Elektrik xətləri “istefa” verib...
Paralel.az xəbər verir ki, ölkə əhalisinin sosial problemləri bitib-tükənmir. Əslində, problem gərək vaxtaşırı həll edilsin ki, azala bilsin. Amma əlaqədar qurumların məsuliyyətsiz əməkdaşlarının laqeydliyi və yarıtmazlığı sayəsində insanlar əziyyət çəkir.
Belə çətinliklərdən əziyyət çəkənlərdən biri də Abşeron rayonunun Digah və Mehdiabad kənd-qəsəbə sakinləridir. Sakinlər yayın istisində hazırda cəhənnəm əzabı yaşadıqlarını söyləyirlər. Əlbəttə ki, adı mahiyyətinə uyğun olan yayın təbii istisindən deyil, əlavə, süni şəkildə yaradılmış problemin ucbatından...
Adıçəkilən qəsəbə sakinləri neçə gündür ki, evlərə verilən elektrik enerjisinin kəsilməsindən narazılıq edirlər. Onların dediyinə görə, bir neçə gün dalbadal və saatlarla kəsilən elektrik enerjisinin olmaması səbəbindən olmazın narahatçılıqlar yaşayıblar. Çünki elektrik enerjisi olmadığından, kondisionerləri, soyuducuları və s. işlətmək mümkün olmayıb. Nəticədə, körpə-uşaq, yaşlı-qoca, sağlam-xəstə, bir sözlə, evdə kim varsa, istidən az qala yanıb, ərzaqları da zay olaraq sıradan çıxıb.
Sakinlərin söylədiyinə görə, problemlə bağlı müvafiq qurumun “qaynar xətt”inə dəfələrlə etdikləri telefon zənginə də heç kim cavab verməyib. Onların sözlərinə görə, deyəsən, “qaynar xətt” də istidən əriyərək sıradan çıxıb...
Hazırda bu vəziyyət davam edir və adıçəkilən qəsəbə sakinləri problemin kimin həll etməsindən dolayı, cavabsız suallar qarşısındadır. Çünki əlaqədar qurumlar qış əvəzinə, yay yuxusuna gedib, sorğuya cavab verən yoxdur, problem də öz növbəsində, “meydanda at oynadır”...
Anomal istilərdə anormal vəziyyətin yaranmasını isə sakinlər öz versiyalarına görə izah edirlər. Rəylər belədir ki, yükləndiyi üçün xəttlər sıradan çıxır. Yaxud, açıq havada istiyə tab gətirməyən elektrik kabelləri əriməyə başlayır. Çünki həmin qəsəbədə elektrik kabelləri köhnədir. Hər halda, bu, sakinlərin versiyasıdır.
Əlbəttə, problemə məsul şəxslər ortaya çıxsa, səbəblər də dəqiq bilinər. Və ola bilsin, o zaman problem də həllini tapar. Təbii ki, məsul şəxslər məsuliyyətli adam atarsa...
Nigar