COVİD-19-a yoluxma sayı niyə artır?
Son iki həftə ərzində Azərbaycanda COVİD-19 infeksiyası ilə yoluxanların sayı sürətlə artmaqdadır. Cəmiyyət üçün çox maraqlıdır ki, birdən-birə yoluxma nə üçün bu qədər sürətdəndi? Hətta, sosial şəbəkələrdə və bəzi sayıtlarda sual bir qədər təxribatçı xarakterli qoyulur: necə olur ki, beynəlxalq yarışlar zamanı yoluxma sayı kəskin azaldı, yarışlar bitəndən dərhal sonra isə yoluxma artmağa başladı?
Paralel.az xəbər verir ki, bununla bağlı Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov açıqlama verib. Açıqlamada həkim bildirir ki, buna səbəb sosial təmasın bu və ya digər şəkildə artmasıdır: "Kütləvi tədbirlərin keçirilməsi zamanı insanlar arasında təmas artır. Bu da yoluxmaların artmasına gətirib çıxarır. İkinci səbəb koronavirusun "Delta" variantının peyda olmasıdır. Bildiyimiz kimi, "Delta" ştammı daha sürətli yayılma potensialına malikdir. Bu da yoluxma sayının artmasında müəyyən rol oynayır. Üçüncüsü isə vaksinasiyadır. Aparılan hesablamalar nəticəsində müəyyən olunub ki, yoluxanların 99 faizi peyvənd olunmayanlardır. Bütün bu amillər yoluxmaların artmasına öz təsirini göstərir".
Qeyd edək ki, həkim-infeksionist kütləvi tədbirlər dedikdə iyulun 1-dən etibarən toy, nişan və digər şənliklərin keçirilməsinə icaznin verilməsini nəzərdə tutur. Digər tərəfdən həkim, yoluxmanın qarşısını almaq üçün kütləvi peyvəndlənmənin aparılmasını təklif edir.
Cəmiyyət "Delta" ştammının sürətlə yoluxma xüsusiyyətinə qarşı hər hansı bir başqa qorunma variantı tanımır, digər tərəfdən isə toylarda məsafə saxlamaq, hər hansı qorunma vasitəsindən istifadə etmək mümkün deyil. Odur ki, yeganə çıxış yolu kütləvi vaksinasiyadır.
Akif