Şeyx istefa verməlidir...

Şeyx istefa verməlidir...
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 O, yanlış çıxışları ilə özünü ifşa edib ...

 Camaat ondan danışır. Xeyirdə, şərdə Allahşükür Paşazadə dillər əzbərinə çevrilib. Ölkədə gündəm olub şeyximiz. Şeyxin Qarabağın azad olunmasında Xamneinin fətvasının həlledici rol oynadığını deməsi xalqı elə coşdurub ki, hamı onun uydurmasının səbəbindən danışır.

"Vicdanın nə olduğunu hələ də başa düşə bilmədiyini" çoxdan etiraf edən şeyxin Azərbaycan ordusunun 44 gün davam edən müharibədə düşmənə öldürücü zərbə vurub, qələbəni təmin etmiş Şəhidlərimizin, qəhrəman Ordumuzun, Ali Baş Komandanın və bütövlükdə xalqın rolunu inkar edib, Ermənistan üzərində qazanılan böyük qələbəni Xamneinin müəmmalı fətvası ilə bağlaması bağışlanılmaz səhvdir! Bu, Azərbaycanın Ermənistan üzərində çaldığı böyük qələbəni İranın Ali dini lideri Xamneinin adı ilə bağlamaq təşəbbüsüdür!

Ona görə də sosial şəbəkələrdə şeyxin ünvanına yazılanlara baxanda, adam deməyə başqa söz tapmır! İctimaiyyət şeyxin istefasını tələb edir!

Şeyxin İranın dini lideri Ayətullah Xamneinin ünvanına dediyi yalanın ölkədə etirazla qarşılanmasını yaxşı başa düşürəm. Çünki onun islamın bütün qaydalarını pozan İran İslam Respublikasının dini liderinə yarınması ilk dəfə deyil...

Digər tərəfdən, belə yanlış münasibətə görə, şeyxi çox qınamaq da düz deyil. Bu adam heç cavanlığında da öz fikrini normal ifadə edə bilməyib, gəl ki, indiki qocalıb haldan düşmüş vaxtı ola.

  1. A. Paşazadə şeyx məqamına çatması üçün Xameneiyə çox borcludur, ondan aldığı maddi və mənəvi dəstəyi heç zaman unutmaz! Şeyxin boynunda Xamneinin yükü var, öhdəliyi var, verdiyi sözdən qaça bilməz!

Şeyx "xala xətirin qalmasın" olsa da, ölkəmizə verdiyi dəstəyə görə, qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkür edib.

Bəs, Xameneinin ünvanına şeyxin yazdığı ağ yalana xalq niyə bu qədər qızır?..

Bu sualın cavabı çoxdur, amma bunlardan tək birinə toxunacam.

R.T.Ərdoğan Vətən müharibəsi başladığı ilk saatlardan 44 gün boyunca hər gün deyib və indi də deyir ki, Azərbaycanı dəstəkləyirik. Can Azərbaycanın yanındayıq. Xaricdən müdaxilə olarsa, dərhal biz də müdaxilə edəcəyik. Bir millət-iki dövlətik, ehtiyac yaransa, tək dövlət kimi hərəkət edəcəyik. Qarabağ qırmızı xəttimizdir, qırmızı xəttimizi kim keçərsə, atamın oğlu olsa belə, gözünün yaşına baxmaram...

Ayətullah Xameneinin isə müharibədən əvvəl də, müharibə dövründə də dini lderi olduğu İranın ərazisindən təyyarələrlə, böyük maşın karvanları ilə Ermənistana raket, tank, top, növ-növ silah-sursat daşınmasına kömək göstərməsi heç kimin dana bilmədiyi gerçək faktdır! Şeyx bunları bilmirmi, bilirsə niyə yalan danışır?!

Gəncədə, Tərtərdə, Bərdədə, Ağdamda, Ağcabədidə, Füzulidə, Beyləqanda yüzlərlə günahsız dinc müsəlman bacı və qardaşlarımızı həlak edən Ermənistana və onun bəlli himayəçilərinə Xameneinin və İran yetgililərinin səssiz qaldığını, görəsən Şeyx həzrətləri niyə unudub?!

Azərbaycanın müzəffər ordusu düşmən ordusunu darmadağın edəndən sonra, yalnız Vətən müharibəsinin 38-ci günü danışan Xamenei ikibaşlı fətva verdi:

"Qarabağ Azərbaycana məxsusdur və Azərbaycan bu ərazini əldə etməkdə haqlıdır. Ancaq orada yaşamaq istəyən ermənilərin də təhlükəsizliyi təmin edilməlidir. Münaqişə ocağına terrorçuların cəlb edilməsilə bağlı etibarlı mənbələrdən məlumatlar var və bu terrorçular İran sərhədlərindən uzaq saxlanılmalıdır"- dedi!

Fikir verin, Vətən müharibəsi boyunca Azərbaycana mükəmməl mənəvi dəstək vermiş Ərdoğan hara, Ermənistana hərbi, maddi və hər cür yardım göstərən İranın dini lideri Xamnei hara?! Qardaşla düşməni eyniləşdirən, bu cür kökündən yanlış yanaşma sərgiləyən adam şeyx nədir, heç normal düşünən insan belə, sayıla bilməz!

Qardaşı düşmənlə eyniləşdirən Şeyxin hərəkəti xəyanətdir! Bu cür biyabırçı müqayisəni yalnız düşmən apara bilər!

Gəlin, tarixə nəzər salaq. Şeyx Allahşükür Paşazadə həmişə Rusiyanı müdafiə edib, indi isə İranın dəmin tutur! Paşazadə ömrü boyu Azərbaycanın düşməni olan Ermənistanın iki himayəçisi - Rusiya və İranı dəstəkləyib, bütün dövrlərdə Azərbaycanın yanında olan qardaş Türkiyəni isə, yeri düşəndə baltalayıb. İmkanı olsa, bu gün də baltalamaqla məşğul olar!

Təəssüf ki, bunlar danılmaz həqiqətdir və Paşazadə şeyxə layiq olmadığı halda, hələ də həmin kürsüdə əyləşməyə davam edir...

 

0.053405046463013