Azərbaycana necə gəlmək olar?

Azərbaycana necə gəlmək olar?
 

Koronavirus pandemiyasına görə Azərbaycana səfər etməklə bağlı məhdudiyyətlər hələ də qüvvədədir.

İyunun 21-dən etibarən Azərbaycana ABŞ, Bahreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşları da Azərbaycana səfər edə bilərlər.

İyunun 10-dan isə Azərbaycan Türkiyə və Rusiya vətəndaşlarının üzünə qapı açıb. Bu ölkələrdən Azərbaycana gəlmək üçün xüsusi icazə tələb olunmur, yalnız varsa, pasport və viza tələblərinə əməl olunmalıdır.

Amma ölkəyə hələ ki, hava yolu ilə gəlmək olar, quru sərhədlər bağlıdır. 

Xüsusi icazə alınması tələb olunmayan ölkələrin 18 yaşdan yuxarı vətəndaşları Azərbaycana daxil olarkən viza (tələb olunarsa), pasportla yanaşı bəzi sənədlər də təqdim etməlidirlər.

Bu, Covid-19 pasportu (tam vaksinasiya olunma və ya COVİD-19 xəstəliyindən sağalma barədə sertifikat) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəddir.

Bu tələb 18 yaşdan yuxarı bütün xarici vətəndaşlara aiddir.

Ancaq, eyni zamanda Azərbaycana gəlmək istəyən 1 yaşdan 18 yaşadək olan xarici vətəndaşların da uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi olmalıdır.

Yaşı 1 yaşdan aşağı olan xarici vətəndaşlar üçün COVİD pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Nazirlər Kabinetinin qərarına görə, xarici vətəndaşlar Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab vermədikdə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır.

Xüsusi icazə tələb edilən ölkələrdən Azərbaycana necə gəlmək olar?

"Xüsusi icazə tələb edilməyən ölkələr" siyahısına daxil olmayan ölkələrin vətəndaşları Azərbaycana yalnız bəzi şərtlərə cavab verdiyi təqdirdə gələ bilərlər.

Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, qardaşı, bacısı, həyat yoldaşı və ya övladı Azərbaycan vətəndaşı olan, Azərbaycanda işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi almış əcnəbilər ölkəyə gələ bilərlər.

Təbii ki, bu zaman Covid 19 testi ilə bağlı qoyulan şərtlərə də əməl edilməlidir.

Kimlərdən COVİD pasportu tələb edilmir?

Dövlət Sərhəd Xidmətinin qaynar xəttindən BBC News Azərbaycancaya bildirilib ki, Azərbaycana səyahət etmək istəyən Rusiya və Türkiyə vətəndaşları üçün müəyyən istisna hallar nəzərdə tutulub.

Azərbaycan Miqrasiya İdarəsindən verilən müvəqqəti və ya ölkədə daimi qeydiyyat sənədi varsa, valideyni, övladı və ya həyat yoldaşı Azərbaycan vətəndaşıdırsa, həmin şəxslər Azərbaycana gələrkən onlardan COVİD pasportu tələb edilmir. Onların, sadəcə PCR testin neqativ nəticəsini təsdiqləyən rəsmi sənəd təqdim etməsi kifayətdir.

"AZAL"-ın rəsmi saytında verilən məlumata görə, Azərbaycan vətəndaşları ölkəyə gələrkən uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiqləyən sənəd təqdim etməlidirlər.

Ölkəyə gəldikdən sonra özünütəcrid məcburiyyəti yoxdur.

0.019704818725586