"Beşbarmaq" dağındakı "altıncı barmaq" kimindir?

 
Zaman-zaman bölgələrdəki ziyarətgahlara nəzarət uğurunda din xadimləriylə rayon rəhbərləri arasında tez-tez yaşanan qarşıdurmaların çox şahidi olmuşuq.
Məsələn, illər öncə Beyləqandakı müqəddəs Cərgiz peyğəmbər adlanan ziyarətgaha toplanan nəzir pulları uğurunda ziyarətgahın dini başçısıyla rayon icra başçıları arasında sözün həqiqi mənasında savaş gedib, yəqin indi də davam edir. Bəzən bu mübarizə, qarşıdurma söyüşün biri bir qəpik olmaqla əlbəyaxa davaya qədər gedib çıxıb.
Bakıdakı məscidləri deyə bilmərəm amma bölgələrdə rayon rəhbərləri məscid və müqəddəs yerlərdən əldə olunan gəlirə şərikdirlər.Bu ziyarətgahlar elə ciddi zəhmət çəkmədən rahat gəlir əldə edilən məkanlardır. Doğrusu bu məsələnin qanunla necə tənzimləndiyini təfsilatıyla bilmirəm. Sadəcə düşünürəm ki, məscid və ziyarətgahlara yığılan ianələr Qafqaz Müsəlmanları İdarəsinin hesabına köçürülməli və ordan da idarədən vəzifə maaşı alanların məvacibi ödəniləndən sonra cəmiyyətin köməyə ehtiyacı olan kəsiminə yardım edilməlidir. Axundların yəqin ki, maaşları verilir amma hələki QMİ-in hansısa səs-küylü yardımları barədə eşitməmişəm.
“Xıdırzın baba” ziyarətgahı da böyük pulların dövr elədiyi məkandır. “Beşbarmaq” dağı kimi tanınan ərazidə yerləşən bu müqəddəs məkanı hər il yüz minlərlə insan ziyarət edir. Təbii ki, belə zəhmətsiz gəlir yeri getdikcə qazanc yerləri daralan icra başçıları və məmurların diqqətin cəlb etməyə bilməzdi. Görünən budur ki, artıq edib də. Belə ki illərlə burda çörək pulu qazanan dilənçilər  ziyarətə gələnlərlə təmas nöqtələrindəki əraizidən uzaqlaşdırılaraq  neytrallaşdırılıb, nəzir qutusunun yanında  isə uniformalı mühafizəçi yerləşdirilib. Görünən odur ki, ziyarətgah rayon rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Bunu ziyarətgaha gedən yolda aparılan qazıntı işləri də sübut edir. Sıra ilə çala qazanlar iddia edirlər ki, guya hansısa arxeoloji təyinatlı qazıntı işləri gedir amma ərazdə yaşayanların deməsinə görə hökumət ziyarətgaha əl qoymağa hazırlaşır. Başqa sözlə, çox yaxın aylarda Xıdırzın baba ziyarətgahının yerləşdiyi ərazi də  daxil, “Beşbarmaq” dağı qoruq elan ediləcək və təbii ki, ərazyə giriş də pullu olacaq. 
Murtuzəli qılıncından iti bu tamah ki, bunlarda var nəinki pir və məbədlərədən, əstəğfürulla gücləri çatsa Allahın özündən də bac alarlar.
 
SƏMA
0.023569107055664