Pambıq strateji məhsul kimi özünü doğrultmadı!
Manatın məzənnəsinin saxlanmasına pambığın gətirdiyindən 20 dəfə çox valyuta xərclənir
Dövlət Gömrük Komitəsinin aylıq hesabatında göstərilir ki, 2020-ci ilin ilk 6 ayı ilə müqayisədə pambıq lifi ixracı dəyər ifadəsilə 2,1 dəfə, miqdar ifadəsilə 1,8 dəfə artıb. Ötən ilin eyni dövründə Azərbaycandan 59 milyon 443 min dollar dəyərində 44 min 33 ton pambıq lifi ixrac edilmişdi. Həmçinin 2021-ci ilin yanvar-iyun dövründə Azərbaycandan 23 milyon 620 min dollar dəyərində 8 min 417 ton pambıq iplik ixrac edilib. Ölkəmizdə pambıqdan valyuta əldə etməsi müsbət hal olsa də, dünyanın pambıq yetişdirən ölkələri yerli trikotaj sənayesini inkişaf etdirərək daha çox gəlir əldə edir. Buna qonşu Türkiyəni misal göstərmək kifayətdir.
Bu gün Azərbaycan bazarı Türkmənistan və Özbəkistandan gətirilən, pambıqdan hazırlanmış mallarla doludur. Elə isə niyə Azərbaycan bir sıra qeyri-neft məhsullarını, o cümlədən pambıq lifini xammal kimi satır, ondan məhsul istehsal etməyə üstünlük vermir? Real yanaşma olsa da, bu mexaniki baxış bucağıdır. Əslində Azərbaycan pambığı dünyanın bu qəbildən olan ən aşağı keyfiyyətli məhsuludur. Ona görə də trikotaj sənayesi inkişaf etməyən Azərbaycan üçün yerli pambıq səmərəli xammal rolunu oynaya bilmir. Azərbaycanda yalnız Bərdədə yetişən pambıq dünya standartlarına yaxındır. Daha doğrusu yüksək keyfiyyətli lif verən pambıq sortları bizim iqlimə uyğunlaşa bilmir. Ona görə də dünya standartlarına uyğun keyfiyyətli pambıq yetişdirə bilmirik. Məsələn, bizim pambığın bir tonundan çıxan lif Misir bambığının 250 kiloqramından, Meksika pambığının 300, Özbəkistan və Türkmənistan pambığının 350 kiloqramından çıxır. Bu səbəbdən də Azərbaycan pambığı dûnya bazarında (aşağı keyfiyyətinə görə) ucuzdur. Bizim pambığı yalnız trikotaj sənayesi yüksək səviyyədə inkişaf etmiş ölkələr alır. Onlar bundan müəyyən texnologiyalarla rentabelli məhsul ala bilir. Hələ sovetlər dönəmində Azərbaycan pambığının aşağı keyfiyyəti mütəxəssislərə bəlli idi. Azərbaycan pambığının Fərqanə şəhərində yaratdığı "dağlar" bəlkə, hələ də tüstüləyir. Sovet hökuməti Azərbaycan neftindən külli miqdarda gəlir götürdüyünə görə, əhalinin məşğulluq səviyyəsi aşağı düşməsin deyə, pambıq istehsalını datasiya ilə stimullaşdırıdı. Elə bu səbəbdən də sonralar Azərbaycanda "pambîq pripiskası" məhşurlaşdı. Zavodlar dedi ki, pambıq əvəzinə pul gətirin, yəni məhsulun dəyərini...
Bəs indi nə münasibət ilə pambîq əkirik? Azərbaycanda beynəlxalq pambıq mafiyasının üzvü olan yüksək çınli məmurlar var. İslam Kərimovun dövründən özbək pambığının Avropaya ixracına, pambıq istehsalında uşaq əməyindən istifadəyə görə, qadağa qoyulub. Həmin dövrdən özbək pambığı digər MDB ölkələrinə qaçaqmalçılıq yolu ilə ixrac edilir, oradan isə həmin ölkənin məhsulu kimi Avropaya ixrac olunur. Azərbaycan da belə qeyri-rəsmi tranzit ölkələr sırasındadır. Avropa idxalçılarında "Azərbaycanda bu qədər pambıq haradandır" sualı yaranmasın deyə, pambıq mafiyasının üzvü olan məmurlar hökuməti inandırıb ki, pambıq strateji məhsul olmalıdır - ölkəyə valyuta gətirəcək. Halbuki pambığı mafiozlar avropalı tərəfdaşlarını inandırmaq üçün əkdidir. Onu da qeyd edək ki, belə həssas məhsulları idxal edən Avropa ölkələri peyklə izləyir ki, görüm doğrudan Azərbaycanda pambıq əkilirmi və nə qədər əkilir? Yəni pambıq mafiozları olan məmurlar dövləti aldadaraq, kənd təsərrüfatını öz bizneslərini qurban veriblər. Sonda qeyd edək ki, yuxarıda göstərdiyimiz kimi pambıq satışından ölkəyə yarım ildə 24 milyon dollara qədər valyuta gəlib, tutaq ki, lap o qədər də növbəti altı ayda gəlsin, bu cəmisi 50 milyon dollar edəcək. Amma Azərbaycan hökuməti yalnız manatın məzənnəsinin saxlanması üçün ən yaxşı halda ildə 1 milyard dollar xərcləyir, yəni pambığın gətirdiyi valyutadan 20 dəfə çox. Bu isə o deməkdir ki, hökumətin strateji məhsul elan etdiyi pambıq heç də özünü doğrultmadı, zatən doğrulda da bilməzdi.
Akif Nəsirli