Unudulmaz Hacı Seyid Mir Taha ağanın - Xatirəsini yad edək!

Unudulmaz Hacı Seyid Mir Taha ağanın - Xatirəsini yad edək!
 

İyulun 29-u dördüncü imam Zeynal Abidin Əleyhissəlamın nəslindən olan görkəmli din xadimi Hacı Seyid Mir Taha ağanın anım günüdür. Təkcə cənub bölgəsində deyil, Azərbaycanın hər bir guşəsində adı böyük hörmət və məhəbbətlə çəkilən bu unudulmaz şəxsiyyətin, el ağsaqqalının, qüdrətli elm və din xadiminin xatirəsi hər il ehtiramla anılır.

...Gözünü dünyaya açandan evlərində hamını namaz qılan, ulu yaradana səcdə qılan görmüşdü, ağa. Atasından eşitdiyi bu söz yaddaşında ilişib qalmışdı: “Əssəlatü və ma mələkət eymannükum”. “Sizə tapşırıram namazı və sizin malikiyyətinizdə olanları”. Bu, peyğəmbərin (s) ölümündən əvvəl işlətdiyi son sözlər idi. Bismillah dilinin nidası, əlhəmdülillah nöqtəsi idi bu balaca oğlanın.

Fəhmi, qeyri-adi düşüncə tərzi, hər bir incəliyi sövqi-təbii duyması, gözü-könlü toxluğu, nəcibliyi, alicənablığı ilə seçilən balaca Mir Taha ağa peyğəmbərin sözlərini müqəddəs bir əmanət kimi, yadigar kimi qəbul etmiş, ömrünün sonunacan qoruyub saxlamışdı.

Ağanın mənən zənginliyi müəllimi, ustadı, məşhur din xadimi Axund Molla Hüseyndən gəlirdi. Mir Taha ağa Molla Hüseynin ən istedadlı, fəhmli, çalışqan tələbələrindən olmuşdu. Sibir sürgünündən qayıdıb gələndə belə islam dinini, Quranı yorulmadan təbliğ edən Axund Molla Hüseynin keçdiyi məşəqqətli yol haqqında heç şübhəsiz Mir Taha ağanın xəbəri var idi. Və Sovet imperiyasının qan-qan deyən vaxtında Axund Molla Hüseynin məktəbində dərs almağın necə riskli bir iş olduğunu da bilirdi. Bütün bu çətinliklərə baxmayaraq Mir Taha ağa tutduğu haqq yolundan, inamından, məsləkindən, əqidəsindən, dinindən, imanından dönmədi.

O dövr Hacı Seyid Mir Taha ağanın mənsub olduğu seyidlər nəslinin məskunlaşdığı Yardımlı rayonunun Perimbel kəndinin Sovet imperiyasına qarşı çıxması qeyri-adi hadisə idi.

Dövlətə tabe olmadıqlarına görə bütöv kəndi “arzuolunmaz” damğasıyla pərən-pərən salan, sürgün edən, ayrı-ayrı yerlərə köçürən Sovet imperiyası bilmirdi ki, vaxt gələcək aran yerində uzaqdan başı qarlı dağlarına, yetim qalmış bulaqlarına, çırağı keçmiş evlərinə, ot basmış cığırlarına baxa-baxa qocalan, bu

dünyadan köçən, arzusu gözündə qalan perimbellilərin ahı onu tutacaq, bu şər yuvası dağım-dağım dağılacaq. Biləsuvar rayonunun Bəydili kəndində məskunlaşan, ömrünün qalan hissəsini burda yaşayan, yaşadığı evi müqəddəs ocağa çevirən Mir Taha ağa könüllərdə həm özünə, həm də Bəydili kəndinə heykəl ucaltdı.

Mən elə bu doğma, bu isti, müqəddəs ocaqda görüşüb söhbət etdim onunla.

Ağanı görərkən dağdan ağır yüz ilin kişisini gördüm elə bil. Sükutunda, pauzasında, nurlu baxışlarında, əlinin yüngül təmasında, dodaqaltı sirli pıçıltısında, gözlərinin dərinliyindən axıb gələn təbəssüm dolu işıqda bir ilahi güc, qüvvət vardı. Bu enerji, bu sirli aura, halə uzaqlardan, çox uzaqlardan gəlirdi.

