Nazirliyi səviyyəsində bəyanat verdi və prezident CNN-Türk-ə müsahibəsi zamanı öz tələblərini açıq şəkildə bildirdi və Rusiyadan cavab gözlədiyini dedi".
Politoloq əlavə etdi ki, hələ Azərbaycan bəyanatlarla kifayətlənir, amma bunun da bir həddi var - Rusiya nəticə çıxarmasa rəsmi Bakı adekvat addımlar atmalı olacaq ki, bu da bölgədə yeni müharibənin alovlanmasına gətirib çıxara bilər.
Akif Nəsirli