Ramin Bayramlının Beyləqan rayon xəstəxanasına direktor təyin etdiyi xanımdan xəbəri varmı? - şikayət
TƏBİB ölkə səhiyyəsində O. Şirəliyevdən miras qalmış rüşvət çarxının sürətini artırıb
Ölkə gedən kadr dəyişikliyinin kölgəsində cərəyan edən mənfi hadisələr, sanki riyaziyyatda olduğu kimi, toplananların yerini dəyişındə cəm (rüşvət) dəyişmir prinsipi ilə ölkənin tibb ocaqlarında "uğurla" tətbiq olunur. Bu il fevral ayında Beyləqana kənardan vəzifəyə gətirilən kadrların sayının bir nəfər artması da bu prinsiplə həyata keçib. Kənardan gətirilən kadrların rayon ictimaiyyətinə qaynayıb qarışmadığını və əyləşdikləri kürsülərdə yalnız şəxsi qazancları uğrunda "çalışdıqları"nı təcrübədə görən Beyləqan əhalisi rayonun vəzifələrinə kənardan gətirilən kadrlara daim etiraz edirlər. Lakin əhalinin etirazına baxan varmı?!..
Əlqərəz, gözlənilmədən Xocavənd Xəstəxanasının baş həkimi Ruhəngiz Bəşirova TƏBİB-in rəhbəri Ramil Bayramlının əmrilə Beyləqan Mərkəzi Xəstəxanasına direktor təyin olundu!..
Xocavənd Xəstəxanasının baş həkimi işlədiyi dövrdə törətdiyi saxtakarlıq və cinayət əməlinə görə, adı ölkə mediasında mütəmadi keçən Ruhəngiz Bəşirovanı millət çox yaxşı tanıyır. Etdiyi vəzifə cinayətinə görə, 2016-cı ilə Ağcabədi Rayon Prokurorluğunda barəsində cinayət işi açılmış həkim, nə az-nə çox, düz 2 dəfə baş həkim vəzifəsindən çıxarılıb və o, dolayı yolla yenidən Xocavənd xəstəxanasına baş həkim təyin olunub!
Buna görə, Xocavənd əhalisi yuxarı dövlət orqanlarına ardı-arası kəsilmədən şikayət məktubları göndəriblər. Vəziyyətin pisə dəyişdiyini hiss edən həkim və "himayədarı" narazı əhalini sakitləşdirmək üçün birlikdə yol arayıblar.
Xocavəndlilərin əl çəkməyəcəyini duyan "himayəçi" və Ruhəngiz Bəşirova çıxış yolu axtarmağa davam ediblər. Nəhayət əlimyandıda çıxış yolunu axtaran baş həkimə "himayədarı"nın vasitəsilə TƏBİB-in şefi Ramil Bayramlı çıxış yolu tapır. "Himayədarla" centlmen "razılaşmasından" sonra Ruhəngiz Bəşirova bir fevral günü Beyləqan Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunur.
Xəbəri eşidən yüz minlik Beyləqan rayon əhalisi, 500 nəfərlik tibb işçiləri Ramil Bayramlının bu hərəkətini Beyləqan əhalisinə qarşı təhqir hesab edib, etiraz edir və bu etiraz Ruhəngiz Bəşirovanın yenidən ölkə mətbuatının gündəminə düşməsinə səbəb olub.
Beyləqanlıların narazılığı ölkədə geniş rezonans verib, mətbuatın gündəmini zəbt etsə də, TƏBİB-in rəhbəri R. Bayramlı qərarında düzəliş etməyib. Rayon əhalisi çox haqlı olaraq tələb etdirdi ki, 110 nəfər ali təhsilli həkimi olan Beyləqan xəstəxanasında normal rəhbərlik bacarığı olan bir həkim tapılmadımı ki, cəmi 24 nəfər ali təhsilli həkimi olan Xocavənd xəstəxanasının şəxsi və vəzifə anketi müəmmalarla dolu olan Ruhəngiz Bəşirova Beyləqan Mərkəzi xəstəxanasına direktor təyin olunur?!..
Bu etirazlardan sonra rayon əhalisi güman edirdi ki, Ruhəngiz Bəşirova və onu direktor təyin edən R. Bayramlı beyləqanlıların etirazından lazımı nəticə çıxaracaq və direktor köhnə pis əməllərini Beyləqanda davam etdirməyəcək.
Amma və lakin... Rayon əhalisinin və hadisə iştirakçılarının bizə etdiyi şikayətlərə görə, hörmətli xanım Ruhəngiz Bəşirova "suda sınan səhəng" kimi, köhnə rüşvət alışqanlığını Beyləqanda tərgidə bilməyib. Xəstəxanaya müxtəlif vəzifələrə götürdüyü yüzə yaxın insanların doxsan faizindən 2500-3000 manat civarında rüşvət alması indi rayonda dillər əzbəridir...
Züleyxa