Yeni Yasamal sakinləri problem yaşayırlar
Paytaxtın Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsinin sakinləri marşrut problemindən əziyyət çəkirlər.
Paralel.az xəbər verir ki, redaksiyamızla əlaqə saxlayan sakinlər illərdir yaşadıqları problemin həll edilməməsindən narazıdırlar: “Biz neçə ildir ki, əslində, həll edilməsi asan olan bir problemdən əziyyət çəkirik. Yaşadığımız ərazidə əsasən, yeni tikintilər olsa da, sayı çox olan sakinə cəmi iki marşrut avtobusu xidmət edir. Onlar 211 və 77 saylı marşrut avtobuslarıdır. 211 saylı avtobus yarım saat intervalla işləyir və daim dolu olur. İyulun 6-dan 211 saylı köhnə avtobuslar yenisi, Bakubusla əvəz edildi. Lakin vəziyyət dəyişmədi. 77 saylı avtobuslar isə çox köhnədir, onların kart sistemi, kondisioneri yoxdur, müasir standartlara cavab vermir. Kart sistemi olmadığı üçün 77 saylı avtobus dayanacaqlarda deyil, hər addımda dayanaraq
müştəri yığır. Bakubusun avtobusları olsa, bu problemdən azad olarıq. Biz səhərlər işə, məktəbə getməkdə olmazın çətinlik çəkirik. İllər öncə ərazidə Bakubusun avtobuslarının işləyəcəyi deyilirdi, amma dairəvi yol açılandan sonra bu məsələ unuduldu”.
Sakinlər qeyd edir ki, Yeni Yasamalın “Qismət” şadlıq evinə gedən yolda müasir standartlara cavab verən üç - 17, 39, 7 saylı avtobus işləyir. Ona görə də orda ciddi problem yoxdur. Lakin Ə.Əhmədov küçəsində vəziyyət çətindir, bu mənada, ora əlavə avtobus buraxılsa, yaxşı olar: “Biz harasa getmək üçün bir neçə marşrut avtobusu dəyişməli oluruq ki, bu da onsuz da az olan büdcəmizə çox ziyan vurur. Xahiş edirik, bu problemin həllinə yardım edəsiniz”.
Nigar