Ermənistan 10 noyabr bəyannaməsini təhrif edir
Paralel.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin (MN) Rusiya və Ermənistana ünvanladığı bəyanata Ermənistan hökuməti reaksiya verib. Azərbaycan MN-in bəyanatında deyilir: "10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmamışdır.
Son günlər ərzində Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur".
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Müdafiə Nazirliyinin bəyanatının məhz bu hissəsi ilə bağlı reaksiya veriib. Açıqlamada bildirilir ki, Qarabağ üzrə üçtərəfli bəyanatda erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması nəzərdə tutulmayıb. Rəsmi İrəvanın versiyasına görə, "bəyanatda yalnız erməni SQ-nin Qarabağdan çıxarılması nəzərdə tutulub".
Birincisi, bu açıqlama ilə Erənistan XİN 10 noyabır bəyannaməsini təhrif edir - çünki bəyannamədə "Ermənistan SQ" ifadəsi deyil, "erməni silahlı qüvvələri", yəni bütün silahlı erməniləri özündə ehtiva edən ifadə işlədilib. İkincisi isə bəyannamənin 4-cü bəndi tutaq ki, Ermənistan XİN-in təfsirinə uyğundur. Yəni tutaq ki, söhbət Qarabağdan Ermənistan SQ-nın çıxarılmasından gedir, elə isə nə üçün 9 avqust 2021-ci il tarixdə Laçın dəhlizindən keçərək, Ermənistan MN-ə məxsus bir hərbi hissə Qarabağa köçürülüb? Ermənistan hökuməti özü özünü təkzib edir - bir tərəfdən deyir bəyannamədə Ermənistan SQ-nın Qarabağdan çıxarılması nəzərdə tutulub, digər tərəfdən isə öz qoşunlarını Qarabağda yerləşdirməkdə davam edir.
Məlumat üçün Ermənistan XİN-in "təfsir" (əslində təkzib) etdiyi, 10 noyabır bəyannaməsinin 4-cü bəndini şərhsiz təqdim edirik: "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir".
Akif Nəsirli!