Müəllimlər sertifikasiyadan narazıdır
Paralel.az xəbər verir ki, bəlli olduğu kimi, payız aylarında müəllimlərin sertifikasiyası gözlənilir. Bu barədə bizə müraciət edən şəxslər MİQ imtahanlarındakı sualların çox çətin olmasından bəhs ediblər. Onların sözlərinə görə, texnologiya və filologiya ixtisası olan şəxslər bundan daha çox narazı qalıb: “Ümumiyyətlə, müəllim ordusu, ali təhsilli, neçə ilin pedaqoji təcrübəsinə malik olan şəxslər sertifikasiya olunmasından narazıdırlar. Bu, cəmiyyətdə müəllimlərə qarşı inamsızlıq yaratmaq deməkdir. Müəllimlər nüfuzdan düşür. Bundan başqa, insanların sertifikasiyadan narazı olmasının başqa tərəfləri də var. Yəni müəllimlər sertifikasiyadan keçiriləcəksə, ona uyğun xüsusi kitablar da çap olunmalıdır. İnsanlar da kurrikulum, müsahibə, fənn suallarıının əsasında hazırlaşmalıdır. Amma reallıqda belə deyil. Hər kəs bir kitab dərc edir, bilinmir sertifikasiyada bu kitabların hansından suallar düşəcək. Müəllim də bu xaosun, qarışıqlığın içində itib-batır, çoxu həyəcan keçirir, xəstələnir, sağlamlığında müxtəlif fəsadlar yaranır”.
Şikayət müəllifləri daha sonra əməkhaqqı məsələsindən də bəhs ediblər. Onların sözlərinə görə, hazırkı əməkhaqqı məbləği bütün müəllimlər üçün bərabər və müasir yaşam şərtlərinə uyğun deyil: “Deyirlər ki, müəllimlər üçün orta aylıq əməkhaqqı 720 manatdır. Bu maaş o şəxslər üçündür ki, orda dərs var. Əksər məktəblərdə isə dərs azdır, saat hesabıyladır. Ona görə də 6-10, 12-15 saat dərs deyən müəllim qətiyyən 720 manat maaş ala bilməz. Əslinə qalsa, həmin maaş insanların hazırkı, bugünkü tələbatını ödəmir”.
Nigar