Qeyri-qanuni mənzillər niyə sənədləşdirilmir?
Buna mane olanlar dövlət məmurlarıdır
Bir neçə il əvvəl statistik məlumatlarda bildirilirdi ki, Azərbaycanda yarım milyondan çox qeyri-qanuni tikili var. Həmin vaxt dövlət orqanlarında bir təşfiş yaşandı ki, qanunsuz tikililərin dövlət layihəsi əsasında sənədləşdirilməsi vacib məsələlərdən biridir. Hətta, bir neçə yaşayış məntəqələrində qeyri-qanuni tikililərin sənədləşdirilməsi ilə bağlı pilot layihələr də həyata keçirildi. Həmin ərazilərdə yaşayan əhalidən o vaxt aldığımız məlumatlarda yerli sakinlər layihəni təqdir edirdi. Elə dövlət orqanlarında da sınaq məqsədi ilə həyata keçirilən bu tip layihələr təqdir edildi. Pilot layihələr əsasında təxminən 80 min qeyri-qanuni tikiliyə sənəd verildi, 5 minə yaxın tikilinin isə sökülməsinə qərar verilməsi üçün məhkəməyə müraciət olundu. Həmin pilot layithələr əsasında qeyri-qanuni tikililərin sənədləşdirilməsi səbəbi ilə dövlət büdcəsin bir ildə 2 milyon manatdan çox vəsait daxil oldu. Lakin proses nədənsə davam etdirilmədi. Adətən pilot layihələr sınaq üçün həyata keçirilir, əgər səmərə verirsə, bu istiqamətdə kütləvi şəkildə proses başlanır. Sözügedən pilot layihələr həm hökumət, həm də vətəndaş tərəfindən təqdir edilirsə, hər iki tərəf üçün səmərəlidirsə, onda nədən bu istiqamətdə işlər dayandırıldı, kütləvi davam müşahidə edilmədi?
Fikrimizcə, qeyri-qanuni tikilən obyekt və yaşayış sahələrinin sənədləşdirilməsi istiqamətində həyata keçirilən pilot layihələr uğur qazansa da, onun kütləviləşməsinin qarşısını alan dövlət məmurları oldu. Pilot layihələr həyata keçirildiyi zaman ölkədə yarım milyon qeyri-qanuni tikili var idisə, artıq indi onların sayı bir milyona çatıb, yəni azalmaq əvəzinə artıb. Bu da iri və xırda çinli dövlət məmurlarının "töhfəsi" sayıla bilər.
Belə ki, hər il qeyri-qanuni inşa edilən tikililərin bir hissəsi vətəndaşların təşəbbüsü ilə sənədləşdirilir. Bu sənədləşdirmə zamanı müxtəlif dövlət qurumlarına və məhkəmələrə külli miqdarda rüşvət verilir. Ona görə də dövlət məmurları öz şəxsi maraqlarını önə çəkərəg müxtəlif vasitələrlə prosesi dayandırmağa nail oldular. Çünki qeyri-qanuni tikililər, artıq dövlətin müxtəli çinli məmurlarının gəlir mənbəyinə çevrilib. Bir tərəfdən qeyri-qanuni tikililərin yaranması zamanı vətəndaşlardan külli miqdarda rüşvət alınır, digər tərəfdən isə həmin tikililərin sənədləşdirilməsi prosesində sahibkardan rüşvət alınır. Yerləşdiyi ərazidən asılı olaraq, bəzi hallarda qanunsuz tikilinin sənədləşdirilməsi zamanı tikintinin dəyərinin yarısı qədər rüşvət tələb olunur. Məhz yuxarıda qeyd etdiyimiz səbəblər üzündən ölkədə qeyri-qanuni tikintilərin sayı günbəgün artır.
Bu səbəbdən həm dövlət büdcəsi vəsait itirir, həm də vətəndaşlarımız halal mənzil və digər obyektlərinə sahib çıxmaq hüququndan məhrum olurlar. Qazanan isə yalnız məmurlar olur. Hesab etsək ki, hər bir qeyri-qanuni tikili ildə 15 manat dövlətə vergi ödəyəsək, bu 15 milyon manata bərabər olar. Amma o tikililərin eləsi var ki, sahəsinə görə, hətta, ildə 100 manat vergi ödəməlidir. Beləcə, dövlət büdcəsi qeyri-qanuni tikililərin sənədləşdirilməməsindən ildə azı 15-20 milyon manat vəsait itirir. Digər tərəfdən isə vətəndaşlarımız öz əməyi sayəsində tikdiyi mənzillərə nə qeydiyyata düşə, nə də lazım gələndə sahibkarlıq hüququnu təsdiqləyə bilirlər. Bu səbəbdən onlar nə də həmin tikilini girov qoyub banklardan pul ala bilirlər. Bu da o deməkdir ki, qanunsuz-tikili məsələsində məmur maraqları vətəndaş və dövlət maraqlarından öndə durur.
Akif Nəsirli