"Azəriqaz" İB vətəndaş hüquqlarını pozur

 

İyulun 1-dan etibarən Smart tipli sayğaca, 10 iyuldan etibarən isə mexaniki sayğaca malik olan abonentlərə yeni tariflər tətbiq olunmağa başlanıldı. Bu tarixlərə qədər 1200 kubmetrdən artıq sərfiyyat edən abonentlər limitin birinci səviyyəsini keçmiş hesab olunurlar. Yəni, həmin tarixlərdə qaz sərfiyyatının hər kubunu görə 20 qəpik ödəməli olacaqlar.
"Azəriqaz" İB-nın mətbuat xidmətindən bildirildi ki, qanun qüvvəyə minənə qədər 1200 kub qaz işlədən abonentlər limitin ikinci mərhələsinə keçmiş sayılacaqlar və 2500 kub sərfiyyata qədər qazın hər kubunu 20 qəpikdən alacaqlar: "2500 kub limit keçiləndən sonra isə qazın hər kubu 25 qəpikdən hesablanacaq. Bu Tarif (qiymət) Şurasının qərarı ilə tənzimlənir, irad və təkliflərinizi həmin quruma ünvanlaya bilərsiniz". Tarif (qiymət) Şurasında da eyni fikri təsdiqlədilər. Bəs ədalətli qərar necə olmalı idi?
Fikrimizcə, nəzəri olaraq qanunun geriyə qüvvəsi olmadığından, əslində bu qərar ilin birinci yarımilinə şamil edilməməli idi. Çünki 1 yanvarda vətəndaşa 1700 kub limit verilib, yeni qanun vətəndaşı o limitdən məhrum edə bilməz. Ona görə də ya yeni limit növbəti ilin 1 yanvarından hesablanmalı, ya da ilin birinci yarısındaki sərfiyyat nəzərə alınmadan vətəndaşa qarşıdakı yarım il üçün yeni qanunla illik lmitin yarısı qədər, yəni 600 kub sərfiyyat limiti verilməli idi. Çox təəssüflər olsun ki, Azərbaycan hökuməti yenə öz təbiətin göstərərək, qərarı vətəndaşların zərərinə icra etməyə üstünlük verdi. Abonent 1 yanvardan 1 iyula qədər köhnə tariflə qaz aldığı halda, onun köhnə tariflə reallaşdırdığı sərfiyyatı haqsız olaraq yeni tariflər tənzimləyirlər. Abonentlərin 95 faizi bu ilki 1200 kub limiti ala bilmir, birbaşa qazın kubunu 20 qəpikdən almağa başlayıb. Bu dövlətin vətəndaşa qarşı etdiyi yeni bir haqsızlıq və hüquq pozuntusudur.


Akif Nəsirli

0.015956163406372