Xalqı dövlətdən narazı salanlar
Gəlişilə Azərbaycan iqtisadiyyatını tənəzzülə uğradan Mikayıl Cabbarovun komandasının fəaliyyətində ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin əlehinə yönəlmiş halları Xalq öz gündəlik həyatında aydın hiss edir.
Mikayıl Cabbarovun Xalqı dövlətdən və ölkə Prezidentinin fəaliyyətindən narazı salmaqla məşğul olan komandasında yer alan ƏƏSM naziri Sahil Babayev və Dövlət Diaspor Komitəsinin sədri Fuad Muradov öndə gedirlər.
"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasın fikirlərinə görə, Sahil Babayev sələfi Səlim Müslümovun məhsulu olan saxta əlillər ordusunu sıradan çıxarmaq əvəzinə, həqiqi əlillərin təqaüdünü kəsdirir, bu yolla onları ölkə Prezidentinin sosial siyasətinin əlehinə qaldırır, ölkədəki işsiz insanların məşğulluğunu təmin etmək məqsədilə ayrılmış dövlət vəsaitini taladır, sosial yardımları yoxsullara yox, rüşvətlə imkanlı adamlara, vəzifəli şəxslərin yaxınlarına təyin etdirir və sairə.
Diaspor Komitəsinin sədri Fuad Muradov isə komitənin fəaliyyətini rüşvət və korrupsiya müstəvisinə yönəldib, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları müxtəlif tədbirlər keçirmək adı altında pul silməyə cəlb olunub. Fuad Muradovun komitəyə sədr təyin olunduğu dövrdən bəri fəaliyyətinin Hesablama Palatası tərəfindən təftiş olunmasına ciddi ehtiyac var. Son günlər fəal xarici diaspor təşkilatlarının nümayəndələri kimi, Ali Baş Komandanın rəhbərliyilə işğaldan azad olunmuş Şuşa şəhərinə komitə tərəfindən səfər təşkil olunub.
Diaspor təşkilatlarından poçtumuza daxil olan şikayətlərdə komitə tərəfindən Şuşa şəhərinə səfərə cəlb olunmuş əksər insanların diaspor fəaliyyətilə heç bir əlaqəsi olmadığı vurğulanır.
Qeyd etdiyim mənfi hal ölkə iqtisadiyyatını əhatə edən bütün nazirlik və komitələrdə mövcuddur. Lakin Sahil Babayevin rəhbərlik etdiyi ƏƏSM nazirliyinin və Fuad Muradovun rəhbərlik etdiyi Dövlət Diaspor Komitəsinin rüşvət və korrupsiya ilə çulğalaşmış anti-milli və anti-dövlət fəaliyyətləri ölkə Prezidentinin yüksək səviyyəli daxili və xarici siyasətinə zərbə vurur və xalq ilə onun müdrik, güclü siyasi iradəyə malik, müzəffər Ali Baş Komandanı arasında mövcud olan birliyə xələl gətirir!..
Paralel.az