Şaftalı Xaçmazda su qiymətnə, Bakıda isə alışıb yanır

Şaftalı Xaçmazda su qiymətnə, Bakıda isə alışıb yanır
 

Fermer: "Bizdən su qiymətinə alıb, aparıb şəhərdə od qiymətinə satırlar, biz nə qazanırıq ki, qazanan alverçilərdir"

Paralel.az xəbər verir ki, Xaçmaz rayonunun fermerləri redaksiyamıza telefon açaraq bildiriblər ki, Bakıda 2-3 manata satılan şaftalını onlardan 30-40 qəpiyə götürürlər: "Gavalını isə ümumiyyətlə, məhsul yerinə qoymurlar, 1 kiloqram gavalının qiyməti 5 qəpiyə düşüb. Bakıda qohumlarımız yaşayır, zəng vurub deyirlər ki, siz 5 qəpiyə satdığınız gavalını biz burda 80 qəpiyə, 30 qəpiyə satdığınız gavalını isə 2-3 manata alırıq. Gözdağı kimi bağda qalıb çürüməsinə adamın vicdanı yol vermir, yoxsa gavalı ilə şaftalının qiyməti ona çəkilən xərcin heç yarısını da çıxarmır. Hökumət şərait yaratsa biz də öz məhsulumuzu aparıb Bakıda yaxşı qiymətə satarıq. Bizdən su qiymətinə alıb, aparıb şəhərdə od qiymətinə satırlar, biz nə qazanırıq ki, qazanan alverçilərdir".

Bunları bizimlə telefon danışığı zamanı Xaçmaz fermeri Rafayıl Şalbuzov dedi. Fermer bildirdi ki, əvvəlki illərdə şaftalı olmasa da, digər məhsullarımızı Bakıda satmağa cəhd göstərmişik, amma şəhərin ortasında məhsul əlimizdə qalıb, məcbur olub Xaçmazdakından da aşağı qiymətə, biryerdən vermişik alverçilərə: "Sovet hökumətinin dövründa bütün növ nəqliyyatla Bakıya məhsul aparan yaxşı pul qazanırdı. Hətta, qadınlar səhər səbətləri pomidorla doldurub, elektriçka ilə Sabunçu bazarına aparırdı, günortaya qədər yaxşı qiymətə satıb qayıdırdılar. İndi əl-ayağımızı çidarlayıblar, qoymurlar Bakıya mal gətirək. İş o yerə qalmışdı ki, Bakıya mal aparmaq müşkül olsa da, Rusiyaya məhsul aparmaq asan idi. İndi oranı da bağladılar, gərək qışda bağı doğrayıb peçdə yandıraq, heç olmasa istisinə qızınaq".

Bəli, Bakıda "Kənddən şəhərə" şüarı altında yarmarkalar keçirilir, hesabatlar verilir ki, guya kənddən gələn fermerlərə məhsullarını satmağa şərait yaradılır, belədə isə fermer bağı qırıb, peçdə yandırmaq qərarına gəlib. Ona görə ki, "Kənddən şəhərə" şüarı tamamilə saxtadır, hökumətimizin - onun siyasətini həyata keçirən Kənd Təsərrüfatı Nazirliyinin belə bir məqsədi yoxdur. Məqsəd yalnız bu ad altında ayrılmış vəsaiti mənimsəməkdir. Nəticədə fermer becərdiyini, istehsal etdiyini sata bilmir, şəhər əhalisi isə od tutub yanan qiymətlərə yaxın gedə bilmir.

Əslində isə birinci növbədə fermeri bol məhsul yetişdirməyə maraqlandırmaq, onu hansı torpağa bağlamaq gərəkir. Bunun ardınca isə onun istehsal etdiyi məhsulun bazara çıxarılmasında yaranan bütün manielər qeyd-şərtsiz aradan qaldırılmalıdır.

Bununla yanaşı, artıq kənd təsərrüfatı sektorunun dövlət tərəfindən tənzimlənməsinin vaxtı çoxdan çatıb. Belə ki, hökuməti bol məhsul istehsalına nail olmaqla yanaşı, həm də tədarükçü kimi tənzimləmə ilə məşğul olmalıdır. Belə ki, hər bir məhsulun mövsümü başlanmazdan əvvəl hökumət məhsuldarlığı müəyyən etməli, məhsulun yerli tələbatdan artıq olan hissəsini fermerdən alaraq, yerli bazardan kənara çıxarmalıdır ki, qiymətlər sabit qalsın, ucuzlaşmasın. Əgər hökumət müəyyən etsə ki, məhsuldarlıq aşağıdır, qıtlıq yarana və bununla da qiymətlər bahalaşa bilər, onda kənardan daxili bazara kəsir həcmində məhsul cəlb etməlidir. Yəni hökumət qiymətləri sabit saxlamalıdır ki, fermer nəyi becərməyi bacarırsa onu əksin və mənfəət götürsün. Yoxsa bu il sarmısaq bahalaşır, gələn il hamı sarmısaq əkir, nəticədə həm bolluqdan fermer zərər çəkir, həm də fermerlərin ixtisaslaşması prosesi ləngiyir. Fermer hazırda qiymət qovur, bu il nə baha olsa, gələnil ondan əkməyə çalışır və nəticədə ziyana düşür. Bütün bunların aradan qaldırılması üçün dövlət tənzimləməsi mexanizmi formalaşdırılmalıdır.

Akif Nəsirli

0.015619039535522