Dovşana qaç, tazıya tut deyən DİM
Dünən Dövlət İmtahan Mərkəzi (DİM) elan etdi ki, Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmuş bakalavrların qeydiyyat müddəti 26 iyul saat 23:59-dək uzadılır. İyulun 14-dən başlayan proses 22-də başa çatmalıydı. Lakin hələ də bakalavr səviyyəsini bu il bitirən magistraturaya qəbul olan abitruentlər universitetlərdə qeydiyyatdan keçə bilməyiblər ki, tələbə adını qazansınlar. Qeydiyyat internet üzərindən mümkündür, amma bunun üçün abitruent qeydiyyat ərizəsinə bakalavr diplomunun seriya və nömrəsini əlavə etməlidir. Lakin bakalavr səviyyəsini bu il bitirən abitruentlərin əksəriyyəti hələ də diplomunu ala bilməyib. Bu səbəbdən də diplomunu ala bilməyən abiturentlər qeydiyyatdan keçə bilməyiblər.
DİM-dən verilən məlumata görə, qeydiyyatın uzadılmasının əsas səbəbi də elə bu olub. Əvvəldən elektron ərizədə universitetin verdiyi təhsil haqqında arayışın qeydiyyatı üçün bölmə artırılmaq lazım idi ki, diplomunu ala bilməyən abitruentlər də dərhal qeydiyyatdan keçə bilsin. İndi məsələnin hansı yolla həll ediləcəyinə DİM bu gün qərar verəcək.
Akif Nəsirli