"Yasmin" olaylarının gizlinləri: Yalanın həqiqət və reallıq üzərində qələbəsinin əsas səbəbləri
Adı "xalq" sözüylə başlasa da, "XalqBank" adıyla, "Yasmin"də obyekt sahibi olan xalqın sahibkar övladlarına "od qoyulur"
İş adamları külli miqdarda pulları hesabına aldıqları bahalı obyekt və ofislərinin qapısına belə yaxın buraxılmırlar
"Yasmin" Ticarət Mərkəzi də, son illər ölkəmizdə milyonlarla manat vəsaitin havaya sovrulması anlamına gətirən maddi maraqlar uğrundakı daxili intriqaları, səs-küylü qalmaqalları ilə gündəmdən düşməyən biznes müəssisələri sırasında özünə xüsusi yer alıb.
Ölkə mətbuatının, xəbər saytlarının, sosial şəbəkələrin, eləcə də, araz.az xəbər portalının çoxsaylı yazılarında, ətrafında 2015-ci ildən başlayan, getdikcə böyüyərək, hətta ictimai qınağa çevrilən intriqa və qalmaqalların məkanı olaraq təqdim edilən bu ticarət mərkəzinin, mürəkkəb tikinti quruluşu görkəmini olduqca cəlbedici edən 7 mərtəbəli gözəgəlimli binası Bakının ən elitar ərazilərindən birində - Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşir.
Bu tikilinin, paytaxtın Azərbaycan Tibb Universitetinin iki addımlığındakı bu elitar ərazisində yerləşməsi, üstəlik, belə baxımlı və gözəgəlimli olması, 2008-ci ildən başlayaraq, 2013-cü ilin sonlarınadək, 5 milyon manatdan çox ümumi dəyər qiymətlərini tam ödəməklə, buradan özlərinə dəyərləri olduqca bahalı ofis və obyektlər alan 30 nəfərdən çox kiçik və orta sahibkarın başlarına düz yeddi ildir olmazın müsibətlər gətirib, oyunlar açmaqla, onların bizneslərinə də ciddi formada tənəzzül dövrü yaşadıb.
Yəni, elə, bu gözəgəlimliliyinin acı nəticəli qarşılığıdır ki, adını yuxarıda - yazının sərlövhəsində çəkdiyimiz "XalqBank" Açıq Səhmdar Cəmiyyətinin başında duranlar, “Yasmin”in bu baxımlı binasını, "ağına-bozuna baxmadan" ələ keçirməkdə israrlıdırlar.
Konkret desək, onlar, zərərçəkən həmin iş adamlarının hər birinin ticarət mərkəzinin içindəki müxtəlif ölçülü halal mülklərinə, hiylə, fırıldaq, iftira... dolu iyrənc planlı oyunlardan çıxmaqla əl qoya biliblər. Baxmayaraq ki, onlar belə xoşagəlməz əməlləri ilə, öz banklarının reytinqini aşağı salmaqda günahkar olduqlarını da yaxşı bilirlər.
Bəli, illərin əzab-əziyyətləri hesabına topladıqları külli miqdarda halal pulları müqabilində "Yasmin"dən aldıqları ofis və obyektlər, artıq, öz sahiblərinin əllərindən çıxmaq təhlükəsi ilə üz-üzədir. Çünki
"XalqBank"ın başında duran bankirlər heç bir qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə, ən əsası isə, qanunsuz təşkil etdirdikləri hərracla, reallıqda 60 milyon manata yaxın dəyər qiymətli vur-tut 22 milyona öz banklarının adına ala biliblər.
Burada özlərinə obyekt və ofislər alan sahibkarlara qarşı yol verilən belə haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində tez-tez haqlı tənqidi yazılar getməsinə, hətta burada əslində nə baş verdiyindən yuxarıların belə xəbərləri olmasına baxmayaraq, bu bankın başında duranların hər biri indiyədək “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipini üstün tutmaqdan çəkinməyiblər.
Yuxarıda deyilənlərin reallıqdakı həqiqətlər olduğunu bir daha sübut etmək üçün, öncə onu qeyd etməyi vacib bilirik ki, "Yasmin"in sahibi, törətdiyi cinayət əməlinə görə hazırda həbsdə yatan, indiki türmə həyatından xeyli əvvəl isə, adı törədilən bir sıra səs-küylü cinayətlərdə hallanan, hətta kriminal ləqəbiylə illər öncədən tanınmağa başlayan Mərhəmət Bəşirovdur. Kriminal təfəkkür sahibi olmasına baxmayaraq, o, hətta "Yasmin" ticarət mərkəzinin məxsus olduğu ”Mars M” MMC-nin direktoru vəzifəsini də tutub.
Bu vəzifə başında olarkən, "Yasmin"in tikintisini belə, rəhbəri olduğu bu şirkətə həvalə etməklə, min oyundan çıxa bilib. Üstəlik, sahibi olduğu bu ticarət mərkəzinin binasını qanunsuz yolla və saxta üsullarla "XalqBank"a girov qoyaraq, 2013-cü və 2015-ci illərdə iki dəfə tükürpədici rəqəmli kreditlər götürüb.
