Azərbaycan yenidən qapanmaya doğru gedir?
Hande Harmancı: "Əgər tədbir görməsək, sentyabrdan başlayaraq yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik"
Ədalət Rüstəm: "Peyvəndlənmə prosesini sürətləndirməkdən başqa çıxış yolu yoxdur"
Paralel.az xəbər verir ki, ölkənin baş infeksionistinin ardınca Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu gün oxşar bəyanatla çıxış edib: "Laboratoriyalarda aparılan testlərdə ölkədə koronavirusun "delta" variantının olması təsdiqini tapıb. Yoluxma sayları da artır. Hər iki vəziyyət bizə deyir ki, bu iş bitmədi. Əgər tədbir görməzsək, sentyabrdan başlayaraq yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik. Onu da qeyd edim ki, havanın temperaturunun koronavirusun yayılmasına heç bir təsiri yoxdur. Lakin payız mövsümündə hava soyuduqca vətəndaşlar qapalı məkanlara üz tutacaq, qapı-pəncərələr bağlanacaq və hava dövriyyəsi azalacaq. Bütün bunların yoluxma hallarının artımına səbəb olduğu məlumdur".
Bu bəyanatlar fonunda cəmiyyəti maraqlandıran yeganə süal ondan ibarətdir ki, Azərbaycan hökuməti yenidən qapanmaya - xüsusi karantin rejiminin sərtləşdirilməsinə gedə bilərmi?
Bununla bağlı tibb professoru Ədalət Rüstəm bizimlə söhbətində bildirdi ki, yoluxma intensivliyi bu sürətlə irəliləyəcəksə, bəyanatlarda da bildirildiyi kimi, havaların sərinləşməsi prosesi daha da şiddətləndirəcəksə, onda hökumətin başqa çıxış yolu qalmaya bilər: "Mən dəfələrlə mediaya açıqlamalarımda demişəm ki, peyvəndlənmə prosesini sürətləndirməkdən başqa çıxış yolu yoxdur. Bunun üçün də peyvəndlənmə məcburi sayılmalıdır. Biz İsraildəki kimi problemin dərinliyini təbliğatla qavraya bilmirik, ona görə də vaksinasiya məcburi və kütləvi aparılmalıdır".
Müstəqil iqtisadçılar isə düşünür ki, hökumətin maliyyə imkanları məhdud olduğu üçün mümkün qədər qapanmadan qaçacaq. Çünki sərt karantin rejimi yalnız Bakı və Abşeronda tətbiq edilsə, ən azı 200 min işsizin hərəsinə 196 manat, 15 minə yapxın sahibkara isə müxtəlif həcmli kompensasiya verilməlidir.
Akif Nəsirli