Dövlət qurumlarından problemə reaksiya
Bir müddət öncə “Sevimli” ilə “Sevimli dad” arasında çaşqınlıq” başlıqlı yazı hazırlamışdıq. Yazıda “Sevimli” mal nişanındakı “Halal” loqosunun bu nişanı istehsal müəssisəsinə şamil etməyə hüququ olan “AZsert halal” MMC tərəfindən verilmədiyi qeyd edilmişdi. Eləcə də onun qeyri-halal mal istehsalı bloku ilə tam kəsişmə olduğu müəyyən olunmuşdu. ”Sevimli” mal nişanı ilə satışa çıxarılan kolbasa məmulatlarının etiketində yazılan “Ansar” ticarət markasının Qazaxıstanda eyniadlı istehsalçıya məxsus olduğu qeyd edilmişdi.
Məsələylə bağlı AQTA-nın Bakı regional bölməsindən AİB-ə müraciət daxil olub. Müraciətdə deyilir: “Sevimli” əmtəə nişanı ilə markalanmış kolbasaların etiket məlumatlarında olan uyğunsuzluqlarla bağlı müraciətə baxılıb. Müraciətdə qeyd olunan “Sevimli” əmtəə nişanı əqli mülkiyyət hüququ hesab olunur və bu hüququn qorunmasını təmin etmək, onların mənimsənilməsinin və istifadə ilə bağlı hüquqların pozulmasının qarşısını almaq, bununla bağlı müvafiq tədbirlər görmək Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilir. Ölkəmizdə beynəlxalq standartların tələblərinə istinad edilərək hazırlanan “Halal qida. Ümumi rəhbəredici sənəd” və “Halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün rəhbəredici sənəd” standartları mövcuddur”.
Qeyd edilib ki, narahatlıq doğuran məsələlər aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilməlidir.
Həmin müraciətə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən də cavab verilib. Məktubdan bir neçə hissəni diqqətə çatdırırıq: “Haqsız rəqabət haqqında” qanuna əsasən, digər bazar subyektinin əmtəə nişanından, coğrafi göstəricilərindən, firma adından, əmtəə markasından, adından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab edilir. Müraciətinizdə qeyd olunan məsələlərin araşdırılması üçün qanunsuz istifadə edildiyini iddia etdiyiniz əmtəə nişanlarından qanunsuz istifadəni sübut edən sənəd və materiallar, həmin əmtəə nişanlarının qorunmasını sübut edən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri təqdim edilməmişdir. Ona görə də qaldırılan məsələnin antiinhisar qanunvericiliyi baxımından araşdırılması mümkün olmamışdr. Qanunsuz istifadə olunduğunu iddia etdiyiniz əmtəə nişanlarından qanunsuz istifadəni sübut edən sənəd və materialları, həmin əmtəə nişanların qorunmasını sübut edən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri İqtisadiyyat Nazirliyi yanında AİBNDK-yə təqdim edildiyi təqdirdə, həmin məsələ aidiyyəti üzrə araşdırılacaq”.
Nigar