Soyğunçular ölkəsi
Deputat haqlıdır, yoxsa BNA?
Əziz oxucular, xəbəriniz var da, artıq deputatlarımız da xalqın sözünü deməyə başlayıb və məmurların hədəfinə tuş gəliblər. Söhbət deputat Fazil Mustafa ilə BNA arasında davam edən söz davasından gedir. Mənə belə gəlir ki, əslində deputatın əsas vəzifəsi də, elə danışmaqdır, yoxsa bizimkilər kimi, «knopka» basmaq deyil. Amma görünür deputatlarımız, məhz qınaq obyekti olmamaq üçün danışmırlar. Çünki bu məmləkətdə kim xalqın sözünü dilə gətirirsə, mütləq şəkildə qınaq obyektinə çevrilir. Mən də hesab edirəm ki, Fazil bəy BNA-ya qarşı iradlarında haqlıdır. Amma, bu qurum abırına qısılıb, göstərilən iradları aradan qaldırmaq əvəzinə, deputatı ittiham etmək yolunu tutub. Çünki BNA yarandığı gündən ancaq özünü tərifləməklə məşğuldur və demək olar ki şəhər nəqliyyatında Ziya Məmmədovun dönəmindən qalan problemlərin heç biri həllini tapmayıb, təkcə avtobuslar yenilənib ki, bu da BNA-nın yox, dövlətin xidmətidir. Onda Z.Məmədovun qoçuları açıq şəkildə sürücüləri təhdid edirdisə, indi də BNA-nın əməkdaşları xəlvətcə yol kanarında duran avtomabilləri cərimələməklə məşğuldurlar. Həsənqulu demişkən, "bilirsən, burada nə pullar var".
Deputatın iddialarına cavab verən BNA təmsilçisi qeyd edir ki, şəhərdə avtobus zolaqlarının yaradılmasında məqsəd gündəlik ictimai nəqliyyatdan istifadə edən 2 milyon insanın hərəkət imkanlarını asanlaşdırmaqdır. Olsun! Onda ortaya belə bir sual çıxır- nəyin hesabına, BNA bunun üçün hansı işlər görüb? Heç bir iş görməyib. Sadəcə olaraq, 2 milyon insanın hərəkət imkanlarını asanlaşdırmaq adı altında, heç bir infrastruktur dəyişkliyi belə etmədən, digər 2 milyon yol -hərəkət iştirakçısının hərəkətini məhdudlaşdıraraq onları tıxaca salıb.
Son zamanlar müşahidə etdiyim bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. İstənilən dövlət strukturunda çalışan məmur, bu strukturun yarıtmaz fəaliyyətini ört-basdır etmək məqsədi ilə bu işləri dövlət başçısının tapşırığı ilə gördüklərini deməklə, bir növ məsuliyyətdən qaçmağa çalışırlar. Məsələn, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev kimi. O deyir ki, deputat BNA-ya qarşı əsassız fikirlər səsləndirməklə, dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahatlığı üçün şəhər nəqliyyat sistemində görülən tədbirlərə kölgə salır. Bu açıqlaması ilə hörmətli həmkarımız nəqliyyat sistemində mövcud olan nöqsanların, bir növ dövlət başçısının tapşırığı kimi qələmə verərək, problemin həllindən qaçmağa çalışır. Dövlət başçısı məyər deyib ki, hamınız düşün küçələrə, harada bir maşın gördünüz, cərimələyin? Dövlət başçısı deyib ki, heç bir yenilik etmədən, mövcud küçələrdə digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaqla avtobus zolaqları yaradın? Bu absurddur və heç kimi buna inandırmaq mümkün deyil.
O ki qaldı deputatın,"Cərimə tələsi" və "BNA qədər vətəndaşları soyan ikinci bir qurum yoxdur" ifadələrinə, burada Fazil bəy bir qədər üzgörənlik edib. Çünki, Azərbaycan adlı bu canım məmləkətim, əslində başdan- ayağa soyğunçular oylağıdır. Dövlət strukturunda çalışanların hamısı soyğunçuluqla, talançılıqla məşğuldur, bu məmləkətdə.
Səhiyyə, təhsil, hüquq-mühafizə orqanları, işıq, qaz, su, kanalizasiya qurumları, sadəcə xalqı soymaqla deyil, həm də dövləti talamaqla öz mövcudluqlarını davam etdirirlər. Bütün bu soyğunlar bir yana, hər ilin sonunda ağlaşma qururlar ki, müəssisə gəlirsiz işləyib, dövlətdən milyonlarla dotasiya alsınlar deyə. Maraqlıdır ki, bütün bu müəssisələr (onların arasında Bakı metropoliten və BNA da var) gəlirsiz işlədikləri halda, onların rəhbərləri ərəb şeyxlərindən daha yüksək səviyyədə yaşayırlar. Bütün bunları təkcə deputatlar və ölkə vətəndaşları deyil, həmin qurumlara nəzarəti həyata keçirənlər də görürlər. Amma və lakin...
P.S. BNA-nın cərimə tələsinə düşənlər adətən sadə insanlar olur. Dayanma, durma qaydalarını daim pozanlara isə heç kim, "gözün üstə qaşın var demir". Əgər bu faktın dəqiqliyinə də Mais Ağayevin şübhəsi varsa, 20 Yanvar dairəsindən Mətbuat prospektinə tərəf bir reyd keçirsin. Görsün ki, orada yolun hər iki tərəfi taksi dayanacağına çevrilib. BNA əməkdaşları isə onları "görmür". Adi bir vətəndaş 5 dəqiqəlik maşınını orada qoyub, qayıdanda görür ki, telefonuna 20 manat cərimə olunduğu barədə məlumat gəlib. BNA əməkdaqları isə tülkü kimi, xəlvətcə "işini" görüb, aradan çıxıblar.
Bu qədər bəsit, cənab Ağayev.
Yusif Seyidindir