Qapı həm var, həm də yoxdur

 

 

Qapı həm var, həm də yoxdur  
 

Paralel.az xəbər verir ki, Bakı şəhəri, Qızıl Şərq küçəsi 7, mənzil 25 ünvanında yaşayan Murad Həşimov üzləşdiyi problemdən bəhs edib. Vətəndaş qeyd edib ki, 26.06.21 tarixində Xırdalanda yerləşən “Eurohome” tikinti malları bazarındakı “313 new style - Qapı aləmi” mağazasından 4 ədəd qapı alıb. AİB-ə ünvanlanan müraciətində vətəndaş deyib: “Bir ədədi 245 manat dəyərindəki qapılar üçün divar qalınlığına uyğun olaraq, əlavə 55 manat da iç material hesablanıb. Ödəniş satıcının istəyilə 930 manat əvvəlcə, 105 manat isə quraşdırmadan sonra ödənilib. Qapılar 28.06.21-ci il tarixdə quraşdırılandan sonra məlum olub ki, qapıların kənarını bağlamalı hissələr standarta uyğun deyil. Həmçinin, yaşmaqlar da sözügedən qapılar üçün deyil, yəni tünd hissə kənarda qalır, halbuki, ağ qapıların kənarları da tamamilə ağ formada bağlanmalıdır.

Qeyd edim ki, qapıları dükanın göndərdiyi ustalar quraşdırıb. Quraşdırma zamanı evdə olmadığım üçün prosesi yerində izləyə bilməmişəm. Sonradan vəziyyəti görüb satıcıya bildirəndə isə o, “olan şeydir, məndə belə yaşmaq var” deyərək məsuliyyəti boynundan atdı. Sonradan usta da çərçivələrin doğru olmadığını evdə satıcıya dedi.

Qeyd edim ki, mağazadakı vitrində təkcə qapı nümayiş etdirilir. Satış zamanı isə satıcı çərçivənin də ağ olacağını bildirmişdi. Onu da deyim ki, qapılar quraşdırılan zaman künclər standarta uyğun olaraq 45 dərəcəli kəsimlə birləşdirilməyib. Sadəcə, zədələnərək kəsilib. Ən dəhşətlisi də odur ki, ağ, vinilli yaşmaqlar kompressorla mıxlanıb, zədələnib. Yaşmaqları tamamilə yararsız olan qapıların montajı zamanı ustanın tələb etdiyi 3 qutu köpük mayesi (28 manat) alınaraq istifadə olunub. İki qapının doğru montaj olunmamasının ucbatından isə qapılar örtülmür. Üstəlik, quraşdırılandan bir gün sonra şüşəli qapıda çat olduğu müəyyənləşib və fotosu satıcıya göndərilib.

Bu problemləri dəfələrlə satıcıya bildirsəm də, bunun ya ustanın səhvi olduğunu bildirir, ya da təhvil aldığımız zaman 105 manatlıq qalıq ödənişi niyə ödədiyimizi deyərək məsuliyyətdən yayınır. Qeyd edim ki, qapıların ödənişi zamanı ödədiyim 1035 manat məbləğ müqabilində mənə heç bir rəsmi maliyyə sənədi və ya qəbz təqdim edilməyib.

Mən satıcı və ustanı birlikdə mənzilə, problemə yerində baxış keçirməyə də dəvət etmişəm. Gəliblər, lakin problemi bir-birinin üstünə ataraq, süni mübahisə yaradaraq yayınıblar.

Hazırda, satıcı məsuliyyətdən boyun qaçıraraq, zərəri qarşılamır. Qapılar isə tamamilə yararsız vəziyyətdədir. Xahiş edirəm, istehlakçı hüququmu qoruyasınız. Çərçivələr çıxarılsın, uyğun çərçivələrlə əvəz olunsun, digər qüsurlar (çat və s. ) düzəldilsin və ya yenisi ilə əvəz olunsun. Eləcə də, “313 new style - Qapı aləmi” dükanında istehlakçı hüquqlarının pozulması barədə müvafiq dövlət orqanlarına, mediaya məlumat verilsin ki, istehlakçılar aldadılmasınlar”.

Nigar

0.023348093032837