Dövlət qurumlarının yarıtmaz siyasətinə etiraz

Dövlət qurumlarının yarıtmaz siyasətinə etiraz
 

Ölkə vətəndaşlarının üzləşdiyi qanunsuzluq və problemlərin mütləq bir həll yolu olmalıdır. Lakin buna birbaşa məsuliyyət daşıyan dövlət qurumlarından ümidi üzülən vətəndaşlar problemin həll olunmamasından narazılıq edirlər. Çünki məmurlar problemin həllinin onlarda olmadığına bir yığın sənəd-sübut və qanunlar toplusuyla əsas gətirərək, məsələdən yayınmağa çalışırlar.

Paralel.az xəbər verir ki, vətəndaşların problemləri barədə dövlət qurumlarından cavab almağa çalışan istehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov deyir ki, konkret olaraq “Sevimli” mal nişanlı kolbasa məmulatları haqqındakı problemlə bağlı AQTA-ya etdiyi müraciət nəticəsiz qalıb: “AQTA-ya ünvanladığım məktuba məna kəsb etməyən bir cavab aldım. Bizim illərlə dediyimiz ən ciddi məsələ ayrı-ayrı dövlət orqanlarının sinxron işləməməsidir. Hansısa bir qanun pozuntusu barədə dövlət orqanına məlumat verəndə, o, başqa bir quruma müraciət etməyi məsləhət görür. Dövlət orqanlarının bir-biriylə əlaqəli işləməməsi problem yaradır. Biz istəyirik ki, dövlət orqanları qanunların tətbiq edilməsi naminə bir-biriylə sıx, əlaqəli işləsin. Lakin hərə özü üçün bir bazar yaradıb və o bazarın yiyəsidir. Onlar elə bil dövlət məmuru deyil, ayrı-ayrı bazarın sahibidir. Bu, anormal bir haldır. Bundan başqa, təəssüf ki, “Sevimli dad” da öz mal nişanının qorunması üçün heç bir iş aparmır, əhali də aldadılır”.

E.Hüseynov əhalinin ardıcıl narazılığıyla bağlı istənilən müraciətin nəticəsiz qalduğunu qeyd edib. O, İqtisadiyyat Nazirliyinə ünvanladığı məktuba cavabdan istehlakçıların hüquqlarının qorunması yönündə dövlət orqanlarının heç bir iş görmək istəmədiyinin göründüyünü vurğulayıb: “Kim-kimi aldadırsa aldatsın, hamı sakit dayanıb baxır, dövlət orqanları da bu işlərə qarışmır. 1995-ci ildə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun qəbul olunub. O vaxtdan bəri qanuna 7 dəfə dəyişiklik edilib. Hamısında da istehlakçı hüquqlarının zəiflədilməsi işi aparılıb. 2009-cu ildə İqtisadiyyat Nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti yaradıldı. Dövlətin insanların səsini eşidərək əlahiddə bir qurum yaratmasına sevindik. O qurum 2018-ci ilədək biznesi himayə edərək fəaliyyət göstərdi. 2018-ci ildə qurumda dəyişiklik aparıldı və adı da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adlandı. Yəni istehlakçı hüquqlarının müdafiəsi məsələsi çıxarıldı. Doğrudur, quruma mükəmməl və bilikli bir şəxs - Sahib Məmmədov rəis əvəzi təyin edilib. Lakin o qurumun da əl-qolu bağlıdır. Biz istehlakçılardan gələn şikayətləri ora göndəririk. Çünki dövlətin istehlakçı hüququnu qorumaq alqoritmi belədir - vətəndaşın AİB-ə etdiyi müraciəti 70 faiz danışıqlar yoluyla həll edirik, 30 faizdə isə həmin quruma göndəririk. Sözügedən qurum da istehlakçının şikayəti əsasında şikayət olunan yerə məktub yazır. O, istehlakçı hüququnu qoruyan addım atmır. AQTA, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti özünə əziyyət verib bir kolbasa nümunəsi də almır. Onlar kabinetdə oturaraq ancaq məktub qəbul etməklə məşğuldur. Biz hökumətin bu siyasətinə etiraz edirik. Hökumətin və biznes qurumlarının üzünü istehlakçıya çevirməyə çağırırıq. Çünki dövləti və ordunu saxlayan, movcud edən istehlakçıdır”.

Nigar

0.038234949111938