Rusiya bizə niyə naz edir?

Rusiya bizə niyə naz edir?
 

"Rosselxoznadzor" Azərbaycan kortofunda virus "aşkarlayıb"

Paralel.az xəbər verir ki, son illər Rusiyadan Azərbaycan tərəvəzlərini müxtəlif səbəblərdən qadabalar qoyulur. Bu qadağalar zaman-zaman pomidora, kortofa, almaya və s. məhsullara qarşı tətbiq edilib. Son vaxtlar isə "Rosselxoznadzor" xəbərdarlıq edib ki, Azərbaycandan Rusiyaya ixrac olunan kartofda pepino mozaika virusu aşkar edərsə, ixraca qadağa qoyulacaq.

Bu günlərdə "Rosselxoznadzor" tərəfindən AQTA əməkdaşlarının iştirakı ilə keçirilən videomonitorinqlər zamanı "Can agro" MMC-yə məxsus təsərrüfatda və ixrac zamanı "Geotermal aqro" MMC-yə məxsus yük partiyasında pepino mozaik virusunun, "Local Garden" MMC-yə məxsus yük partiyasında isə qonur qarışıqlıq virusunun aşkarlanması ilə bağlı müvafiq məktub və bildiriş göndərilib. Sözügedən müəssisələrdə agentlik əməkdaşlarının iştirakı ilə şitillərin zərərsizləşdirilməsi və müəssisənin dezinfeksiya edilməsinə nəzarət tədbirləri həyata keçirilib. AQTA qeyd edib ki, virusun yayılmasının əsas mənbəyi yoluxmuş toxumlardır və Agentlik tərəfindən yalnız gömrük rəsmiləşdirilməsindən keçərək idxal olunmuş toxumlara nəzarət edilir. Hazırda ölkəyə əl yükləri və poçt daşımaları vasitəsilə dövlət reyestrində qeydiyyatda olmayan və sınağa cəlb edilməmiş xeyli miqdarda toxumlar da daxil olur.

Bu cür problemlərlə Azərbaycan fermerləri çox tez-tez rastlaşdığından problemin kökündən həll edilməsi məsələsi hökumətin qarşısında ciddiliyi ilə durur. Birincisi, AQTA rəhbərliyi məsuliyyətin altından çıxmaq üçün albilər axtarmamalı, qurum keyfiyyətə səmərəli nəzarət üçün yollar axtarışına daha çox zaman sərf etməlidir. Məsələn, AQTA-dan deyirlər ki, virus və digər zərərvericilər aşkaralanan məhsulların toxumları gömrük nəzarətindən kənar ölkəyə daxil olub, yəni məntiqlə demək istəyirlər ki, biz onlara nəzarət edə bilmirik. Vəziyyətdən çıxış yolu AQTA-nın poçt daşımalarına və əl çantalarına da nəzarəti öz üzərinə götürməsi deyil. AQTA-nın işi elə xarakterik prosesdir ki, burada cəmiyyətin ona inamına və dəstəyinə böyük ehtiyac var. Qurum fermerlər arasında təbliğat aparmalıdır ki, onlar məlum təhlükədən sovuşmaq üçün yalnız lisenziya almış şirkətlərin təqdim etdiyi toxumları alsınlar. Lakin fermer də inanmalıdır ki, AQTA bunu səmimi olaraq fermerin becərdiyi məhsulun təhlükəsizliyi məqsədilə edir. Bununla da məsələni həll etmək olar. Çünki ölkədən toxum idxal edən və meyvə-tərəvəz məhsulları ixrac edən şirkətlərin sayı o qədər də çox deyil.

Bununla yanaşı, ölkə daxilində kənd təsərrüfatı məhsullarının istehsalında keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində işlər görülməlidir ki, biz yalnız Rusiya bazarlarından asılı vəziyyətə düşməyək. Rusiya hökuməti çox gözəl bilir ki, Azərbaycan tərəvəzləri aşağı keyfiyyətli olduğu üçün onun bazarlarına möhtəcdır. Ona görə də istədiyi vaxt istənilən şirkətə qadağa qoyur. Məsələn, Azərbaycanda istehsal edilən istənilən tərəvəzin tərkibindəki azotun xüsusi çəkisi təhlil edilsə, bəlli olacaq ki, bu normadan azı 1,5-2 dəfə çoxdur. Çünki fermerlərimiz torpağa qulluq etmir, keyfiyyət göstəriciləri aşağı olan torpaqlarda tərəvəz əkir, ammonium şorası (NH4NO3) hesabına tərəvəsi yetişdirir. Bu isə məhsulun tərkibində azotun xüsusi çəkisini artırır ki, bu da immun sistemi zəmf olan insanlarda və alkoqollu içkilərlə birlikdə qəbul edildikdə zəhrlənmələrlə nəticələnir.

Biz həm maddi dəstək, həm də maarifləndirmə ilə ölkədə orqanik - kimyəvi gübrələrdən istifadə etmədən və ya normasında istifadə etməklə məhsul istehsal edə bilsək, həmin məhsulları Avropa bazarlarına çıxararaq, Rusiyadakından dəfələrlə baha sata bilərik. Buna nail olsaq, Rusiya stimullaşdıracaq ki, onun da bazarlarına mal ixrac edək, yəni indiki münasibətlərin tam əksinin şahidi olacağıq. Başqa sözlə desək, Azərbaycanın tərəvəz bazarlarının şaxələndirilməsi üçün onun keyfiyyəti Avropa standartlarına uyğunlaşdırılmalıdır.

O ki qaldı yuxarıda adı çəkilən viruslara, həmin virusların əhəmiyyətini azaltmaq lazım deyil. Onlar məhsulun keyfiyyətini və məhsuldarlığını aşağı salır, bir sıra hallarda isə qida kimi həzm zamanı fəsadlar da törədə bilir. Ona görə də belə viruslarını aşkarlandığı məhsullar müsadirə olunaraq məhv edilməlidir ki, daxili bazar dövriyyəsindən də çıxmış olsun. Lakin Azərbaycanda Rusiya sərhədlərindən geri qaytarılan məhsulların hamısı daxili bazara yönəldilir ki, bu da həm vətəndaşlarımızın səhhətində problemlər yaradır, həm də toxum kimi yentdən dövrüyyəyə qaytarımaqla virus yoluxmasını genişləndirilməsinə şərait yaradır. AQTA və Kənd Təsərrüfatı Nazirliyi bu məsələlərdə koordinasiyalı şəkildə işləməlidir.

 

Akif Nəsirli

0.027928113937378