91 yaşlı Lerik

91 yaşlı Lerik
 
Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil edilmişdir. Yanvar 1938-ci ilədək mərkəzi Qosmalıan kəndi olmaqla Zuvand rayonu adlanmışdır. 29 kənd ərazi icra nümayəndəliyi və 29 bələdiyyə qurumu fəaliyyət göstərir. 1084 km2 əraziyə malik olan rayonda 161 kənd və bir şəhər vardır. Prezident İlham Əliyevin 13 iyun 2008-ci il tarixli sərəncamı ilə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir.
Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur.
Qədim tarixə malik olan Lerik rayonu ərazisində daş dövrünə aid olan əşyalar tapılmışdır. Büzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. XVIII-XIX əsrlərdən başlayaraq məşhur fransız arxeoloqu Jak De Morqan, K.Şaffer və qardaşı Henri ilə apardığı arxeoloji qazıntı zamanı buranı "arxeoloji cənnət" adlandırmış, qiymətli tarixi eksponatlar aşkarlamışdır. Morqan Lerikin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar aparmış, bu diyarın qədim tarixindən söhbət açmışdır. O, mərtəbəli qəbirlərdən tapdığı bütün maddi mədəniyyət nümünələrini özü ilə Fransaya aparmışdır. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir.
Görkəmli arxeoloq H.Hümmel Lerikdə tapılan maddi-mədəniyyət nümunələrini neolit (yeni daş) dövrünə aid etməklə Azərbaycan paleolit dövrü adamlarının Lerik ərazisində məskunlaşmasını təsdiq edir. Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, professor Əsədulla Cəfərov Lerik rayonu ərazisində elmi tədqiqat işləri aparmış, ilk dəfə olaraq Büzeyir mağarasında orta paleolit dövrünə dair qədim insan düşərgəsi aşkar etmişdir.       Lerik həmişə uzunömürlülər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 163 il (1812-1975) ömür sürmüşdür. Onun digər həmyerlisi Məcid Ağayev 138 il (1835-1973) və Mahmud Eyvazov isə 150 il (1808-1958) yaşamışdır. Hazırda bu rayonda yaşı 100-ü keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır. Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, "buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş midiyalılardır".
Relyefi: 
Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır. Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Gömürgöy (2493 m) və Qızyurdudur (2433 m). Əsasən pallogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 
Bu gün Lerik Günüdür. Günümüz Mübarək!
 
Zeynal Baxışzadə
0.017971992492676