Kirayə müqavilə ilə olsun, yoxsa..?

Kirayə müqavilə ilə olsun, yoxsa..?
 

"...sizin millət çox işgüzardır, təəssüf ki, bir maşın daş boşaldıb beş manat qazanmağı, bir kitab oxumaqdan üstün tutur"

 Artıq neçə illərdir ki, vətəndaşlar tərəfindən kirayə verilən mənzillərə kirayə müqaviləsinin tətbiq edilməsi və onların bu yolla vergiyə cəlb olunması, zaman-zaman medianın gündəminə gəlir, aktuallaşır, lakin bu istiqamətdə hökumət tərəfindən heç bir tədbir görülmür. Qanun isə tələb edir ki, vətəndaşın kirayə verdiyi mənzillər rəsmi müqavilə əsasında verilməli və gəlir əldə edən tərəf gəlirinin 14 faizi həcmində dövlətə vergi ödəməlidir. Hər halda Azərbaycan qonunvericiliyi bu iqtisadi fəaliyyəti biznes sahəsi kimi dəyərləndirir. Ona görə də əsas yanaşma qanunvericilik baxımından olmalıdır. Bu problemin həlli həm də şəffaflığın artmasına, "kölgə iqtisadiyyatı"nın azalmasına töhfə verə bilər.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbarhimovla söhbətimiz zamanı bildirdi ki, qanun hamı üçün eyni qüvvəyə malik olmalıdır: "Daşınmaz əmlakını kirayə və ya icarəyə verən hər bir sahibkar mütləq əqd tərəfdaşı ilə rəsmi müqavilə bağlamalı və gəlirinin 14 faizi həcmində vergi ödəməlidir. Artıq neçə illərdir bu məsələ həllini tapmır. Bundan həm dövlət büdcəsi zərər çəkir, həm də sənədsiz kirayə verilən əmlaklarla bağlı neqativ halların sayı artır. Bu məsələ nə qədər tez həllini tapsa, həm dövlət, həm də cəmiyyət üçün bir o qədər səmərəli olar".

Pandemiyanın höküm sürdüyü, əhalinin gəlirlərinini azaldığı, iş yerlərinin ixtisar edildiyi bir dövrdə, əhalinin daha bir xərcinin formalaşmasına münasibət bildirən ekspert dedi ki, bu işin xeyirinə olardı: "Adamın sabit gəliri olanda, onda yaranan arxayınlıq səbəbindən iqtisadi fəallığı aşağı düşür. Amma gəliri qeyri-sabit olanda (gəlir insanın fəaliyyətindən asılı olaraq arta və azala bilir) iqtisadi aktivliyi artır. Ona görə də, hazırda kirayə sahəsində mövcud olan qeyri-stabil mühit kirayə mənzil biznesi ilə məşğul olan sahibkarların aktivləşməsinə səbəb ola bilər. "Asiya pələngləri" adlanan ölkələrin heç bir təbii sərvəti yoxdur, amma orada əhali çox aktivdir və bunun sayəsində də insanların rifahı yüksək, gəlirləri çoxdur.

Bir xarici vətəndaş mənimlə söhbətində dedi ki, "sizin millət çox işgüzardır, amma təəssüf ki, bir maşın daş boşaldıb, beş manat qazanmağı, bir kitab oxumaqdan üstün tutur". Bu doğru yanaşmadır, biz işgüzarlığımızı elmlə yükləməliyik, çoxlu kitab oxumalıyıq".

Fikrimizcə, Azərbaycanda əhalinin iqtisadi aktivliyinin aşağı səviyyədə olması, əsasən iqtisadi fəaliyyət imkanlarının aşağı səviyyəyə düşməsi ilə əlaqədardır. Yəni, vətəndaş istənilən iqtisadi sahədə özünü təsdiqləmək istəyəndə, onun qarşısına çoxsaylı inzibati maneələr çıxır. Hələ biz bütün iqtisadi sahələrin oliqarx məmurlar tərəfindən inhisara alınmasını demirik. Ölkədə kifayət qədər bacarıqlı insanlar var və onlardan bir qisminin maliyyə imkanları biznes qurmağa yetər. Amma bu imkanları olan, hər bir vətəndaş süni maneələr üzündən ölkədə biznes qura bilmir. Problemin kokündə də, məhz bu məsələ dayanır.

 Akif Nəsirli

0.01787281036377