Vətəndaş hüququnun pozulduğunu deyir
Paralel.az xəbər verir ki, Bakının Üzeyir Hacıbəyov-51 ünvanında yaşayan Yaqut Bayramova üşləşdiyi problemi dilə gətirib. Y.Bayramova 20.07.21-ci il tarixində ”Metropark” ticarət mərkəzindəki “Lady sharm” mağazasındakı alış-verişinin problemlə nəticələndiyini deyib: “Həmin mağazadan dəyəri 209 manat olan geyim əşyası almışam. Uşaqla getdiyim üçün həmin vaxt aldığım paltara diqqətlə fikir verə bilmədim. Geyimi 01.08.21-ci il tarixdə toya getmək üçün almışdım, lakin evə gələndən sonra onda fabrik qüsuru olduğunu gördüm. Yəni geyimin mərkəzində yerləşməli olan qatlama orda tikilməyib, simmetrik deyil. 24.07.21-ci il tarixində mağazaya gedərək həmin geyimlərin simmetrik olduğunu gördüm, lakin mənə uyğun ölçü yox idi. Ona görə də paltarı geri qaytarmaq üçün satıcıya müraciət etdim. Lakin qarşı tərəf paltara baxmadan dəyişməyin mümkün olmayacağını, yalnız dərziyə verərək düzəldilə biləcəyini dedi. Satıcılar dedilər ki, onların mağazasında mal geri qaytarılmır. Satıcılara onu qətiyyən geymədiyimi, etiketlərin tam üstündə olduğunu, kassa çekinin saxlandığını bildirsəm də, satıcılar qaytarma qanununun onlara aid olmadığını dedilər. Söylədilər ki, bizim öz qanunumuz var!
Mən müvafiq qurumlara şikayət edəcəyimi desəm də, onlar “hara istəyirsən, get, şikayət et!” cavabını verdilər. Şikayətimi baş ofisdə Yeganə xanıma söyləsəm də, eyni cavabı aldım.
Sizdən xahiş edirəm, qüsurlu paltarın geri qaytarılmasına, 209 manatın mənə ödənməsinə yardımçı olun”.
Nigar