Bəli, bu kreditlərin verilməsi prosesində qanunsuz yolların və saxta üsulların olduğunu deməyimizin dəqiqliyinə şübhə yeri qalmır. Çünki belə olmasaydı, bu bank, heç olmasa, girov kimi qəbul etdiyi "Yasmin" ticarət mərkəzində yerləşən və ayrı-ayrı fərdlərə məxsus ofis və obyektlərin sahibləri ilə öncədən maraqlanar, həm də verdiyi kreditlərin təyinatı üzrə sərfinə nəzarət həyata keçirərdi. Təəssüf ki, bunlar olmayıb və kreditin hər ikisi də, öz təyinatları üzrə xərclənməyib.
Hətta apardığımız araşdırmalarımızdan belə məlum olub ki, 10 milyon manat məbləğində olan birinci kredit, eləcə də 17 milyon dollarlıq ikinci ipoteka krediti, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin başkəsən dəstəsindəki generalların təkidlərindən sonra, Mərhəmət Bəşirova verilib. Bu kreditlərin çox hissəsi isə, həmin generallara çatdırılıb.
Yerdə qalan hissələri isə, Mərhəmət Bəşirovun özü tərəfindən, onun ölkəmizdən xaricdəki kriminal ortaqlarının ünvanlarına yönləndirilib. Bütün bunlar ona işarədir ki, Mərhəmət Bəşirova bu kreditlər veriləndən çox-çox əvvəl də, o, bir çox kriminal dəstələrlə əlbir olub. Elə, bu səbəbdəndir ki, həmin kreditlərin taleyi indiyədək heç kəsə məlum deyil və bunun zərbəsinin dəhşət dolu ağrısı isə, adi iş adamlarının "başlarında çatlayıb".
Qısa və konkret desək, elə, kriminal təfəkkürlü Mərhəmət Bəşirov özünəməxsus kriminal süjet xətti olan bu "kredit hekayəsi" ilə də, çoxlarını bəlaya düçar edib. Buna baxmayaraq, onun xətrinə, törətdiyi bu səs-küylü cinayətin şiddətinə görə dəyən tapılmayıb. Dəhşət ondadır ki, onun cinayət əməlləri ilə bağlı gedən məhkəmə proseslərində belə haqq-ədalət qalib olmağı bacarmayıb.
Belə olmasaydı, Yasamal Rayon Məhkəməsində gedən səs-küylü prosesdə, bu boyda kreditlər götürüb, qaytara bilməyən, buna görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2. və 308.2. maddələri ilə ittiham edilərək, cinayət məsuliyyətinə cəlb olunan bu vəzifə sahibinə dövlət ittihamçısı -- prokuror 6 il 6 ay cəza tələbi qoymaz, hakim Hüseyn Səfərov isə, bu qatı cinayətkarı, vur-tut 4 il 6 ay azadlıqdan mərhum etməzdi.
Bu yerdə, onu da qeyd etməyi lazım bilirik ki, vaxtilə adı bir sıra digər qatı cinayətlərdə hallanan, indiki həbsinin kökü isə, məlum "MTN işi"nə bağlanan Mərhəmət Bəşirovun atası Azərbaycan Texniki Universitetinin o vaxtlar nüfuz sahibi olan prorektoru Bəşir Bəşirovdur.
Elə, atasının bu nüfuzundan sui-istifadə etməklə də, o, o vaxtlar istədiyini edə bilib. Hətta "Yasmin" ticarət mərkəzinin də məxsus olduğu ”Mars M” MMC-nin direktoru vəzifəsində "min oyun oynamaqdan" belə çəkinməyib.
Eldar Mahmudovun MTN-nin rəhbəri vəzifəsindən azad edilməsindən sonra isə, rəhbəri olduğu bu şirkət ətrafındakı qalmaqallı proseslərlə gündəmə gəlib. Yeri gəlmişkən, onu da qeyd edək ki, Mərhəmət Bəşirovla “Mars M” şirkətində 25 faizlik payçı olan, o vaxtlar milli təhlükəsizlik naziri vəzifəsində oturan Eldar Mahmudovun ən sadiq adamlarından biri kimi tanınan, hazırda “İnterpol” xətti ilə axtarılan “Akula Akif” ləqəbli Akif Mustafayev, şərikinin istədiyi hərəkətlər etməsindən, bankirlərlə gizli sövdələşmələrə getməsindən xəbər tutandan sonra, bərk qəzəblənib.
Adı yuxarılara bağlı olan "XalqBank"ın başında duran imkan sahiblərinin Mərhəmət Bəşirova güclü dəstək göstərmələrinə baxmayaraq, “Akula Akif” də, “Mars -- M” MMC-yə və onun rəhbərinə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldıra bilib. Başlanan bu məhkəmə çəkişməsi, sonda, iddiaçının şərikinə olduqca ağır başa gəlib. “Akula Akif”in özünün və onun MTN-dəki dostlarının təkidiylə, məhkəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və dələduzluq etməkdə təqsirli bildiyi Mərhəmət Bəşirovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə Qərar verib.
Bu yerdə, məlumat üçün onu da bildirək ki, Akif Mustafayevin “Mars M”də 25 faizlik paya hansı şərtlər daxilində sahib olduğunu indiyədək bilən olmayıb. Lakin ortada belə bir məlumat var ki, o, “Mars M”in təsisçiləri olan Bəşirov qardaşlarının qaynıdır. Bu qohumluq əlaqəsinə baxmayaraq, onun, çoxdan bu qardaşları görməyə gözü olmayıb.
