Şəhidlər xiyabanının ilk "sakini" - FOTO 

Şəhidlər xiyabanının ilk
 

Həyatda elə igidliklər var ki, onu səssiz qəhrəmanlıq da adlandırmaq olar. Bu qəhrəmanlıqları göstərən oğullar heç zaman düşünmürlər ki, onlar qəhrəmandırlar. Düşünürlər ki, öz borclarını yerinə yetirirlər. Bu qəhrəmanlar heç vaxt sinələrinə döymürlər ki, mən qəhrəmanam. Onlar heç bir mükafat ummurlar. Zaman özü verir onların qiymətini və özlərindən xəbərsiz yazılırlar xalqın yaddaşına, tarixinə. Bu da əbədiyaşarlıq deməkdir. Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevən qartal timsallı insanlar yüksələ bilərlər bu uca zirvəyə. Belə ömür şərəflidir, əbədidir. Həyatda şücaətlər göstərən, Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır, əməlləri barədə şeirlər yazılır, mahnılar, dastanlar qoşulur.

          Belə qəhrəmanlardan biri də Babayev Tale Bəyənulla oğludur.          O, 1964-cü  ildə Oğuz (keçmiş Vartaşen) rayonunun  Yaqubluda  anadan  olmuşdu.  Ağdərənin    Güllüdağın  gül  ətirli    saf   havasını  uda-uda,  mayası  halallıqdan   yoğrulmuş  bir  ailədə  böyümüşdü. Kiçik yaşlarından atasını itirmişdi.

          Kənddəki  orta  məktəbinin  VIII  sinfini  bitirəndən  sonra  ehtiyac  üzündən  təhsilini  qiyabi  formada  davam etdirməklə  “Azərbaycan”  sovxozunda  işə  girmişdi. Bir neçə il  heyvandarlıq  sahəsində  çalışmışdır.

          1984 – 1986-cı illərdə  Qazaxıstanın  Semipalatinsk   şəhərində  həqiqi  hərbi  xidmətdə  olmuşdur. Hərbi  xidmətini  başa  vurandan  sonra  bir neçə il Rusiyanın  müxtəlif  şəhərlərində  yaşamış    işləmişdi.

          1991-ci ildə  doğma  kəndi Yaqubluya  qayıtmışdı. 1992-ci ilin  mart  ayında  könüllü  olaraq qardaşı Tehranla birlikdə cəbhəyə  yola  düşmüşdü.  Onların  rotası  Şuşa  rayonunun  Kosalar  kəndini  müdafiə  edirdi.

          1992-ci  ilin  mart  ayının  29-da  səhər  tezdən  rotaya  düşmən  hücumunu  qabaqlamaq  üçün  hücuma  keçmək  əmri  verildi.  Müxtəlif  istiqamətlərdən  hücum  başladı. Həmin qanlı döyüşün iştirakçılarından A.Əliyev deyir: “Döyüşdən bir gün əvvəl Talenin dişi ağrıyırdı. Onu müalicə üçün Şuşaya göndərmişdilər. Lakin Tale Şuşada bir gün qalıb geri qayıtdı. Mən ona bir neçə günlüyə icazə alıb ailəsinə baş çəkməsini təklif etdim. Lakin o dedi ki, mən sizi burda – düşmən qarşısında  qoyub gedə bilmərəm. Əməliyyata hazırlıq günü diş ağrısından sifəti şiştiyi üçün komandir onu döyüşdən azad etmək istədi. Lakin Tale and içdi ki, özünü lap yaxşı hiss edir. O, bizim ən cəsur və qorxmaz döyüşçülərimizdən idi. Ürəyində böyük Vətən sevgisi, düşmənə dərin nifrət vardı. Düşmənlə döyüşü səbrsizliklə gözləyirdi...” 

          Qardaşı Tehranın söylədiklərindən: “Biz Kosalar kəndini müdafiə edirdik. Kəndin ətrafındakı postların birində mövqe tutmuşduq. Təxminən 80 nəfərlik canlı qüvvəmiz vardı. Düşmənin hücumunu qabaqlamaq üçün 1992-ci ilin mart ayının 29-da səhər tezdən döyüşə başladıq.

          Müxtəlif istiqamətlərdən hücum başladı. Bir neçə düşmən postunu darmadağın etdik. Ermənilər məcbur olub yaxınlıqdakı qayalıqlara çəkildilər. Atəş altında qaldığımıza görə qayalıqlara qalxa bilmirdik. Mən qardaşım Taledən ayrı düşmüşdüm.

          Atəş altından çıxmaq üçün bir qədər geri çəkildik. Bu zaman qardaşımın qəhrəmancasına həlak olduğunu bildim. Düşmənlər onun meyitini götürməyə imkan vermir, aramsız atəş açırdılar. Silah yoldaşlarım Tofiq, Namiq və İlhamın köməyi ilə qardaşımın cəsədini döyüş meydanınından çıxara bildik. Artıq günorta idi. Döyüş isə davam edirdi. Biz qələbə çalmaq üzrə idik...”.

           Bu  Talenin  son  düyüşü  oldu. O, Vətən  uğrunda  öz canını  qurban  verdi. Allah  dərgahına – şəhidlik  zirvəsinə  ucaldı.

          Tale Oğuz  şəhərindəki  “Şəhidlər  xiyabanı”nda  dəfn  olunmuş ilk şəhiddir. Onun bu  torpaqda  uyumağa  hamıdan  çox  haqqı  vardır. Onun dəfn olunduğu şəhidlər xiyabanı bu gün bütün oğuzluların müqəddəs ziyrətgahı və and yeridir.

          Azərbaycan  Respublikası  Nazirlər  Kabineartinin  13  dekabr  1993-cü  il  tarixli  606  saylı  qərarı  ilə  T.Babayevin  adı  təhsil  aldığı  Yaqublu  kənd  tam  orta  məkəbinə  verilmişdir.  Məktəbdə  şəhid  T.Babayev  şərəfinə xatirə  abidəsi  düzəldilmiş    xüsusi  guşə  hazırlanmışdır.          Məktəbin şagirdləri tez-tez xatirə abidəsinin önünə tər gül dəstələri qoyaraq qəhrəmanın xatirəsini əbədi yaşadacaqlarına və Vətəni onun kimi sevəcəklərinə and içirlər.                                         İmran Verdiyev, Şəhidin müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi.

Paralel.az 

0.0329749584198