Vətəndaş “Kontakt Home”dən narazılıq edir

Vətəndaş “Kontakt Home”dən narazılıq edir
 

Paralel.az xəbər verir ki, Bakının Yasamal rayonu, Mirəli Seyidov 14, mənzil 44 sakini İradə Abdullayeva “Kontakt Home”dən narazılıq edir. Vətəndaş üzləşdiyi problemlə bağlı AİB-ə ünvanladığı şikayət məktubunda bundan bəhs edib:

“25.11.2020-ci il tarixdə “Kontakt Home” mağazalar şəbəkəsinin Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 174 ünvanında yerləşən filialından oğluma qiyməti 250 manat dəyərində “Phillips 3134/51” markalı üzqırxan maşını aldım. Lakin 40-50 gün sonra oğlum maşının yaxşı işləmədiyini söylədi. Həmin avadanlığın 2 il zəmanəti olduğundan, 16.01.2021-ci il tarixində “Kontakt Home” servis xidmətinə müraciət edərək üzqırxanı ora təhvil verdim. Bir müddət keçəndən sonra isə avadanlığın təmiri üçün məndən 75 manat istədilər. Səbəb kimi də üstündəki ülgüclərin kütlənməsi və onun yenisi ilə əvəz edilməsi deyildi.

Qeyd edim ki, mənə ya zavod qüsuru olan mal, ya da işlənmiş köhnə üzqırxan satılıb. Dəfələrlə mağazaya gedib satıcıdan üzqırxanı yenisi ilə əvəz etməyi tələb etsəm də, nəticəsi olmayıb. Avadanlıq isə bugünə kimi servisdədir, onu pulsuz təmir etmirlər və dəyişdirmirlər. Mənim istehlakçı hüququm pozulub. Ona görə də 25.05.2021-ci il tarixdə AİB-ə müraciət etdim və ərizəm “Kontakt Home”nin məsul şəxsinə göndərildi. Səhəri gün isə mənə şırkətdən zəng edib dedilər ki, oğlunuzun üzü kələkötürdü, ona görə də üzqırxan kəsmir.

Övladımı görmədən belə gülünc bəhanəni necə qəbul etmək olar?! Xahiş edirəm, aldığım avadanlıq ya yeni, qüsursuzu ilə əvəz olunsun, ya da bu mağazalar şəbəkəsinə inamım itdiyi üçün ödədiyim 250 manatın mənə qaytarılmasına kömək edin. “Kontakt Home”nin alıcını aldadan bu əməli barədə dövlət orqanlarına və mətbuata məlumat verilsin ki, belə yalançı zəmanətlərə inanmasınlar”.

Nigar

0.020120143890381