Göyçay sakini: “Verdikləri zəmanət talonu yalançı bir sənəddir”
Göyçay rayonu, Bığır kənd sakinin Vaqif Rəhmanov üzləşdiyi problemdən bəhs edib.
Paralel.az xəbər verir ki, Vaqif Rəhmanov ünvanladığı müraciətində qeyd edib ki, bu ilin 23 aprel tarixində “Kontakt Home”nin Xırdalanda yerləşən mağazasından Samir Əzizovun adına rəngli “Canon PİXMA G2415” markalı printer alınaraq rayona göndərilib: “Həmin vaxt mağazanın Göyçay filialı hələ açılmamışdı. Dəyəri 360 manat olan avadanlığın pulu tam ödənilib. Lakin 5 iyun tarixində printerdə nasazlıq yarandı və çap işi mümkün olmadı. Bununla bağlı mağazanın Göyçay filialına müraciət etdim. Oradan isə servisə göndərməyi söylədilər. Printeri qablaşdırdıq və müvafiq akt tərtib olundu. Lakin bir aydan çox vaxt keçməsinə baxmayaraq, mənə heç bir məlumat verilmədi. İyulun 7-də etdiyim zəngə cavab olaraq isə dedilər ki, yaxında məlumat veriləcək. Ondan sonrakı danışıqlarda isə müxtəlif, əsassız bəhanələr gətirməyə başladılar. Bir sözlə, bəlli olan budur ki, həmin avadanlıq satışdan əvvəl nasaz olub, lakin bunu hansı yolla olursa-olsun, istehlakçının boynuna qoymaq istəyirlər. Verdikləri zəmanət talonu isə yalançı bir sənəddir. Bugünə qədər nə servisdən, nə də “Kontakt Home”dən Servis Müayinə Aktı və ya hansısa bir sənəd yoxdur. Çünki ora nə yazacaqlarının bilmirlər. Məqsədləri təmir xərcini istehlakçıdan almaqdır. Printerimin harada olduğundan da indiyədək xəbərim yoxdur. Onlar güclü olduqlarını zənn edib bizi ayaqlayır, haqqımızı tapdalayırlar. Belə olmasaydı, iki ay müddətində mənə normal bir cavab verilərdi. Vətəndaşa bu qədər hörmətsizlik və məsuliyyətsizlik olarmı?!”.
Nigar