“Bebi-boks”lar olmayana qədər, uşaqları küçəyə atacaqlar

“Bebi-boks”lar olmayana qədər, uşaqları küçəyə atacaqlar
 

Azərbaycanda milli mentalitetə, adət-ənənələrə zidd addımların bizi haradək aparacağı artıq ciddi sualdır. Son dönəmdə yenidoğulmuş uşaqların atılması faktının gündəmə gəlməsi isə bu istiqamətdə təcili tədbirlər görməyi vacib edir. Övladlarını atmağın bir sıra sosial-iqtisadi, maddi-mənəvi, fiziki səbəblərindən danışanlar da ola bilər bu məqamda. Bu səbəblər sırasında nikahdankənar əlaqələrin də rol oynadığını söyləmək olar.

Paralel.az xəbər verir ki, ötən ilin statistikasına görə, ölkədə rəsmi nikahda olmayan qadınlar 17714 uşaq dünyaya gətirib. Bu, başqa bir müstəvidən baxanda, ciddi bir problemdir. Lakin atılmışların sırasında nikahdankənar doğulanların da yer alması istisna deyil. Son dönəmdə üç uşağın dalbadal küçəyə atılması isə bu tendensiyanın qorxunc olmasından xəbər verir.

Uşaq hüquqlarının müdafiəçisi Yusif Bəkirov söyləyir ki, “bebi-boks”lar olmayana qədər, valideynləri imtina edilmiş uşaqları yerə, küçəyə, zibilliyə atacaqlar: “Nikahdankənar dünyaya gətirilən uşağın anası sabahkı günün məsuliyyətindən qorxaraq övladını küçəyə atır. Çünki uşağını körpələr evinə təhvil verəndə onu necə deyərlər, ”çarmıx”a çəkirlər. Qadının məsuıliyyətdən qaçmaq yolu da uşağını zibil yeşiyinə atmaqdan ibarət olur. “Bebi-boks”lar isə bu məsələni aradan qaldırır, uşağı ora qoyurlar və heç kim də uşağı nikahdankənar dünyaya gətirdiyi üçün valideyni sorğu-sual etmir”.

Hüquq müdafiəçisi söyləyir ki, sözügedən “bebi-boks”ların təşkili işini Səhiyyə Nazirliyi həyata keçirməlidir. Bu məsələ qaldırılsa, uşağın təhlükəsizliyi üçün ilk addımı atmaq daha asan olar: “Bu təcribə tətbiq olunsa, uşaq “bebi-boks”dan götürülən kimi, onun sağlamlığı və s. məsələlərə Səhiyyə Nazirliyi

tərəfindən nəzarət olunar. Bizdə atılmış uşaqların olması çox təəssüf doğurur, buna qarşı müxtəlif formada tədbirlər görülsə də, problem aradan qaldırıla bilmir. O mənada, problem varsa, çıxış yolu “bebi-boks”ları tətbiq etməkdir. Mən indilik başqa yol görmürəm”.

Nigar

0.016079902648926