Tapdıq Abbas:"Biz düşmənlərlə hələ uzun zaman müharibə vəziyyətində yaşamalı olacağıq"...
Tapdıq Abbas: "Xalq birlikdə olmalı, düşmənlə mübarizədə cənab Prezidentə dəstək verməlidir..
Azərbaycanın xarici düşmənləri və onların ölkə daxildəki uzantıları hazırda çox fəallaşıblar. 44 gün davam edən Vətən müharibəsində Ermənistanı sarsıdıcı məğlubiyyətə uğratmının əsas nemarı və təşkilatçısı, möhkəm siyasi iradəyə malik, tutduğu prinsipial mövqeyindən əl çəkməyən müzəffər Ali Baş komandan Prezident İlham Əliyevə qarşı əks-təbliğatı gücləndiriblər. Onun Azərbaycanı gücləndirmək istiqamətində apardığı uğurlu daxili və xarici siyasətini zəiflətmək məqsədilə ciddi müqavimət göstərirlər...
Ermənistan müharibədə Azərbaycan ordusundan aldığı ağır məğlubiyyətə baxmayaraq, dünyanın güclü dövlətlərinin siyasətinə təsir etmək imkanına malik olan erməni lobbisindən, ABŞ-dan, Rusiyadan, Fransadan, ümumiyyətlə Qərbin xristian dövlətlərindən maliyə və siyasi dəstək alır və bu dəstək hesabına ötən il 10 noyabrda imza atdığı üçtərəfli atəşkəs bəyanatında əks olunmuş şərtləri yerinə yetirmir və təxribat törətməklə, Azərbaycanın iki ölkə arasında sülh sazişi bağlamaq təklifinin əlehinə gedir.
Hamı, hətta Ermənistan rəhbərliyi də yaxşı bilir ki, onlar himayəçilərilə birlikdə belə, Azərbaycan - Türkiyə - Pakistan və bütövlükdə hazırda formalaşmaqda olan Turan birliyinə qarşı təxribat törətməkdən başqa, heç bir şey edə bilməzlər! Amma bu gerçəkliyi bilə-bilə, yenə də himayəçilərinin təkidi ilə türk dünyasına və islam aləminə qarşı bəslədikləri düşmənçiliyi Azərbaycana və Türkiyəyə qarşı yönəldib, davam etdirirlər. Regionda gedən mənfi proses və hadisələrin gedişi belə nəticə çıxarmağa əsas verir ki, biz düşmənlərlə hələ uzun zaman müharibə vəziyyətində yaşamalı olacağıq...
Qeyd etdiyim hazırkı həssas məqamda ən vacib və əsası şərtlərdən biri və bəlkə də, birincisi odur ki, Azərbaycanda daxili birliyi və sabitliyi qorumaq və möhkəmləndirmək lazımdır! Ölkə Prezidentinə güclü dəstək verilməlidir, rüşvətxor məmurlara qarşı yüksək milli mübarizə təmin olunmalıdır! Müxalifət və jurnalist cildinə girib, yalnız ölkədəki çatışmazlıqları və nöqsanları bəhanə gətirib, düşmənə xidmət edənlərə qarşı Xalq olaraq çox ciddi mübarizə aparmalıyıq!
Dərk etməliyik ki, düşmənlərimizin hamısı təhlükəlidir və bunların da içərisində ən təhlükəlisi, məhz daxili düşməndir! Daxili düşmən isə cəmiyyətimizi təşkil edən bütün təbəqələr içərisində var. Düşmən qüvvələrin əksəriyyəti hakimiyyətdə, müxalifətdə, mediada və cəmiyyətin digər sahələrdə özlərinə yuva qurublar.
Tarixdən bəlli olduğu kimi, istənilən düşmənə, mənfur qüvvələrə qalib gəlməyin yeganə yolu milli birlikdən keçir. Atalar çox gözəl deyib ki, "el bir olsa, dağ oynadar yerindən"! Gəlin, bir olaq və düşmənin bizə qurduğu tuzaqları, tələləri məhv edək və onların sədd kimi qarşımızda qurduğu düşmınçilik dağlarını yerində oynadıb, yeksan edək!"...
Şahnaz