Azərbaycan Türkiyənin müxtəlif bölgələrində baş verən meşə yanğınlarının söndürülməsi üçün yardım göndərib

Azərbaycan Türkiyənin müxtəlif bölgələrində baş verən meşə yanğınlarının söndürülməsi üçün yardım göndərib
 

Paralel.az xəbər verir ki, Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub.

Cümə günü Türkiyə Prezidenti Azərbaycandan yanğınsöndürən təyyarənin gözlənildiyini bildirib.

"Bir az əvvəl apardığımız danışıqlar nəticəsində Azərbaycan da bir amfibiya təyyarəsini göndərəcək və bununla da təyyarə sayı 6-7-yə çatacaq", - Recep Tayyip Erdoğan deyib.

Azərbaycandan Türkiyəyə həmçinin yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola düşüb. Bu barədə Fövqəladə hallar nazirinin müavini bildirib.
Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib ki, əlavə olaraq Türkiyəyə yaxın zamanda nazirliyin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, digər lazımi avadanlıq və ləvazimatlar çatdırılacaq.

"Azərbaycandan iki helikopter və 500 nəfərdən artıq canlı qüvvə və 50-dən artıq texnika hazır vəziyyətdədir," - APA agentliyində Etibar Mirzəyevin sözləri iqtibas olunur.
Bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərtac-a bildirib ki, Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib, ən qısa zamanda yardım dəstələri Türkiyəyə gedəcək.

Erdoğan

Prezident Recep Tayyip Erdoğan, Türk Hava Qurumu (THK) təyyarələri ilə bağlı müzakirələrə də toxunaraq, THK-nın əlində yanğınla mübarizədə "asanlıqla istifadə ediləcək" təyyarələrin olmadığını deyib.
Yanğının ən çox sıx olduğu Antalyanın Manavgat şəhərində 3, Marmaris şəhərində 1 nəfər ölüb. Antalyada yanğının təsir etdiyi 183 nəfər xəstəxanaya müraciət edib.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri deyib ki, yanğının nəzarət altına alınması vaxt tələb edə bilər.

Bekir Pakdemirli yanğınla mübarizədə irəliləyişin olduğunu vurğulayıb. O, yanğının söndürülməsində təyyarə, helikopter, pilotsuz uçan aparat və digər texnikadan istifadə olunduğunu deyib.
Rəsmi məlumata görə, yanğınların 57-si nəzarət altındadır, 6 yerdə isə alovla mübarizə davam edir.

Məlumata görə, yanğının söndürülməsinə 4 minədək şəxsi heyət cəlb olunub.

Türkiyədə yanğın

Yanğın əsasən Manavgat, Marmaris və Bodrumdakı yaşayış məntəqələri üçün təhlükəlidir və bu səbəbdən bu bölgələrdəki bəzi kəndlər və turizm obyektləri boşaldılıb.

Bekir Pakdemirli yanğınların səbəbi ilə əlaqədar istintaqın başlandığını söyləyib.

"Yanğınların səbəbi ilə əlaqədar müvafiq hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən çox tərəfli istintaq və araşdırmalar aparılır".

Manavgat

Minlərlə heyvanın tələf olduğu bildirilir.

Meşələrdə çıxan yanğın bəzi bölgələrdə küləyin təsiri ilə yaşayış yerlərinə keçib.

Prezidenti Recep Tayyip Erdoğan deyib ki, "hadisə hərtərəfli araşdırılacaq və yanğından zərər çəkən vətəndaşlara hər cür dəstək göstəriləcək".

Artıq meşə yanğınları ilə bağlı 5 nəfər şübhəli şəxs saxlanılıb.

 

0.027225971221924