Açıq-aşkar göründüyü kimi, onlar arasındakı bu soyuqluğun son acı nəticəsi də, "Yasmin"də özlərinə iş qurmaq istəyində olanların "başlarında çatlayıb", həmin iş adamlarının arzularının çin olmasına imkan verməyib.
Yeri gəlmişkən, bu mövzu ətrafında apardığımız jurnalist araşdırmalarımızın mükəmməl nəticəsi olaraq, bir daha vurğulamaq istəyirik ki, "Yasmin" biznes mərkəzinin baxımlı binasına göz dikən bankirlər, öz istəklərini həyata keçirmək üçün, hiylə, fırıldaq, iftira dolu iyrəncliklər üzərində qurduqları oyunlarının "gizli planlarını" çox fərasətsiz şəkildə tərtib etdiklərindən, cüzi bir araşdırma ilə də, onların bütün "sirlərini" üzə çıxarmaq mümkün olur.
Belə olmasaydı, dəyəri milyonlarla ölçülən bu kreditlər barədə, bu bankın necə qərar verdiyi hamıya gün kimi aydın olmazdı. Bunu, bu qatı cinayətdə rol oynayanların özləri də yaxşı bilirlər.
Ümumiyyətlə, Mərhəmət Bəşirovun bu "kredit hekayəsinin" süjet xəttindəki əksər epizodlar da, yuxarıda qeyd etdiklərimizin inkarolunmaz təsdiqidir. Onların bəzilərini araz.az-ın dəyərli oxucularının da diqqətinə çatdırırıq:
Paytaxtdakı bütün yeni gözəgəlimli tikililərdə olduğu kimi, "Yasmin"dəki obyekt yerlərinin və ofis otaqlarının da, hələ onun təməli qoyulub, tikintisinə start verildiyi ilk günlərdən satışı başlanıb. Mərhəmət Bəşirov, tikinti gedə-gedə, 30 nəfərdən çox iş adamına, qiymətləri 100000 manatdan yuxarı obyekt və ofis otaqları satıb. \
2013-cü ildə isə, bu ofis və obyektlərin sahiblərindən xəbərsiz, "XalqBank"a müraciət edərək, "Yasmin"in binasını girov qoymaqla, 10 milyon manat məbləğində kredit əldə edib. Bu krediti qaytara bilməsə də, 2015-ci ildə, -- həmin iş adamları öz ofis və obyektlərinə maliyyə arayışı aldıqdan 5 il sonra, -- yenə onların xəbəri olmadan, "Yasmin"in binasını təkrar “XalqBank”a girov qoyaraq, ikinci dəfə isə külli miqdarda -- 17 milyon dollar kredit götürüb.
Mərhəmət Bəşirov hər iki krediti qaytara bilmədiyi üçün, artıq, "Yasmin"in binası, burada sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmin iş adamlarının bahalı ofis və obyektləri qarışıq, həmin bankın mülkiyyətinə çevrilmək təhlükəsi ilə üz-üzədir. Elə, bu təhlükə söhbəti ortaya çıxandan sonra, bu obyekt və ofislərin sahibləri Mərhəmət Bəşirovun "XalqBank"la kredit oyunlarından xəbər tutublar.
Onda, artıq, təsirli nəsə etmələri də çox gec olub. Daha doğrusu, aidiyyatı dövlət qurumlarında onların dərdlərinə əlac edəcək kimsə tapılmayıb. Hətta "XalqBank"ı əllərində saxlayanlar belə, heç olmasa, girov kimi qəbul etdikləri "Yasmin" ticarət mərkəzində yerləşən və ayrı-ayrı fərdlərə məxsus ofis və obyektlərin sahibləri ilə maraqlanmayıblar. İndinin özündə də belədir!
Mərhəmət Bəşirovdan obyekt və ofislər alıb, külli miqdarda vəsaitləri hesabına, öz zövqlərinə və imkanlarına uyğun təmir-dizayn işləri həyata keçirən, burada işlərini davam etdirməyə və genişləndirməyə qərar verən sahibkarlarla, heç kim hesablaşmaq istəmir.
Bu azmış kimi, "XalqBank" rəhbərləri bu iş adamları ilə elə rəftar edirlər ki, sanki onlar zorla bu bankirlərin əllərindən halal ofis və obyektlərini alıblar. Ən dəhşətlisi odur ki, bu günədək, bankın səlahiyyət sahibləri arzuları puç olan bu sahibkarlarla, heç olmasa, stol arxasında oturub, bu qanunsuzluqları müzakirə etmək də istəmirlər. Onu da başa düşmək istəmirlər ki, bu ağır cinayəti bu iş adamlarına qarşı təkcə Mərhəmət Bəşirov yox, onunla mütəşəkkil, onların özləri törədiblər.
Nə olsun ki, "XalqBank" adı yuxarılarla bağlıdır?! Nə vaxtsa, həqiqət qalib gələcək, haqq öz yerini tapacaq, bütün cinayətkarlar layiq olduqları cəzalarını alacaqlar. Axı, qanun qarşısında hamı bərabərdir və hər kəsin əmlak hüququ danılmazdır. Halal əmlakı heç kəs heç kəsin əlindən ala bilməz! Sadəcə, bu yöndə baş verən hər bir hadisənin həqiqi qiymətini almasının geci-tezi olur Azərbaycanda;
İndi çoxlarına məlumdur ki, "Mars M" MMC-nin hazırda həbsdə olan rəhbəri Mərhəmət Bəşirovun özünü də, imkan sahibi həmin bankirlər, özləri tərəfindən qabaqcadan hazırlanan hiylə və məkr dolu planın daha bir icraçısına çevirə biliblər.
