Yeni Yasamaldakı məişət tullantıları təmiz havanı korlamaqdadır
Paralel.az xəbər verir ki, paytaxt əhalisinin üzləşdiyi sosial problemlərlə bağlı vaxtaşırı narazılıqlar səslənir. Bu sırada Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində yerləşən hündürmərtəbəli binaların ərazisində hökm sürən natəmizliklə bağlı bizə müraciət edilib. Sözügedən ərazidə yaşayan sakinlər təkcə həmin həndəvərdə deyil, 308 saylı tam orta ümumtəhsil məktəbin həyətyanı sahəsində də analoji vəziyyətin olduğunu söyləyiblər. Onların dediyinə görə, ərazidə həddindən çox olan natəmizliyin ilk görünən səbəbi sakinlərin hamısının öz üzərinə düşən vəzifəni yerinə yetirməməsi, yəni əraziyə məişət tullantısı atmasıdır. Bundan başqa, sakinlər deyirlər ki, “Akkord”un və digər şirkətlərin inşa etdiyi binaların yerləşdiyi ərazidə ümumiyyətlə, təmizliyə baxan yoxdur:
“Biz çox xoşagəlməz bir vəziyyətlə üzləşmişik. Əraziyə məsul mənzil-kommunal təsərrüfatı idarəsinin əməli bir fəaliyyəti görünmür. Vaxtaşırı təmizlik işi aparılmır. Sakinlərin məsuliyyətsizliyi, idarənin də laqeydliyi nəticəsində ərazi çox pis gündədir. Vəziyyət o həddə çatıb ki, ərazidə yerləşən orta məktəbə aid su anbarlarının üstü də məişət tullantıları, zir-zibillə doludur. Burada hərdənbir təmizlik işi aparılsa da, bu əraziyə konkret kimin məsul olduğu bilinmir. Məsələylə bağlı yeni tikintilərin komendantına olunan müraciətə isə cavab olaraq deyilir ki, bu, orta məktəbin məsuliyyətidir. Qeyd edək ki, yaşadığımız ərazidə hər tərəfdə, göz işlədikcə məişət tullantılarının olması təmiz havanı korlayır. Biz sakinlər istəyirik ki, sözügedən ərazinin təmizlik-abadlıq işinə baxan konkret adda idarələr müəyyənləşsin və onlar öz məsuliyyətini bir-birinin üstünə atmasınlar”.
Nigar