Pensiyaçı təqaüdündən narazıdır

Pensiyaçı təqaüdündən narazıdır
 

Azərbaycanda pensiya məsələsi heç vaxt birmənalı qarşılanmayıb. Pensiyaların məbləğindən tutmuş, yaş həddi, onun orta ömrə uyğunlaşdırılması və digər vacib məqamlarla bağlı zaman-zaman suallar ortaya çıxıb. Bu məqamda, yaş həddinin 2017-ci ildən üzübəri, mərhələli şəkildə artırılması da müzakirə mövzusudur. Yeri gəlmişkən, qadınların pensiya yaşının hər il altı ay artırılması da onları narahat edən məsələlərdəndir. Hazırda isə pensiya yaşının yüksək olması narazılıq doğurur və onun azaldılması təklifləri səsləndirilir. Həmsöhbət olduğumuz pensiyaçılardan biri söyləyir ki, Azərbaycanda orta ömür çox aşağıdır və buna uyğun, pensiya yaşı da azaldılmalıdır. O, əlavə olaraq, yaşadığı problemdən də bəhs edir: “Mən özüm neçə ildir pensiyaya çıxmışam. 40 ilə yaxın müddətdə pedaqoji sahədə çalışmışam. İşlədiyim müddətdə həmkarlara üzvlük haqqı, vergi ödəmişəm. Lakin yaşa görə pensiyaya çıxanda pensiyamın məbləği işləməyənlərlə az fərqdə olub. Son artımda isə pensiyamın məbləği 263 manatdan 293 manata qaldırılıb. Bu məbləğ əziyyət çəkdiyim xəstəliklərin müalicəsinə yetmir. Bundan əlavə, pensiyaçı bu yaşda lazımi şəkildə qidalanmalı və özünü qorumalıdır. Bunun üçünsə pensiyamın məbləği yetərli deyil. İllərlə çalışmağımın müqabilində, aldığım pensiya budur”.

Pensiyaçı söyləyir ki, başqa bir problemi də müvafiq qurumların qarşısında qaldırmaq lazımdır. Bu da pensiyaçılarla banklar arasında olan kredit münasibətlərinə aiddir. Həmsöhbətimiz qeyd edir ki, 2015-ci ildə müalicə məqsədilə bankların birindən kredit götürüb, lakin bugünə qədər onun əziyyətini çəkir: “Əməliyyatım və müalicələrim üçün 2015-ci ilin 30 yanvarında “Muğanbank”dan 3151 manat kredit götürməli oldum. Bank mənə 28 faizlə kredit verdi. Götürdüyüm 3151 manat kreditin faizi 2112 manat idi. Nəticədə, 3151 manata qarşı 5263 manat ödəməliydim. Krediti müəyyən aylar ödəyəndən sonra vəziyyətim ağırlaşdı, növbəti əməliyyata getməli oldum. Ona görə ödənişi edə bilmədim. Kreditim pensiyamdan çıxılaraq, “sobez”dən birbaşa banka yönləndirildi. Nəticədə bir ildən çox müddətdə pensiyamdan 90 manatdan çox pul tutuldu. Sonra mənə bildiriş gəldi ki, “Muğanbank”a qarşı mövcud olan borc öhdəliyi “Beynəlxalq Bank”a yönləndirilir. Bildirişə görə, indiyədək ödədiyimdən əlavə, 613.73 manat da ödəməliyəm”.

Pensiyaçı söyləyir ki, hazırda aldığı pensiyanın məbləği müalicə xərclərindən əlavə olaraq, banka kredit ödəməyə kifayət etmir.

Nigar

0.027424097061157