Belə olmasaydı, onlar, heç olmasa, müştəriləri olan Mərhəmət Bəşirovun keçmişi ilə maraqlanardılar. Çünki, bu, böyük məbləğli kreditlərin verilməsi zamanı, nəzərə alınan əsas şərtlərdən biridir. Di gəl ki, bu bankın başında duranlar bu müştərilərinin heç nəyi ilə maraqlanmayıblar. Halbuki, o vaxtlar, mətbuat və sosial şəbəkələr belə Mərhəmət Bəşirovun saxtakarlıq və maxinasiya dolu keçmiş fəaliyyəti ilə bağlı məlumatlarla dop-dolu olub.
Bu yerdə, xüsusi olaraq onu da vurğulamaq istəyirik ki, Mərhəmət Bəşirova məbləği belə "göz qamaşdırıcı" ikinci kredit, nəinki əsas, heç olmasa elementar bank şərt və qaydalarına əməl olunmadan verilib. Buradan da belə çıxır ki, "XalqBank" ikinci dəfə kredit verəndə belə, bir bank üçün ən vacib sənəd olan müştərisinin kredit tarixçəsinə də baxmayıb.
Axı, Mərhəmət Bəşirovun pis bir kredit tarixçəsi olubsa, bir daha bu qədər krediti ona necə etibar etmək olardı?! Araşdırmalarımız zamanı, bu vacib sualın da, qısa bir cavabını ortaya çıxarmağımız mümkün olub. Qısa və konkret desək, elementar bank şərt və qaydalarına əməl olunmadan, Mərhəmət Bəşirova bu boyda kreditlərin ayrılması, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin məlum kriminal dəstəsinin adına bağlanır.
Bu dəstədəkilər, hətta "Yasmin"dən özlərinə qeyri-yasayış sahələri alanları buradan uzaqlaşdırmaq üçün, onların başlarına istədikləri oyunu açmaqdan belə çəkinməyiblər. Konkret desək, külli miqdarda ziyana düşən həmin zərərçəkənləri öz investisiyalarından məhrum etmək üçün, hər vasitəyə əl atmaqdan çəkinməməklə, onları da, özlərinin qabaqcadan qurduqları tikinti fırıldağının qurbanına çeviriblər.
Ən dəhşətlisi odur ki, aidiyyatı dövlət qurumları ilə bərabər, hüquq-mühafizə orqanlarının əllərini də, həmin iş adamlarının külli miqdarda maddi zərərə salınmasıyla nəticələnən bu fırıldağın iyrəncliklərinə bulaşdırmağa nail ola biliblər;
"Yasmin" adı ətrafında baş verənlər sahibkarlara məlum olandan sonra, onlar, dəfələrlə, bankın rəhbər şəxsləri ilə görüşə cəhd edərək, əsl həqiqəti onlara çatdırmaq istəyiblər. Lakin "XalqBank"ın üzdə olan başda duranı Asim Məmmədli hər dəfə onlarla görüşlərdən yayınıb. Onun iş adamları ilə görüşdən imtina etməsinin, rəhbəri olduğu bankdakı qanunsuz hərəkətlərindən əziyyət çəkən vətəndaşları dinləməyə hazır olmamasının səbəbləri, artıq, hamı tərəfindən başa düşüləndir. Çünki ortadakı reallıqlar açıq-aşkar ona dəlalət edir ki, Mərhəmət Bəşirovla bank rəhbərliyi arasında münasibət əvvəlcədən mövcud olub və aralarında gizli sövdələşmələr gedib. Əlimizdə olan kifayət qədər tutarlı fakt da, deyilənlərin sübutudur.
Bunun təsdiqi olaraq, yalnız onu demək kifayətdir ki, "XalqBank"ın paytaxt Bakının İnşaatçılar prospektində yerləşən yaraşıqlı Baş ofis binasının inşasını da, Mərhəmət Bəşirovun rəhbərlik etdiyi "Mars M" MMC həyata keçirib. Bu binanın tikintisi zamanı da, onlar birlikdə, milyonluq maxinasiya və saxtakarlıqlar həyata keçiriblər.
Kökü məlum "MTN işi"nə uzanan, Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən sonra isə, bu şirkət ətrafında gündəmə gələn qalmaqallı proseslərlə, onlar arasındakı belə xoşagəlməz sövdələşmələr səngiməyə başlayıb;
"Yasmin" ətrafında baş verən qanunsuzluqlar buradakı sahibkarları müxtəlif instansiya məhkəmələrinə üz tutmağa məcbur edib. Öncə, narazı obyekt və ofis sahiblərinin mülkiyyət hüquqları məhkəmə qərarları ilə tanınmağa başlayıb. “XalqBank”dakı imkan sahibləri isə, buna dözməyərək, məhkəmələrə təzyiqlər göstərməklə, bu proseslərin "çarxını tərsinə döndəriblər".
Bundan sonra zərərçəkən sahibkarlar hansı instansiya məhkəməsinə gediblərsə, hüquqları tanınmayıb. Üz tutduqları aidiyyatı dövlət qurumlarına etiraz səslərini çatdırmaq üçünsə, dizin-dizin sürünmək məcburiyyətində qalıblar. Sahibkar olsalar da, heç bir dövlət qurumunda onlara hörmətlə yanaşan tapılmayıb.
