Elm və təhsilimizin  müstəqillik problemləri      

Elm və təhsilimizin  müstəqillik problemləri      
 
                       
Sovet Vaxtı ölkəmizdə elm və təhsilin səviyyəsi bu günlə müqayisədə xeyli yüksək idi. Çünki, elm və təhsilimiz böyük bir ölkənin  elm və təhsilinin  tərkib hissə kimi formalaşmış və inkişaf edirdi.  O dövrdə  bu yönlü bütün islahatlar,  onların konsepsiyası, icra planı  tanınmış mütəxəssislər tərəfindən  Moskvanın böyük elmi  mərkəzlərində layihələnir, icrasına sistematik   nəzarət edilirdi. Maliyyələşməsi  də  normal səviyyədə təmin edilirdi.   Elm və təhsilimiz böyük  ölkənin elm və təhsilinin tərkib hissəsi kimi də idarə edilirdi.   Strateji planlama da bu mərkəzlərdə hazırlanırdı. Biz sadəcə icraçı idik, davamlı olaraq  illik və 5 illik hesabatlar hazırlayıb  mərkəzə  təqdim edirdik.  Sanki,   əyləşdiyimiz vaqon  bir eşalonun tərkibində, güclü lokomotivin təsiri ilə irəliləyirdi.  Müstəqillik illərində bu vaqon eşalondan ayrıldı. İndi  özümüz liokomotiv tapmalı, istiqamət müəyyən etməli, öz  yeni yolumuzu salmalı  idik.   Artıq bizim elm və təhsilimiz  böyük dövlətin tərkibində yox, kiçik suveren dövlətin elm və təhsili kimi fəaliyyət göstərməli idi. İndi pioritetlər dəyişməli  idi.
 
  Amma sanki,  həm də  kompassız idik. Elm və təhsil  sahəsində strateji  düşünə bilən kadrlarımız da  çox  az  idi. Çünki, 70 il ərzində  bütün istiqamətlər  üzrə strategiyalar  da Moskvada  hazırlanırdı,  bu sahədə təcrübəmiz yox idi.  
 
Kiçik, suveren  dövlətin  indi  elmi  və təhsili yeni  prioritetlər  müəyyən etməli idi. Elm və təhsilimizin  konsepsiyası, strategiyası tam fərqli formatda hazırlanmalı idi.  Artıq  iqtisadiyyatımız ittifaq iqtisadiyyatından ayrılıb, müstəqil dövlətin  iqtisadiyyatı kimi formalaşmalı və inkişaf etməli idi. Eyni ilə  də elm və təhsilimiz  də  müstəqil  dövlətin  ehtiyac və  tələblərinə  uyğun formalaşmalı və inkişaf etməli idi.  Elm  məhsuldar  qüvvəyə çevrilməli, iqtisadiyyatın katalizatoru olmalı  idi. Bunun üçün ölkədə yeni formalaşan iqtisadi  mühitə  uyğun  elmin  rolu, məqsədi, prioritetləri konkretləşməli, müvafiq struktur formalaşmalı idi. Elm bazar iqtisadiyyatı tələblərinə uyğunlaşmalı idi.
 
