Yeni abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib
Paralel.az xəbər verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Rayon İcra Hakimiyyəti tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin “Təklifin var” portalına daxil olan müraciət əsasında abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib.
İstifadəyə verilmiş növbəti abad məhəllə Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, 16, 16a, 18, 18a, 20 və 22 N-li binaların qarşısında yerləşir.
Abadlaşdırılan və 6300 kv.m sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib.
Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələri, sağlamlıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarını səmərəli keçirməsinə dəstək verməkdir. Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq istifadəyə verilmişdir. Yeni məhəllədə 6000 kv.m asfalt örtüyü vurulmuş, 10 ədəd işıq dirəyi, 4 ədəd söhbətkeş, 2 komplekt uşaq yelləncəyi, 8 ədəd oturacaq quraşdırılmış, yaşıllaşdırma işləri aparılmış, 650 kv.m qazon salınmışdır.
Aparılmış quruculuq-abadlıq işləri çərçivəsində 1000 metr bardür səki, 160 metr bardür beton quraşdırılmış, 50 kv.m aqlay vurulmuş, 200 kv.m hörgü, 400 kv.m suvaq işi görülmüşdir. Binaların fasadlarının suvanması zamanı 1200 kv.m suvaq, boyanması zamanı 18000 kv.m sahə boyaq işləri görülmüşdür. Xatırladaq ki, abad məhəllələrin salınmasının əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Şahnaz Salehqızı