Yüksək çinli məmurlar, hətta onların halal ofis və obyektlərini qeyri-qanuni olaraq əllərindən qoparmaq üçün çalışanlara dəstək verməkdən belə çəkinməyiblər. Üstəlik, "XalqBank" adının yuxarılarla bağlılığının nə demək olduğunu onlara başa salmaqdan da çəkinməyiblər.
Yeri gəlmişkən, bir daha bildirmək istəyirik ki, Nərimanov Rayon Məhkəməsi həmin iş adamlarının mülkiyyət hüquqlarını tanıyan Qərar çıxarsa da, Yasamal Rayon Məhkəməsinin Qərarıyla, onlar ofis və obyektlərindən çıxarılıblar. Haqlarına çatmaqda ümidləri tükənmək üzrə olan bu sahibkarların Böyük Allahdan və ölkə rəhbərindən imdad diləməkdən başqa əlacları qalmayıb.
Onların ümidləri ona görə tükənir ki, yerli, Bakı Apellyasiya və Ali məhkəmələrinin ədalətli qərarları ilə, həmin iş adamlarının mülk sahibi olmaları təsdiqlənsə də, hüquqlarını tam qoruyan həmin qərarları Konstitusiya Məhkəməsi özünün 18 iyul 2018-ci il tarixli müəmmalı məqamlarla dolu bir Qərarı ilə ləğv edərək, Ali Məhkəmənin Plenumuna göndərib.
Onlarsa, bu "ləğv erməni" indiyədək heç cür anlamadıqlarını deyirlər. Çünki vaxtilə bu iş adamlarının xeyrinə aşağı və yuxarı instansiya məhkəmələrində də düzgün məhkəmə qərarları çıxarılıb. Hətta Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli düzgün Qərarına baxmayaraq, Konstitusiya Məhkəməsində bunun tam tərsinə - konsepsiyalarımıza uyğun olmayan bir Qərar çıxarılsa da, iki il sonra, Konstitusiya Məhkəməsinin bu Qərarına qarşı belə, öz qətiyyətini bir daha təkrarlayan Ali Məhkəmə daha bir Qərarını təqdim edib. Məhz bunlara görədir ki, Plenumun Qərar qəbul edib, bu işə ətraflı baxılması üçün, bir daha Apellyasiya Məhkəməsinə göndərməsi başa düşülən, ortadakı ləğvetmə qərarlarının nəyə lazımlığı anlaşılan deyil;
"Yasmin"in təməli qoyulandan, buradan özlərinə ofis və obyektlər almaları barədə həmin iş adamlarının əllərində rəsmi sənədlərinin olduğunu "XalqBank"ın başında duranlar da yaxşı bilirlər. Təbii, həmin obyekt və ofis sahiblərinə “kupçaların” verilmədiyini də onlar bilirlər. Çünki tikilən binanın Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı olmur. Məhz bu səbəbdən, buradan obyekt və ofislərin alınması, əsas predmeti ”Mars M” MMC-yə məxsus "Yasmin" ticarət mərkəzindəki ayrı-ayrı sahələrin vətəndaşlara satılmasından ibarət olan müqavilə və ödənişi təsdiqləyən maliyyə arayışları ilə rəsmiləşdirilib - yəni, adi qaydada. Həmin müqavilələrdə tərəflərin öhdəlikləri də açıq-aydın göstərilib.
Üstəlik, satıcı kimi həmin tikinti firması tikinti-quraşdırma işlərini də, layihə sənədlərinə müvafiq olaraq, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə həmin alıcılara təhvil verməyi öz öhdəsinə götürüb.
Araşdırmalarımız da göstərir ki, ümumi sahəsi 20800 kvadratmetr olan "Yasmin" ticarət mərkəzi binasının, həmin iş adamlarının ofis və obyektləri yerləşən 16000 kvadratmetr sahəsi həmin vaxt banka girov kimi qoyula bilməzdi. Çünki 2008 -- 2009-cu illərdə rəsmən onlara satılmış bu sahədəki mülklərini, 2013 və 2015-ci illərdə bir bankın girov kimi qəbul etməsinə mövcud qanun və qaydalarımız da heç cür icazə vermirdi.
Ona görə ki, "Yasmin" ticarət mərkəzinin və “Mars M” MMC-nin direktoru Mərhəmət Bəşirov bundan xeyli əvvəl onlarla alqı-satqı müqavilələri bağlayıb və bunların əsasında, həmin qeyri-yaşayış sahələrini rəsmən onlara satıb. Üstəlik, bu müqavilələr notarial qaydada da təsdiqini tapıb, hətta alıcılara bu barədə maliyyə arayışları da verilib.
Bir də, əvvəlcədən qeyd etdiyimiz kimi, həmin vaxt, həmin ticarət mərkəzinin özü ona görə bütövlükdə girov predmeti ola bilməzdi ki, bu tikili, Fövqəladə Hallar Nazirliyi tərəfindən təhvil-təslim edilərək, istismara yararlılığı lazımi sənədlərlə təsdiqini tapmamışdı. Yəni, həmin vaxt həmin ticarət mərkəzinin binasının hansısa bankda girov kimi qəbul edilməsi mümkünsüz idi.
Araşdırmalarımızdan o da məlum olub ki, Fövqəladə Hallar Nazirliyinin indiyədək "Yasmin" biznes mərkəzinin binasının istismara yararlı olması barədə, bu tikilinin girov qoyulmasını mümkünsüz edən lazımi sənədləri verməməsinin ciddi səbəbləri var.
