Ruhun şad olsun, Böyük İnsan! -VİDEO
“Paralel” qəzetinin kollektivini məyus edən o acı xəbər. Bu xəbərin təsirindən qurtulmağın necə ağır olduğunu ifadə etməkdə çətinlik çəkirəm. Bunun nə demək olduğunu onu tanıyanlar yəqin ki, daha yaxşı anlayar...
Redaksiyamızı özünə doğma evi kimi bilən, kollektivimizi övladları kimi sevən Vaqif müəllim sözün əsl mənasında böyük, əvəzsiz insan idi. Həm xaraktercə, həm də simaca atama oxşarlığı məndə ona qarşı bir doğmalıq yaratmışdı. Elə bu doğmalığa görə idi ki, o dəyərli, əvəzsiz insana əmi deyə müraciət edirdim... Əmi qədər və ondan bir az da çox sevdiyimiz Vaqif müəllimin son bir neçə ildə redaksiyamızda çalışması özünün təbirincə desək, iş fəaliyyətini və kollektivimizə bağlılığını daha da artırmışdı.
Onun “Paralel” qəzetində nəşr olunan geniş, maraqlı, dəyərli izahlarla yazdığı dini mövzudakı məqalələri doğrudan da bir tarix oldu... Onun sözün həqiqi mənasında böyük insan olduğu təkcə qələmindən çıxanlardan deyil, ədəbindən, ifadəli danışığından, atdığı hər addımının nizamlı olmasından bəlli idi. Bu və sadalamaqla bitməyən digər dəyərli xüsusiyyətləri onu anlayanlar üçün böyük məktəb idi. “Paralel” TV-də birlikdə çəkildiyimiz verilişlərdəki söhbətlərini xatırladıqca, Vaqif əminin haqqında keçmiş zamanda yazmağa əlim gəlmir...
Onun bioqrafiyası da çox zəngin olub. Vaqif Cəliloğlu 1944-cü ildə Salyan rayonunda anadan olub. O, Azərbaycan Dövlət Neft-Kimya İnstitutunu (Neft Akademiyası) fərqlənmə diplomu ilə bitirəndən sonra müxtəlif, hətta ixtisasına uyğun olmayan sahələrdə çalışıb. Mətbuata gəlişi də yaradıcılığa olan hədsiz maraq və sevgisindən qaynaqlanırdı ki, ömrünün son saatlarına kimi, doğma redaksiyamızla əlaqəsini kəsmədi…
Vaqif müəllimin geniş oxucu auditoriyası qazanmış kitabları evimizdəki rəfin ön sırasında yer alıb. Məqalələri, işinə peşəkar yanaşma tərzi, malik olduğu insani xüsusiyyətlərindən doğan dərin məsuliyyət hissi onu media ictimaiyyətinə tanıtdırdı, sevdirdi, rəğbətini qazandırdı…
Məhz buna görədir ki, Vaqif müəllimin yoxluğu onu tanıyan hər kəsi kədərləndirir.
Kollektivimiz adından o dəyərli insanın doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı verir, üzüntü və kədərlərini bölüşürük.
Ruhun şad olsun, Böyük İnsan!
Özünə doğma bildiyin “Paralel” qəzetinin mehriban kollektivi səni unutmayacaq!
Şahnaz Salehqızı