Elçin Həsənzadə müalicə müəssisəsinə yerləşdirilib
Paralel.az xəbər verir ki, hazırda həbs cəzası çəkən bloger Elçin Həsənzadə səhhətinin pisləşməsi ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Bu barədə onun ailəsindən bildiriblər.
Ailə üzvünün dediyinə görə, Həsənzadə nevroloji xəstəlikdən əziyyət çəkir.
“Bundan başqa, onun böyrək xəstəliyi ilə bağlı ağrıları kəskinləşib. Əsəb sistemində pozuntular onun ədalətsiz və əsassız cinayət təqibi ilə əlaqədar yaranıb,” ailə üzvü qeyd edib.
Penitensiar Xidmətdən blogerin səhhəti ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.
Bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi bloger və fəallar Elçin Həsənzadəni və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib.
Xüsusi cinayət ittihamı qaydasında iddianı Mingəçevir şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev irəli sürüb. O, Həsənovun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəlb olunmasını tələb edib. İddianın səbəbi sosial şəbəkələrdə məmur haqqında tənqidi nəşrlərdir.
Bundan öncə Mingəçevir şəhər Məhkəməsi onların barəsində islah işlərilə bağlı hökm çıxarıb. Blogerlər hökmdən şikayət veriblər, lakin Apellyasiya Məhkəməsi cəzanı real həbs müddətilə əvəz edib.
Elçin Həsənzadə, həmçinin hüquq-müdafiə fəaliyyətilə məşğul olub, əvvəllər Sumqayıtda nəşr olunan "Yüksəliş naminə" qəzetinin redaktor müavini olub.