  Amma elmin strukturu sovet dönəmində olduğu kimi qaldı,  yəni AMEA  artıq  SSRİ EA-nın kiçik  modeli  kimi  fəaliyyətini  davam etdirməyə başladı.  AMEA-da bir birinə çox yaxın fəaliyyət sahəsi olan elmi institutlar   öz işini   yenə də bu formatda davam etdirirdilər,  AMEA-da çox az dəyişiklik edildi. Sanki, elmimiz planlı sovet iqtisadiyyatı  şəraitində  fəaliyyət göstərir. Bu gün də akademik elmimiz iqtisadiyyata  tam  inteqrasiya oluna bilməyıb,   elmi işlərə  iqtisadiyyat sektorundan sifarişlər gəlmir, bizneslə  əlaqələr azdır,  biznes  elmin  inkişafına  heç  bir  dəstək vermir. Ümid  yalnız büdcəyə qalıb.  Çox sonralar (müstəqilliyin 18-ci ilində) qəbul edilmiş elmin inkişaf strategiyası da bu məsələlərdə dönüş yarada bilmədi. 
 İllər ərzində elmin maliyyələşməsi çox  zəif (beynəlxalq normadan 10 dəfə,  real  təlabatdan  isə  15-20  dəfə az) aparılırdı. Bu gün gec də olsa, bu məsələlərə yenidən  baxılmalı,  elmin ölkə iqtisadiyyatının  inkişafına  təkan verməsinə,  onun elmi təminatına çevrilməsinə şərait yaradılmalıdır.   Biliyə əsaslanan iqtisadiyyat dövründə, 4-cü  sınaye inqilabı ərəfəsində  bu çox  aktualdır.  
 
Məlum olduğu  kimi,  müstəqil ölkənin   elm və təhsili onun milli təhlükəsizliyinin mühüm amilidir.  Lakin  bunun məsuliyyətini  bu sahələrə  rəhbərlik  edənlər  tərəfindən  lazımı səvlyyədə  qiymətləndirilmədi. 
Uzun illər ərzində özünü yaxşı tərəfdən göstərən, öz dövrünün mütərəqqi təhsil sistemini  dağıtdıq, yerində nə qurmaq istədiyimizi isə  bilmədik, heç bu gün də  bunu  dəqiq bilmirik. Təəssüf  ki,  təhsilimizi  də bu 30 ildə  lazımı səviyyədə  qura  bilmədik.  Təhsil sahəsindəki   problemlərə dair  son 20 ildə  mətbuatda  xeyli   məqalələr  yazdığımız üçün bu haqda  geniş danışmaq  istəmirəm. Bu  məqalələrin xeyli  hissəsi İnternetdə var. Burada bəzi məsələlərə toxunacağıq. 
Akademik  Kolmoqorov kimi alimin  illərlə  sınaqdan çıxmış riyaziyyat  dərsliklərini  biz  məktəbdən tez tələsik  çıxarıb,  əvəzində məktəb  riyaziyyatına az bələd olan müəlliflərin zəif və  heç  bir  sınaqdan çıxmayan dərsliklərini məktəbə gətirdik. 
 
Sovet vaxtı   belə  bizim   müstəqil şəkildə  təhsil islahatı aparmağa  potensialımız  olmadığı  halda  (təcrübə,  resurs v.s.  çatışmazlığı səbəblərindən), müstəqillik illərində heç bir  təcrübə və  xüsusi  hazırlıq işləri aparmadan,  səviyyəli komandalar  yaratmadan  bu ağır yükün altına girdik.  
Orta məktəb  islahatı  məktəb təhsilinin məzmununu tam dəyişdirdi. Lakin bu proseslərdə buraxılan ciddi  səhvlər orta təhsilin keyfiyyətini xeyli  aşağı saldı. 
Ali təhsildə də xeyli problemlərimiz var.  Bu illər ərzində nə  Boloniya prosesində, nə təhsilin rəqəmsallaşmasında, nə distant təhsilin yaradılmasında, nə təhsilimiz üçün yeni olan magistratura  pilləsinin  yaradılmasında,   nə TƏDQİQAT  UNİVERSİTETLƏRİ yaratmaq  v.s. kimi  aktual  istiqamətində  ciddi nailiyyətimiz  olmadı. 
Bütün bu məsələlər çox dərin təhlil və planlama tələb edir. Bu məqsədlə  vaxt  itirmədən yüksək səviyyəli peşəkarların iştirakı ilə komissiyalar  yaradılmalı və konkret  işlər görülməlidir. Bəlkə də hələ gec deyil.
 
Dosent İlham Əhmədov 
0.040771961212158