Kirayə müqavilə ilə olsun, yoxsa..?
Nüsrət İbrahimov: "...sizin millət çox işgüzardır, amma təəssüf ki, bir maşın daş boşaldıb beş manat qazanmağı bir kitab oxumaqdan üstün tutur"
Artıq neçə illərdir ki, vətəndaşlar tərəfindən kirayə verilən mənzillərə kirayə müqaviləsinin tətbiq edilməsi və onların bu yolla vergiyə cəlb edilməsi zaman-zaman medianın gündəminə gəlir, aktuallaşır, lakin bu istiqamətdə hökumət tərəfindən heç bir tədbir görülmür. Qanun isə tələb edir ki, vətəndaşın kirayə verdiyi mənzillər rəsmi müqavilə əsasında verilməli və gəlir əldə edən tərəf gəlirinin 14 faizi həcmində dövlətə vergi verməlidir. Hər halda Azərbaycan qonunvericiliyi bu iqtisadi fəaliyyəti biznes sahəsi kimi dəyəroləndirir, ona görə də əsas yanaşma qanunvericilik rakursundan olmalıdır. Bu problemin həlli həm də şiffaflığın artmasına, "kölgə iqtisadiyyatı"nın azalmasına töhfə verə bilər.
Paralel.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nüsrət İbarhimovl bildirib ki, qanun hamı üçün eyni qüvvəyə malik olmalıdır: "Daşınmaz əmlakını kirayə və ya icarəyə verən hər bir sahibkar mütləq əqd tərəfdaşı ilə rəsmi müqavilə bağlamalı və gəlirinin 14 faizi həcmində vergi ödəməlidir. Artıq neçə illərdik bu məsələ həllini tapmır, həm dövlət büdcəsi bundan itirir, həm də sənədsiz kirayə verilən əmlaklarla bağlı neqativ halların sayı günbəgün artır. Bu məsələ nə qədər tez həllini tapsa, bu həm dövlət, həm də cəmiyyət üçün o qədər səmərəli olar".
Hazırkı pandemiyanın höküm sürdüyü, əhalinin gəlirlərinini azaldığı, iş yerlərinin ixtisar edildiyi bir dövrdə əhalinin daha bir xərcinin formalaşmasına münasibət bildirən ekspert dedi ki, bu bəlkə də bu baxımdan işin xeyirinə olardı: "Adamın sabit gəliri olarkən, bu onda yaranan arxayınlıq səbəbi ilə iqtisadi fəallığı aşağı salır. Amma gəlir qeyri-sabit olanda, gəlir insanın fəaliyyətindən asılı olaraq artanda isə iqtisadi aktivlik artır. Ona görə də bu kirayə mənzil biznesi ilə məşğul olan sahibkarların aktivləşməsinə səbəb ola bilər. "Asiya pələndləri" adlanan ölkələrin heç bir təbi sərvəti yoxdur, amma orada əhali çox aktivdir və bunun sayəsində də insanların rifahı yüksəkdir, gəlirləri çoxdur.
Bir xarici vətəndaş mənimlə söhbətində dedi ki, sizin millət çox işgüzardır, amma təəssüf ki, bir maşın daş boşaldıb, beş manat qazanmağı bir kitab oxumaqdan üstün tutur. Bu doğru yanaşmadır, biz işgüzarlığımızı elmlə yükləməliyik, çoxlu kitab oxumalıyıq".
Fikrimizcə, Azərbaycanda əhalinin iqtisadi aktivliyinin aşağı səviyyədə olması əsasən iqtisadi fəaliyyət imkanlarının aşağı səviyyəyə düşməsi ilə əlaqədardır. Yəni, vətəndaş istənilən iqtisadi sahədə özünü təsdiqləmək istəyəndə onun qarşısına sıralanmış inzibati manielər çıxır. Hələ biz bütün iqtisadi sahələrin oliqarx inhisarına alınmasını demirik. Ölkədə kifayət qədər bacarıqlı insanlar var və onlardan bir qisminin maliyyə imkanları biznes qurmağa yetir. Amma bu imkanları olan, hər bir vətəndaş süni maniələr üzündən ölkədə biznes qura bilmir. Məhz problemin kokündə bu məsələ dayanır.
Akif Nəsirli