Əsas səbəb odur ki, “Mars M” MMC-nin tərkibindəki bu ticarət mərkəzinin binası, əslində 7 yox, 5 mərtəbəli olmalıymış. Elə, "Mars M" MMC-nin özünün inşa etdiyi bu biznes mərkəzinin binasının qabaqcadan təsdiqlənmiş inşaat layihəsində də, 5 mərtəbəli olacağı göstərilib.
Onu da qeyd edək ki, 2010-cu ildə, buradakı obyekt və ofisləri satandan sonra, tikinti şirkəti olan “Mars M” MMC-nin direktoru Mərhəmət Bəşirov, müəmma dolu hansısa üsullarla, Daşınmaz Əmlakın Dövlət Reyestrində “Yasmin” binasının qabaqcadan qeydiyyatına da nail olub. Yəni, bina hələ tam tikilməmiş və təhvil verilməmiş, bütün binaya “kupça” əldə edilib.
Doğrusu, bu, qanunsuz bir şey deyil. Sadəcə, Azərbaycanda çox nadir haldır. Adətən vaxtilə Kərəm Həsənovun rəhbərlik etdiyi məlum Komitə belə qeydiyyatları həyata keçirərdi;
"XalqBank"ın həmin iş adamlarına qarşı heç bir iddiası ola bilməz. Çünki onlar bu bankdan kredit götürməyiblər və öz əmlaklarını özləri girov qoymayıblar. Bu məsələdə üstünlük qanun çərçivəsində sahibkarların tərəfində olduğundan, bəzi aşağı və yuxarı instansiya məhkəmələrinin, ələlxüsus, Konstitusiya Məhkəməsinin buna məhəl qoymaması başa düşülən deyil.
Həm də, tale məsələli belə bir məqamda, həmin məhkəmələrin prosedur qaydasında hansısa detallı araşdırma aparmamaları təəssüf doğurur. Çünki bu məhkəmələr tərəfindən bir göz qırpımında arzuolunmaz qərarların qəbul edilməsi, Mərhəmət Bəşirovdan baha qiymətə obyekt və ofislər alıb, hətta bu mülklərində külli miqdarda vəsaitləri hesabına, öz zövqlərinə və imkanlarına uyğun təmir-dizayn işləri həyata keçirən, burada işlərini davam etdirib, daha da genişləndirməyə qərar verən həmin iş adamlarını hədsiz narahat edib. Məhz bu arzuolunmaz qərarlara görədir ki, indiyədək onlarla heç kim hesablaşmaq istəməyib.
Ən yuxarı instansiya məhkəməsinin tamamilə əsassız qərar qəbul etməsinin, bir bankın elementar qaydalara riayət etmədən kreditlər verməsinin, sonda əleyhinə köklənən məhkəmə prosesini qazanmasının başa düşülən olmadığını və bütün bunları izah etməyin olduqca çətinliyini, yəqin ki, hamı yaxşı bilir. Bütün bunlara görədir ki, əzab-əziyyətlər hesabına topladıqları külli miqdarda pullarıyla aldıqları ofis və obyektləri əllərindən çıxmaq təhlükəsi ilə üz-üzə qalan həmin iş adamları, bundan sonra, nə edəcəklərini bilmirlər...
...Bəli, “Yasmin” biznes mərkəzindən illər öncə bir ətək pullarını töküb, özlərinə, dəyərləri üst-üstə milyonlarla ölçülən mülklər alan həmin iş adamları indi çıxılmaz vəziyyətdə qalıblar. Dəhşət ondadır ki, halal mülklərindən istifadə etmək arzusunda olsalar da, artıq xeyli müddətdir binanın qapısına belə yaxınlaşa bilmir, girişə qoyulan mühafizəçilər onları içəri buraxmırlar.
Yeri gəlmişkən, onu da qeyd edək ki, “Mars M” MMC-nin və “XalqBank”ın fırıldaqlarına məruz qalan, halal mülkləri onlardan xəbərsiz banka girov qoyulan, buna görə də, "Yasmin"ə buraxılmayan həmin sahibkarlar, onlara qarşı törədilən bu özbaşınalıqlara və qanunsuzluqlara dözməyərək ayağa qalxıb, ölkə jurnalistlərinin iştirakı ilə, bir müddət öncə, elə, ticarət mərkəzinin önünə toplaşaraq, binasının qarşısındaca səs-küylü etiraz aksiyası da keçiriblər. Hətta bu aksiyada ölkə rəhbərinə və ictimaiyyətə etdikləri müraciətlərində, onlara qarşı törədilənlərin əsl cinayət olduğu xüsusi vurğulanıb:
"Bu cinayətin baş verməsinə səbəb, bu biznes mərkəzinin “XalqBank”a girov qoyulmasıdır. Sahibi Mərhəmət Bəşirov, ümumi sahəsi 22 min kvadratmetrdən çox və 7 mərtəbəli olan bu ticarət mərkəzi binasının, 16 min kvadratmetrlik 5 mərtəbəsini banka girov qoyaraq, bizdən xəbərsiz iki dəfə külli miqdarda kredit götürüb. Bu hadisə, biz bu binadakı ofis və obyektlərimizə maliyyə arayışları aldıqdan 5 il sonra baş verib.
