Media nümayəndələri qazilərə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olublar
Paralel.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olmaq üçün həmin mərkəzə mediatur təşkil edilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlik tərəfindən son illərdə reabilitasiya infrastukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər aparılıb. 2019-2020-ci illərdə və cari ilin ilk rübündə Yevlax şəhərindəki Reabilitasiya Mərkəzi də daxil olmaqla 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidən qurmadan sonra, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Həmin müəssisələrdə qazilərimizə keyfiyyətli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilməkdədir.
Bununla yanaşı, 44 günlük Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş 114 hərbçi 118 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib. Əlavə olaraq bu il Birinci və İkinci Qarabağ müharibəsi əlillərindən ibarət 1157 nəfərin 8612 reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib. Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlər aparılır.
Media nümayəndələri Yevlax Reabilitasiya Mərkəzində Vətən müharibəsi qaziləri ilə bağlı aparılan reabilitasiya işləri ilə tanış olub, göstərilən xidmətlər barədə qazilərin fikirlərini öyrəniblər. Müəssisədə yeni müasir tibbi-reabilitasiya avadanlıqlarından istifadə olunmaqla və səmərəli fizioterapevtik prosedurlar, həmçinin müalicəvi bədən tərbiyəsi, massaj, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq edilməklə reabilitasiya xidmətləri göstərilir.
Jurnalistlərə reabilitasiya sistemində elektron texnologiyaların geniş tətbiqi işləri barədə də məlumat verilib.
Şahnaz Salehqızı