Bu enerjini, sirli auranı, bu ocağı qoruyan haləni ən çox hiss edən, duyan, o istiliyi yaşadan, səngiməyə, sönməyə qoymayan Furqan bəyi dinləyirəm. Onun sözündə, söhbətində babası hər gün doğulur, yenidən bu dünyaya gəlir. Sən demə, insanı yaşadan elə sevgi dolu xatirələrmiş. Xatirələr soyumuş kül altda uyuyan köz kimiymiş, danışdıqca o köz alovlanıb işığında səni ötən illərə qaytarırmış: “Uşaqlıqdan bu ocaqda böyümüşəm, məktəbi bitirmişəm. Ən böyük məktəbim, ən ciddi dərslərim babamın məktəbi, babamın dərsləriydi. Məni tez-tez məclislərə apapardı. Quran oxuyardı yanımda və necə təkrarolunmaz avazla oxuyardı. Ev sahibinin yetim-yesiri qalıbsa, baba orda yemək yeməz, pul götürməzdi. Deyirdi mən halal eləyirəm öz haqqımı. Bunlar mənim üçün yazılmamış qanunlar, ədəb dərsləri idi.

Babamın saysız-hesabsız ziyalı, alim, müəllim dostları vardı. Onlar babayla oturub-durandan sonra ibadət eləyirdilər, namaz qılırdılar.

Səfərə gedənlər, ordu sıralarına gedənlər onun Quranının altından keçərdilər. Övladı olmayanlar, çətinliyə, dara düşənlər ağadan nicat umurdular. Yəni, mən bu etiqadı, təqvanı görmüşəm.

Mir Taha ağanın necə ibadət etdiyini, necə xuduynan-xuşuynan namaz qıldığını görəydin. Namaz qılanlar çoxdu, amma ağanın namaz qılmağı bir məktəb, əyani dərs idi. Rükuya gedəndə, səcdəyə gedəndə, “Allahu əkbər” deyəndə adam sanki sehrlənirdi.

Mən uşaq idim. Soyuq olduğu üçün babamgil məni öz otaqlarında saxlayırdılar. Zəngli saatla heç zaman sübh namazına durduğunu görmədim. Sübh tezdən görürdüm ki, dəstamaz alıb, nənəm də, o da.

Ömrünün axır zamanlarında xəstə olduğundan biz yalvara-yalvara onu dilə tuturduq ki, sən zəifsən, oruc tuta bilməzsən. İnad eləyirdi, buraxmırdı orucunu.

Mən bütün bunları gördüm. Babam Mir Taha ağanın necə insan, Allah adamı, peyğəmbər, övliya övladı olduğunu görüb, duydum, yaşadım”.

Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov: “Hacı Seyid Mir Taha ağa ilə həmsöhbət olmaq, onun nəsihətamiz kəlamlarına qulaq asmaq və onu dinləməyin xüsusi ləzzəti vardı. İnsan onu dinlədikcə ruhu paklaşır, qəlbi aram tapır, daxilində bir rahatlıq yaranırdı.

Ağanın çöhrəsindəki ilahi nur, onun əhli-beyt davamçılarından olduğunu göstərən əlamət kimi insanı cəlb edirdi”.

Ağanın ağsaqqal nüfuzu, yüksək əxlaqi keyfiyyətləri, sözünün, danışığının çəkisi, lətafəti, dinləmək, qulaq asmaq mədəniyyəti gənclərimiz üçün ədəb-ərkan məktəbi olub.

Hacı Seyid Mir Taha ağanın ani bir baxışı, pauzası, ağsaqqal replikası, “arifə bir işarə” atmacası məclisdə sözünün, danışığının yerini bilməyənlərə “soyuq duş” tərs şapalaq təsiri bağışlayıb.

Hacı Seyid Mir Taha ağa həsrətində qaldığımız ilahi sözlərin, peyğəmbərimizin behişt ətirli nəfəsiylə süslənmiş müqəddəs Quran ayələrinin gücünü, qüdrətini, rayihəsini, təravətini məclislərdəkinə elə sehirli avazla çatdırırdı ki, hamı heyran qalırdı. Ustad olmanın gücü, qüdrəti bax budur!

Hacı Seyid Mir Taha ağa haqqında bu anım yazısını Bəydili Cümə məscidinin axundu Hacı Abuzər Hacı Soltan oğlunun sözləri ilə bitirmək istəyirəm: “Mir Taha ağanın hər söhbəti insanı düşündürürdü. Çünki o, müqəddəs kitabımız Qurana söykənir, ordan qaynaqlanırdı. Ona görə də ağamızın işığı, ziyası, nuru tükənmirdi. Bir bulağın ki, gözü haqdan qaynaya, o bulaq quruyarmı?

Ədəbi, əxlaqı, tərbiyəsi, yüksək mədəniyyəti, alicənablığı, xeyirxahlığı ilə Mir Taha ağa böyük bir məktəb qoyub gedib. Bu məktəbdən nəsə öyrənənin, bu bulaqdan bircə gilə su içənin xoş halına”.

 

Zülfüqar Şahsevənli 

0.019854068756104