Dəhşət ondadır ki, biznes mərkəzinin özü tam təhvil verilmədən, yəni, binası girov obyektinə çevrilməmişdən əvvəl bank rəhbərliyi bu əməliyyatlara razılıq verib. Kredit ödənilmədiyi üçün, bank rəhbərliyi qanunlarımızın tələb etdiyi məcburiyyətdən məhkəməyə müraciət edib. Axırda isə, girov predmeti olan və çoxdan göz saldığı bu gözəgəlimli binanı ələ keçirmək istəyini reallaşdırmaq üçün, üzərinə müxtəlif xoşagəlməz üsullardan istifadə etməklə, məhkəmə Qərarıyla həbs qoydurmağa nail olub.
Doğrudan da, danılmaz bir həqiqət olaraq çoxlarına çoxdan məlum olub və biz də sonradan bilmişik ki, “XalqBank” rəhbərliyi "Yasmin"in bu gözəgəlimli binasına çoxdan göz dikibmiş. Elə, həmişə də, bu tikilini ələ keçirmək arzusunun çin olması üçün, yollar düşünürmüş. Elə, Mərhəmət Bəşirovun cinayət işində zərərçəkmiş kimi tanınmaları da, onların bu arzularının çin olmasında xüsusi rol oynayıb.
Ümumiyyətlə, bizim bu banka qarşı iddiamız yoxdur. Sadəcə, bizim də hüquqlarımızın, əlimizdə olan sənədlərin tanınmasını istəyirik. Axı, göz qabağındakı onlarla obyektin işinə mane olmaq yaxşı iş deyil.
Daha doğrusu, göz qabağındakı bu boyda işlək obyektləri bu vəziyyətə salmaq ən böyük cinayətdir. Bunu sübut etməyə savad da lazım deyil. Krediti, vətəndaşların pulunu ora-bura səpələməyin başqa izahı yoxdur. O saat başa düşülür ki, ortalıqda pullar bölünərək, mənimsənilib. Əvəzində, vətəndaşların əmlakı girov götürülüb.
"XalqBank”la Mərhəmət Bəşirovun aralarında nə olubsa, özləri bilməli, problemlərini özləri həll etməlidirlər. Sahibkar əmlakını zəbt etməyə isə, heç bir Azərbaycan qanunu yol vermir. Vətəndaşın əmlakı kiminsə etdiyi cinayətə görə, necə mənimsənilməlidir?! Dövlətə, xalqa, hökumətə sadiq olan insanlar, qanunpərəst vətəndaşlar, başını aşağı salıb işləyən adamlar buna görə niyə əziyyət çəksinlər ki?!
Bir də ki, girov qoyulmayan qalan iki mərtəbənin obyektləri bizə qaytarılmalıdır. “Xalq Bank” isə, bütün binanı mənimsəyib və bizi içəri buraxmır. Belə biabırçılıq harda görünüb?!
Əlini bizdən çək, "XalqBank"!".
Bunlar, həmin etiraz aksiyasında deyilənlərin qısa xülasəsidir. Bu xülasəyə onu da əlavə etmək istəyirik ki, etirazçı həmin iş adamları, mülkiyyət hüquqları tanına qədər etiraz tədbirlərini davam etdirəcəklərini də bildiriblər.
Onu da qeyd edək ki, aksiyadan dərhal sonra, jurnalistlər "XalqBank" rəhbərliyi ilə əlaqə saxlayaraq, burada törədilənlərdən doğan hədsiz sahibkar narazılıqlarıyla bağlı fikir və münasibətlərini öyrənməyə cəhd ediblər. “Xalq Bank”dan isə onlara bildirilib ki, bu məsələ ilə bağlı, bank rəhbərliyi tərəfindən tezliklə ətraflı açıqlama veriləcək. Di gəl ki, bu barədə günü bu günədək açıqlama verəcək kimsə tapılmayıb.
Ümumiyyətlə, "XalqBank"ın başında duranların törətdikləri bu qatı cinayət əməlləri, yalnız, bu işdə adları zərərçəkən kimi keçən bu iş adamlarına qarşı deyil, həm də “Sahibkarlar bu ölkəni ayaq üstə saxlayan təbəqəsidir, onları incitməyin!” deyən dövlətimizin başçısının ölkəmizdə sağlam biznes mühitinin inkişafına və sahibkarlığa hərtərəfli dəstəyə hesablanan siyasəti əleyhinədir.
Elə, bunu əllərində əsas tutaraq, ümidləri kəsilən və əlləri hər yerdən üzülən sahibkarlar, pis əməlləriylə özünü ictimaiyyətə çoxdan tanıdan, törətdiyi külli miqdarda mənimsəmə faktına görə həbsxanaya düşən, türmə həyatından əvvəl isə, "Mars M” MMC-nin direktoru və bu tikinti qurumunun özünün inşa etdiyi özünə məxsus “Yasmin” ticarət mərkəzinin sahibi olan Mərhəmət Bəşirovun "XalqBank" ASC-nin başında duranlarla saxta biznes əlaqələrini şikayət xarakterli müraciət məktubları vasitəsi ilə, dəfələrlə, ölkə başçısının da diqqətinə çatdırıblar.
