Məcbur qalanda meymun da balasını ayağı altına qoyur
 

Məcbur qalanda meymun da balasını ayağı altına qoyur 
 
Təbii, hakimiyyət elə məsuliyyətli məsələdir ki, orda emosiyaya qapanmaq, tələsik qərar çıxarmaq, yaxud, cəmiyyətdəki əhval-ruhiyənin təsirinə düşüb qərar vermək xoşagəlməz nəticələrə gətirib çıxarır. Bu baxımdan, qonşu İrana yanaşmada illərdir Azərbaycan hakimiyyəti ilə xalqın əksər kəsimi arasında ziddiyyət hökm sürür. Bu müddət ərzində Azərbaycan iqtidarı çox çalışdı, bəzən təkzibolunmaz faktlara belə göz yumdu ki, İranla qonşuluq münasibətləri pozulmasın. Fəqət, həmişə də qarşı tərəfin arxadan xain zərbəsinə məruz qaldı. İran Qarabağ işğalda olduğu 30 il ərzində nəinki din qardaşlarına mənəvi, hərbi, diplomatik dəstək verdi, əksinə işğalçıyla qolboyun olub işğal altındakı ərazilərin yeraltı və yerüstü sərvətlərini yağmaladı. Yəqin ki, biz heç vaxt Türkmənçay müqaviləsinə yenidən baxılması və o müqavilə ilə İranın işğalı altına düşmüş Cənubi Azərbaycanın timsalında ərazi iddiası irəli sürməyəcəyik. Amma bizim bu mövqeyimiz də İranı qane etmir, bu dövlət Şimali Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğundan daima əndişə keçirir, onu zəiflətmək üçün şeytanın özüylə belə əməkdaşlıq edir. Bəli, bu gün İran sözün hər mənasında şeytan xislətli Ermənistanı daha çox sevir, nəinki din qardaşları olan bizləri. 44 günlük müharibədə ermənilərin yenik düşməməsi üçün İran hər şey etdi amma haqq, ədalət, ən əsası Allah bizim tərəfimizdə idi və biz qalib gəldik. Maraqlıdır ki, Ermənistanın məğlubiyyətini həzm edə bilməyənlər, onu revanşa təhrik edən xristian dövlətlərin arasında İran da qərar tutub. Bu gün Rusiyadan Ermənistana, ordan da Qarabağdakı qanunsuz hərbi birləşmələrə göndərilən silah-sursat İranın Ənzəli limanından İran maşınları ilə daşınır. Əlbəttə ki, İranın bu aşkar həyasızlığı və xəyanətkar davranışı Bakının səbr kasasını daşırmaya bilməzdi. Və ilk dəfə olaraq Bakı rəsmi şəkildə İranın illərdir davam edən xəyanətinə açıq etiraz etdi-nota verdi. Necə deyərlər su meymunun boğazına çıxanda balasını ayağının altına qoyar. 
Amma zatən İsrail və bəlli güclərin şeytan yuvası adlandırıb dağıtmağa məqam gözlədiyi İran hakimiyyəti unutmamalıdır ki, Azərbaycanın Türkiyə və Pakistan kimi müttəfiqləri var və onların prosesə qarışması İranın dağılması, ən azı Cənubi Azərbaycanı itirməsiylə sonuclana bilər. Odur ki, gərək molla rejimi notadan düzgün nəticə çıxarıb, zaman varkən haqqın və haqlının yanına qayıdıb tam səmimi şəkildə suçunu etiraf edə.
       
Səma
0.033343076705933