Bu firildaq nəticəsində haqlarının pozulmasına, əmlaklarının qanunsuz ələ keçirilməsinə imkan verməməsi, bu ciddi məsələnin vicdan çərçivəsində həllini tapmasını təcili nəzarətə götürməsi üçün, dövlət rəhbərinin özünə səsləniblər. Halbuki, həmin məhkəmələrə gətirilən Mərhəmət Bəşirov da, onların pul ödəyib, özlərinə obyekt və ofislər aldıqlarını dəfələrlə təsdiqləyib. Buradan belə açıq-aydın görünür ki, bu fırıldaqda aidiyyatı dövlət orqanları da iştirak ediblər.
Hazırda da, hüquq-mühafizə orqanları və məhkəmələr törədilmiş bu cinayəti ört-basdır edərək, zərərçəkən sahibkarları investisiyalarından məhrum etmək istəyirlər - işin qısa mahiyyəti də, elə, budur!
Bu yerdə, onu da qeyd etməyi vacib bilirik ki, "XalqBank" ortada peyda olanda, bu sahibkarların obyektləri çoxdan təmir olunaraq, işləyirdi. Onlara bu barədə hüquq verən sənədlər də, əllərindəydi. "XalqBank" bunu görməyə bilməzdi, axı, kor da bunu görərdi.
Əvvəlcədən xüsusi vurğuladığımız kimi, nə olsun, "XalqBank" adı yuxarılarla bağlıdır?! Axı, qanun qarşısında hamı bərabərdir və əmlak hüququ danılmazdır. Halal əmlakı heç kəs heç kəsin əlindən ala bilməz! Sadəcə, baş verən hər bir hadisənin həqiqi qiymətini almasının geci-tezi var!
Sonda, xüsusi olaraq onu vurğulamaq istəyirik ki, "Mars M” MMC-yə məxsus "Yasmin" ticarət mərkəzi ətrafında baş verənlər əsl cinayət, buradakı qalmaqallı proseslərdə ciddi ziyana düşən ofis və obyekt sahibləri isə, "XalqBank" ASC-nin başında duranların əvvəlcədən düşündükləri hiylə, iftira dolu iyrənc planlı baxımlı tikili fırıldağının qurbanlarıdır. Bunu, bir media vasitəsi olaraq, təkcə araz.az xəbər portalı yox, ölkənin bir çox nüfuzlu mətbu orqanları da, öz yazılarında həmişə belə qələmə veriblər.
Hətta əlləri yerdən-göydən üzülən zərərçəkən həmin iş adamları - Afət Ağazadə, Sahib Quliyev, Azər və Akif Mahmudovlar, Fuad Ramazanov, Natəvan Bağırova, Əliağa Məmmədov, Anar Hüseynov, Zülfüqar Kazımov, Yalçın Məlikov, Adil Məmmədov, Ədalət Zamanov, Vüqar Həsənov, Qalıb Məmmədov, Elçin Əliyev... də, imzalayıb, ölkə başçısına, aidiyyatı dövlət qurumlarının rəhbərlərinə göndərdikləri şikayət ərizələrində, açıq məktublarında və müraciətlərində özlərini fırıldaq qurbanları kimi göstəriblər. Doğrudan da, belədir!
Əgər belə olmasaydı, onda, şəriki "Akula Akif” ləqəbli Akif Mustafayevlə 2009-cu ildə paytaxt Bakının ən elitar ərazilərindən birində “Yasmin” biznes mərkəzini tikən, 2013-cü ildə "XalqBank"a müraciət edərək, 10 milyon manat məbləğində kredit əldə edən və onu qaytara bilməyən Mərhəmət Bəşirovun rəhbəri olduğu MMC-yə, 2015-ci ildə bu bank təkrar 17 milyon dollar krediti necə ayırardı?! Bunu kim bilmir ki, hər hansı bir bankın etibar qazanmayan müştərisi, həmin bankdan təkrar kredit götürə bilməz - özü də, bu qədər?!
Təkrar kredit almaq üçün, həm əsas şərtlərə əməl etməyən Mərhəmət Bəşirovun buna belə asanlıqla müvəffəq olması, həm də bu hüquqi şəxs haqqında bütün məlumatları dəqiqləşdirmədən, "XalqBank"ın özünün onunla bu boyda kredit sövdələşməsinə belə asanlıqla getməsi şübhəli çox məqamlardan xəbər vermirmi?! Hələ xəbərimiz var ki, məhz bu səbəblərə görə, bankın Kredit Komissiyası, Mərhəmət Bəşirov hər iki dəfə kredit götürmək istəyəndə, buna mənfi rəy verib. Bəs, bankın başında duran imkan sahibləri buna nədən əhəmiyyət verməyiblər?!
Haqqın tezliklə öz yerini tapacağı ümidiylə və zərərçəkənlərin dərd-sərlərinə şərik olmaq istəyiylə hazırlayacağımız növbəti yazılarımızın mövzu ana xəttində yuxarıdakı suallara tam və ətraflı cavabın duracağını planlaşdırmışıq.
Həm bu səbəbdən, həm də "Yasmin" ətrafında baş verən qanunsuzluqlarla bağlı fakt və dəlillərin, araşdırmalarımız zamanı rastlaşdığımız saysız-hesabsız xoşagəlməz məqamların, yuxarıda qeyd etdiyimiz digər vacib məsələlərə dair sənəd-sübutların sayı əlimizdə çox olduğundan, bu mövzunu daim diqqətdə saxlayıb, jurnalist araşdırmalarımızı davam etdirəcəyimizi, yazılarımızın davamlı olacağını bir daha bildiririk.
P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Mənbə araz.az